Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-276/2024 12.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər Prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X13 iştirakları ilə, xx.xx.2006-cı ildə Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X22 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X22 Şöbəsi tərəfindən tərtib edilmiş 11 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 11 iyul 2024-cü ildə X15 Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili polis baş leytenantı X17 ilə X2 polis nəfəri polis kiçik serjantı X26 birlikdə saat 01:40-da X23 Limanının ərazisində xidmətdə olarkən 2 nəfər şəxsin bir biri ilə sözlü mübahisə etməsi və bir birilərinə qarşı nalayiq ifadələr işlətməklə ucadan səs küy salaraq insanları narahat etmiş, onlar həmin şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət edərkən onların qanuni tələblərinə əməl etməmiş və onların ünvanına nalayiq ifadələr işlətməklə səs küy salaraq ictimai qaydanı qəsdən kobud surətdə pozmuşlar. Onlar həmin şəxsləri etdiyi əməllərə son vermək üçün polis şöbəsinə gətirdikləri zaman nalayiq ifadələrinə davam edərək aşkar surətdə onlara hörmətsizlik etdiyi üçün hər iki şəxs onlar tərəfindən Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxslər xx.xx.1994-cü ildə Babək rayon Qoşadizə kəndində anadan olmuş və həmin kənddə yaşayan X19, digər şəxsin 21 avqust 2006-cı ildə Babək rayonu, Cəhri qəsəbəsində anadan olmuş və həmin qəsəbədə yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ayın 11-i sevgilisi ilə İçərişəhər restoranında oturduqlarını, oradan çıxanda hava limanı yolunda aralarında problem yarandığını, problem yaranmağına səbəb sevgilisinin qızlara baxması olduğunu, buna görə də dalaşdıqlarını, səs-küy yarandığını, polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını, onların polis əməkdaşı olduğunu bilmədiyi üçün onları söydüyünü, onları döyə-döyə polis şöbəsinə apardıqlarını, ona əxlaqsız təklif etdiklərini, onun qorxub ağladığını, polis olduqlarını bilmədən onları söydüyünü, polis olduqlarını bildikdən sonra üzr istədiyini, tutulan gündən etibarən onu polis şöbəsində saxladıqlarını, sonra onu analizə apardıqlarını, onun narkotik vasitə istifadə etmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas X16 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X11 iş materiallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yetkinlik yaşına çatmamasına baxmayaraq şəxsin qanunsuz olaraq tutulduğu gündən polis şöbəsində saxlanıldığını, qanuni nümayəndəsi ilə görüşməyinə icazə verilmədiyini, o valideyni ilə telefon vasitəsilə əlaqə saxlamaq istəsə də buna icazə verilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X12 qızını polis şöbəsində döydüklərini, polis əməkdaşları tərəfindən qızına əxlaqsız təkliflər olunduğunu, özü ilk olaraq əsəbləşib “qızımla bacara bilmirəm” desə də sonra görmək istədiyini, icazə vermədiklərini, qızının tutulduğu gündən bu günə qədər polis şöbəsində saxlanıldığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X20 dünən səhər gələndə bir gecə əvvəl hadisə olması barədə ona məlumat verildiyini, raportla rəhbərliyə müraciət edildiyini, o gələnə kimi artıq şəxslərin analizə aparıldığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin morfin istifadə etdiyinin məlum olduğunu, sonra həmin şəxsi izahat almaq üçün otağına çağırdığını, onun ağladığını, onun da sadəcə “ağlama, bir az yaxına gəl səsini eşidə bilmirəm” dediyini, sonra şəxsin ad, soyad və ata adını soruşduğunu, sistemdən şəxsin yetkinlik yaşına çatmadığını gördüyünü, rəhbərliyə məruzə etdiyini, ona şəxsin anasını çağırmasının deyildiyini, şəxsin anasını çağırdığını, anasının “qızımla bacara bilmirəm, yığıb-yığışdıra bilmirəm” dediyini, qızını sabah gətirməsi üçün təhvil vermək istəyəndə onun işə getməli olduğunu dediyini, cavabında “bəs qız çıxıb getsə kim cavab verəcək” dediyini, anasının küsüb çıxıb getdiyini, şəxsin izahatını qanuni nümayəndəsinin iştirakı ilə aldıqlarını, şəxsi tutmadıqlarını, anasının qızını aparmaqdan imtina etdiyinə görə hadisə olan gündən bu günədək sadəcə polis şöbəsinin ərazisində olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində 11 iyul 2024-cü ildə saat 01:30-da X26 ilə birlikdə Naxçıvan BHL-da xidmətdə olduqları zaman 2 nəfər şəxsin sözlü mübahisə etdiklərini və bir birlərinə qarşı nalayiq ifadələr işlətməsini aşkar etdiklərini, həmin şəxslərə yaxınlaşaraq həmin şəxsləri nizam intizama dəvət etmək istəsələr də onların öz əməllərinə davam etdiklərini, hətta onlara qarşı nalayiq ifadələr işlətdiklərini, söyüş söydüklərini, şəxslər qanuni tələblərinə tabe olmadıqları üçün qollarına qandal vuraraq polis şöbəsinə apardıqlarını, həmin zamanda onlarla mübahisə etdiklərini, söyüş söyməyə davam etdiklərini, şəxslərin 11 iyul 2024-cü ildə narkoloji testdən keçirilmələri üçün Y.Budaqov adına Naxçıvan MR Narkoloji dispanserə apardıqlarını, Şəxs analizindən isə şəxsin morfin istifadə etməsinin aşkar olunduğunu bildirdi. X14 məhkəmə iclasında verdiyi ifadəsində 2 nəfər şəxsin sözlü mübahisə etdiklərini və bir birilərinə qarşı nalayiq ifadələr işlətməsini aşkar etdiklərini, müdaxilə etdiklərini, ətrafda insanlar olduğu üçün ictimai asayişi pozmamalarını bildirdiklərini, onların forma geyinmədiyini, ancaq həm özlərini təqdim ediklərini, həm də polis olduqlarını bildirən gödəkçələri olduğunu, şəxslərin isə onlara məhəl qoymadıqlarını, hətta onları da söydüklərini, şəxslərin polis şöbəsinə aparıldığını, sonra özünün icazə alıb getdiyini, başqa məlumatı olmadığını bildirdi. X7 məhkəmə iclasında verdiyi ifadəsində 3 gün bundan əvvəl Turacla İçərişəhər restoranında olduqlarını, Turacın 2 bakal içdiyini, sonra o qadın ofisiantlara baxdığı üçün Turacın qışqırdığını, ona qışqırmamasını, insanların baxdığını dediyini, sonra polis maşını saxladığını, niqalkası olduğunu, 4 nəfərin düşdüyünü, onlara səs-küy salmamalarını dediklərini, onların Turacı söydüyünü, Turacın da qayıdıb söyüşü onlara təkrar edərək “arvadındı” dediyini, bu sözdən sonra onların əsəbləşdiyini, onu və Turacı döydüklərini, sonra Turacın saçından sürüdüklərini, onları polis şöbəsinə apardıqlarını, onları orada çox döydüklərini, 3 gündür polis şöbəsində qaldıqlarını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Onun əməlində həmin inzibati xətaların tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 12 iyul 2024-cü il tarixli, 1180 saylı məktubunda qeyd olunmuşdur ki, Babək rayon Cəhri qəsəbə sakini 2006-cı il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş sidik nümunəsində MOR (morfin), müsbət aşkar olundu. AMP (-), BAR (-) MDMA (-), OPİ (- ), BUP (-), PCP (-), BZO (-), COC (-), MTD (-), MET (-), aşkar olunmadı. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli məhkəmə ambulator narkoloji ekspertizanın təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə ambulator narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X8 həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 12 iyul 2024-cü il tarixli, 249 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniyaya xas əlamətlər aşkar olunmur. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar olunmur. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X6 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MOP (morfin) müsbət aşkar olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yetkinlik yaşına çatmamasını və səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.1.2-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.2006-cı il tarixdə doğulmaqla 18 yaşına çatmamışdır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmaması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat məbləğində cərimə müəyyən edilməlidir. İş materiallarında rəsmi olaraq şəxsin tutulmasını təsdiq edən sənəd olan inzibati qaydada tutma haqqında protokol əlavə olunmasa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun qanuni nümayəndəsinin, müdafiəçisinin, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahatlarından görünür ki, şəxs 11 iyul 2024-cü il tarixdən 12 iyul 2024-cü il tarixədək inzibati qaydada tutulmuş, polis şöbəsində saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-276/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-276/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver