Məhkəmə qərarları › İş №3(078)-260/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-260/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-260/2023 13.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ 13 iyun 2023-cü il Naxçıvan şəhərində Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), subay, orta təhsilli, avtoelektrik işləyir, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: 13 iyun 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. 10 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində şübhəli bilinən Şəxs saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilmiş, Şəxs üzərində aparılan şəxsi axtarış zamanı onun üzərindən qızılı rəngdə siqaret kağızının içərisində metamfetamin kütləsi olan büküm aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, narkotik vasitənin götürülməsi barədə videogörüntü və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təxminən 6 il olar narkotik vasitələrdən istifadə edir. İlk dəfə 2107-ci ildə Bakı şəhərində olan zaman metamfetamin psixotrop maddəsindən istifadə etmiş, daha sonra Naxçıvanda da istifadə etməyə davam etmişdir. 2023-cü ilin yanvar ayında o 100 manat dostu Turqut Fətullayev isə 400 manat pul qoyaraq Turqut vasitəsilə 500 manata narkotik vasitə alıb istifadə etmişlər. Həmin vaxt Naxçıvan şəhərində yerləşən Faytonçu restoranında olmuşlar. Turqut 500 manatı aparmış və 40 dəqiqə sonra metamfetamin psixotrop maddəsini gətirmişdir. Maddəni İran vətəndaşından aldığını demişdir. Faytonçu restoranından çıxdıqları zaman polis əməkdaşları onlara yaxınlaşmış və onların üzərindən aşkar olunan həmin psixotrop maddəsinə görə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda cinayət işi yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 09 iyun 2023-cü il tarixdə o, həmkəndlisi Rüstəmə zəng edib metamfetamin psixotrop maddəsini haradan ala biləcəyini soruşmuş, Rüstəm “maraqlanıb deyərəm” demiş və bir qədər sonra yenidən Rüstəmə zəng vuranda Rüstəm “var. Gözlə birazdan həll edəcəm” demiş, qiymətini soruşduqda 60 manata həll edə biləcəyini demişdir. Təxminən 1 saat sonra yenidən Rüstəmə zəng etmiş, Rüstəm də ona “Gəl kəndə həmin adamın kartına pul ataq ki, mal göndərsin” deyəndə ona “ Özündə varsa sən at onun kartına. Mən gəlib sənə verərəm” demişdir. Sonra Rüstəmlə görüşüb 60 manatı ona vermişdir. Rüstəm ona məhəllələrində olan zibil qabını göstərərək metamfetamin psixotrop maddəsini siqaret qutusunun içində olduğunu və oradan götürə biləcəyini demiş, o da Rüstəmin dediyi yerdən metamfetamin psixotrop maddəsini götürüb evə qayıtmış və hamısını tualetə keçərək orada istifadə etmişdir. Həmin gün gecə saatlarında Rüstəmə yenidən zəng edərək “Səhər 1 qram da metamfetamin götürə bilərəmmi?” deyə soruşmuş, o da cavabında “Sabah danışıb sənə deyərəm” demişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yenidən Rüstəmə zəng etmiş, Rüstəm ona “danışdığım adam dedi ki, axşam saat doqquza hazır olar, amma qiyməti dünənkindən bir az çox yəni 80 manat olacaq” demiş, həmin gün saat 20:30-da yenidən Rüstəmə zəng etmiş, qısa vaxt sonra Rüstəm ona zəng vuraraq “Çölə çıx. Mənim adamım sənə çatmalı olanı harasa atıb. Gedib ordan götürməliyik” demişdir. Küçəyə çıxıb Rüstəmin maşınına əyləşmiş və birlikdə Şərur rayon Püsyan kəndinin girişində Püsyan kəndi yazılan tabelanın altından siqaret kağızına və kağıza bükülmüş bükümü götürüb Qıvraq qəsəbəsində yerləşən aptekin yanına qayıtmışlar. 80 manat pulu Rüstəmə verib, Rüstəmlə sağollaşıb, bükümü də götürüb avtomobildən düşmüş, dostu Pərvinlə onun avtomaşınına əyləşib Naxçıvan şəhəri istiqamətində hərəkət etmişlər. Qıvraq qəsəbəsinin çıxışında yol patrul əməkdaşları onu saxlamış və iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət etmişlər. Nazirliyin inzibati binasında üzərində axtarış aparılmış və üzərində olan bükümü polisə təhvil vermişdir. Narkotik vasitəni satmaq niyyəti olmamış, sadəcə şəxsi istifadəsi üçün saxlamışdır. Şəxs əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs 10 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, vəkilin, iki nəfər polis əməkdaşının iştirakı ilə videogörüntü ilə üzərində axtarış aparılmış, üzərindən çıxan narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir. Naxçıvan MR DİN İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 13 iyun 2023-cü il tarixdə 009610 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 587 nömrəli ekspert arayışına əsasən Şəxs üzərindən aşkar edilən bir ədəd gümüşü rəngdə falqaya bükülmüş bükümün içərisində təmin çəkisi 0.080 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə-psixotrop maddə olan metamfetamindir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 68A nömrəli rəyinə əsasən Şəxs narkomaniya xəstəliyi aşkar olunmamışdır. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Kəngərli rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/41 nömrəli arayışa əsasən Şəxs Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR ƏƏSM Kəngərli rayon ƏSMM tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 356 nömrəli arayışa əsasən Şəxs İdarədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İş üzrə şübhəli şəxsin tutma protokolundan aydın olur ki, Şəxs 10 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin müddətinin 10 iyun 2023-cü il tarixdən hesablanması nəticəsinə gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasına saxlanılan xalis çəkisi 0.080 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə metamfetamin müsadirə edilməli və məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti 10 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasında saxlanılan xalis çəkisi 0.080 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə metamfetamin müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhvetmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar