Məhkəmə qərarları › İş №3(078)-259/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-259/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-259/2023 13.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şahbuz rayonu, Aşağı Remeşin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 5 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, sürücü işləyən, Şahbuz rayonu Qızıl Qışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 13 iyun 2023-cü il tarixli, 001724 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, 12 iyun 2023-cü il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1978-ci il təvəllüdlü, Şahbuz rayon Qızıl Qışlaq kəndində qeydiyyatda olan, Naxçəıvan şəhər Əliabad qəsəbəsi döngə 23 ev ünvanında yaşayan Şəxs xx.xx.2023-cü il tarixində, saat 16:10-da Naxçıvan şəhər, Ə.Əliyev küçəsində saxlanılmışdır. O, saat 16:45 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həziyev X4 Neft və X6 Müəssisəsində sürücü işlədiyini, onun işinin Bakı-Naxçıvan arasında yanacaq daşımaqdan ibarət olduğunu, xx.xx.2023-cü il tarixdə Bakıda olarkən tramadol adlı dərmandan istifadə etdiyini, həmin dərmanı istifadə etməkdə məqsədinin cinsi istəyi artırması olduğunu, həmin dərmanın psixotrop maddə olduğunu bilmədiyini, əvvəllər heç vaxt narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini, ilk dəfədir ki, belə bir hal yaşandığını, əgər inzibati qaydada həbs edilərsə işini itirəcəyini, 5 uşağının olduğunu, həmin uşaqları saxlamaq üçün işləməyə məcbur olduğunu, əməlindən peşman olduğunu, bir daha tərkibini bilmədiyi heç bir dərmandan istifadə etməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 13 iyun 2023-cü il tarixli, 145 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, 12 iyun 2023-cü il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserdə narkotestdən keçirilmiş və TML (tramadol) müsbət aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz rayon Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, arayışdan Şəxs Şahbuz rayon Qızıl Qışlaq kəndində pasport qeydiyyatında olduğu və ailə tərkibinin oğlu X5 adlı övladından ibarət olduğu məlum olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Şahbuz rayon şöbəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 492 nömrəli arayışdan görünür ki, Həziyev X4 MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şahbuz rayon Şöbəsindən heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Şahbuz rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 34 nömrəli arayışdan görünür ki, Həziyev X4 Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 258 nömrəli arayışdan görünür ki, Şəxs Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən heç bir növ müavinət və təqaüd ödənilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 12 iyun 2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar