Məhkəmə qərarları › İş №3(078)-275/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-275/2023

17.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-275/2023 17.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhrəman oğlunun iştirakı ilə xx.xx.2002-ci ildə Babək rayon Aşağı Buzqov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN KOD: xxxxxxx) natamam orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, subay, Babək rayon, Aşağı Buzqov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 13 iyun 2023-cü il tarixdə saat 08:10-da 1991-ci il təvəllüdlü, ailəli iki uşaq atası, Ağdaş rayon, Binələr kənd sakini X1 Şəhər Polis İdarəsinin 102 zəng xidmətinə zəng edərək özünə məxsus Samsung 3 markalı mobil telefonunu Naxçıvan şəhər Avtovağzalının daxilində şarja qoyub çölə çıxıb içəri qayıdan zaman telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. 13 iyun 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X4 tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək təxminən 10 gün bundan əvvəl yaşadığı evdən Samsung J2 markalı dəyəri 60 manat olan mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını qeyd edərək bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs Qəhrəman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 17 iyun 2023-cü il tarixli, 002157 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhrəman oğlu 2023-cü ilin may ayında şəhər ərazisində kira qaldıqları evdən qardaşı X5 ilə birlikdə kira yaşadıqları evin sahibinin telefonunu götürdüklərini, həmin telefonu avtovağzalın yanında qalan Vəfa adlı şəxsi evindən çağıraraq 10 manata satıb həmin pulu qardaşı ilə birlikdə xərclədiklərini, 13 iyun 2023-cü il tarixdə qardaşı Sədayla birlikdə avtovağzalda olanda Avtovağzalın qapısının yanında zaryatkaya taxılmış telefonu o Avtovağzalın həyətində olarkən qardaşının götürdüyünü, götürdüyü telefonun üzərindəki nömrəni çıxardaraq telefonun üzərinə öz nömrəsini taxdığını, qardaşı ilə birlikdə telefonu götürərək Əliabada getdiklərini, Əliabadda polis əməkdaşlarının onları saxlayaraq telefon oğurlamaqda şübhəli olduqları üçün Polis İdarəsinə dəvət etdiklərini, Polis idarəsində hal şahidlərinin iştirakı ilə üzərlərinə baxış keçirildiyini, qardaşının üzərindən avtovağzaldan götürdükləri telefonun çıxdığını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında Naxçıvan şəhər Qaraxanbəyli kəndində yaşadığını, polis əməkdaşlarının onu şübhəli şəxsləri saxlayan və üzərinə baxış keçirən zaman hal şahidi kimi iştirak etməyə dəvət etdiklərini, onun da qəbul etdiyini, onunla birgə bir nəfərin də hal şahidi kimi gəldiyini, Naxçıvan Şəhər Polis İdarəsində Hüseynov Səday və Şəxs adlı iki qardaşın üzərinə baxış keçirildiyini, polis əməkdaşlarının hər iki qardaşa üzərlərində “oğurluq hər hansı əşya yəni telefon var mı?” deyə sual verdiklərini, qardaşlardan Səday Hüseynovun polis əməkdaşlarına bir ədəd Samsung A3 markalı mobil telefonu təqdim etdiyini və onu Avtovağzaldan oğurladıqlarını dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında Şəxs onun qardaşı olduğunu, 2023-cü ilin may ayında Fəxrəddin adlı şəxsin evində kira qaldıqlarını, ev sahibi Fəxrəddinə məxsus olan telefonu qardaşı Talehlə birlikdə oğurlayıb qohumu olan Vəfa adlı şəxsə 10 manata satdıqlarını, 13 iyun 2023-cü il tarixdə saat 19 radələrində qardaşı Talehlə Avtovağzalda olduqlarını, qardaşı Talehin gözlədiyini, onun Avtovağzalın içərisinə girib sağda telefon olduğunu gördüyünü, ətrafda heç kimin olmadığını görüb telefonu götürdüyünü, qardaşı Talehlə birlikdə telefonu götürərək Avtovağzaldan çıxıb Əliabada tərəf getdiklərini, Əliabadda polis əməkdaşlarının onları saxlayıb Polis İdarəsinə dəvət etdiklərini, hal şahidlərinin iştirakı ilə üzərlərinə baxış keçirildiyini, özünün üzərində olan telefonu polis əməkdaşlarına verdiyini bildirdi. İş materiallarına əlavə olunmuş 16 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs Qəhrəman oğlu 16 iyun 2023-cü il tarixdə saat 17:35-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, 13 iyun 2023-cü il tarixdə saat 08:10-da 1991-ci il təvəllüdlü ailəli 2 uşaq atası, Ağdaş rayon Binələr kənd sakini X1 şəhər Polis İdarəsinin 102 xidmətinə zən edərək bildirdi ki, özünə məxsus Samsung A3 markalı mobil telefonunu Naxçıvan şəhər Avtovağzalının daxilində şarja qoyub çölə çıxıb və içəri qayıdan zaman telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın təsdiq edilmiş surətindən məlum olur ki, X3 və Şəxs Qəhrəman oğlunun barələrində cinayət işinin başlanılması rədd edilmiş, X3 və Şəxs Qəhrəman oğlunun barələrində inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Qəhrəman oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. -33.1 və 33.1.5-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs Qəhrəman oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı, həmçinin şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, məsuliyyəti ağırlaşdıran hal qismində əməlin bir qrup şəxs tərəfindən törədilməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası İXM-nin 227-cimaddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə işin hallarını, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət saymayaraq Şəxs Qəhrəman oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 16 iyun 2023-cü il tarixdən, saat 17:35-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar