Məhkəmə qərarları › İş №3(078)-277/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-277/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-277/2023 19.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Babək rayonu, Badaşqan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, subay, 4 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Badaşqan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 19 iyun 2023cü il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 19 iyun 2023-cü il tarixli, 002159 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 19 iyun 2023-cü il tarixli, 002159 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs müxtəlif vaxtlarda, həmçinin 07 iyun 2023-cü il tarixdə keçmiş həyat yoldaşının yaşadığı və işlədiyi Həsən Əliyev küçəsi, bina 2-nin önündə ucadan səs-küy salıb, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında təxminən xx.xx.2023-cü il tarixində keçmiş həyat yoldaşı X1 işlədiyi mağazanın qarşısında olarkən onun mağazadan şəklini çəkdiyini gördüyünü, özünün də ona bunun qarşılığında “mənim şəklimi mən aldığım, mənə məxsus olan telefonla məni şantaj etmək üçün çəkirsən? Az özüvü qoy düşofkalığa” dediyini, ondan sonra Fərqanənin bayıra çıxıb onun üzünə ən deyilməyən pis-pis söyüşlər söydüyünü, sonra da bacısını söyüb, gəlinininə nalayiq sözlər deyib mağazaya getdiyini, özünün utandığından dinmədiyini, maşını sürüb oradan uzaqlaşdığını, özünün heç bir günahı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X3 məhkəməyə verdiyi izahatında keçmiş həyat yoldaşı Şəxs Əliabbas oğlunun evli olduqları müddət ərzində və ondan sonrakı dövrlərdə onu daim narahat etdiyini, əziyyət verdiyini, buna görə də onunla boşandığını, hal-hazırda Naxçıvan şəhərində kirayə yaşadığını, kirayə yaşadığı binada yerləşən mağazada satıcı işlədiyini, Şəmilin dəfələrlə onun iş yerinə gedib səs-küy salaraq onu narahat etdiyini, əsassız narahatçılıqlar yaratdığını, dəfələrlə polisə müraciət etsə də övladlarının atası olduğunu nəzərə alaraq şikayətini geri götürdüyünü, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00-da mağazada olduğunu, müştəriləri olan Həcərin də onun yanında olduğunu, Şəmilin mağazanın qarşısına gələrək səs-küy salaraq onun ünvanına nalayiq söyüşlər söyməyə başladığını, özünün ona narahatlıq yaratdığını bildirdiyini, onun isə buna məhəl qoymadığını, öz hərəkətlərini davam etdirdiyini, müştəri olan Həcərin onun hərəkətlərindən narahat olaraq uzaqlaşdığını, Şəmil çıxıb getsin deyə onun da mağazadan çıxaraq yaşadığı evə getdiyini, evə gedərkən Şəmilin də onun arxasınca binanın qarşısına gələrək hərəkətlərini davam etdirdiyini, yenə ona qarşı nalayiq ifadələr işlətdiyini, onunla birgə yaşayan Nurgülün çıxaraq Şəmilə oradan uzaqlaşmasını və narahatçılıq yaratmamasını bildirdiyini, Şəmilin onun sözünə də əhəmiyyət vermədiyini, özünün də Şəmilin xəbərdarlıqlardan nəticə çıxarmadığını gördüyünü, polisə müraciət etmək qərarına gəldiyini və polis idarəsinə müraciət etdiyini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X10 məhkəməyə verdiyi izahatında xx.xx.2023-cü ildə saat 21:00-da Naxçıvan şəhərində yerləşən bəzək əşyaları satılan mağazaya getdiyini, satıcı Fərqanə xanımla söhbət etdiyi zaman mağazanın qarşısında səs-küy qopduğunu, o həmin şəxsin kim olduğuna baxdığını, satıcı Fərqanənin həmin şəxsin onun keçmiş həyat yoldaşı olduğunu bildirdiyini, onun mağazanın qarşısında nalayiq ifadələr işlətdiyini, ucadan səs-küy saldığını, sonradan həmin şəxsin adının Şəmil olduğunu öyrəndiyini, onun mağazanın içərisinə girmədiyini, lakin mağazanın qarşısında insanları narahat edəcək şəkildə səs-küy salaraq Fərqanənin ünvanına söyüşlər söydüyünü, Fərqanənin həmin vaxt ona onu dəfələrlə şikayət etdiyini ancaq uşaqların xətrinə şikayəti geri götürdüyünü dediyini, bu dəfə isə ağıza alınmayacaq nalayiq ifadələr işlətdiyini, özünün həmin ərəfədə baş vermiş vəziyyətdən narahat olduğunu və həmin mağazadan uzaqlaşdığını bildirdi. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 03/987 nömrəli arayışa əsasən Şəxs həmin qurumda qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X12 Şəxs Babək rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 127 nömrəli arayışa əsasən Şəxs Babək rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmamış və ona heç bir müavinət ödənilmir. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyəti Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 697 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayon, Badaşqan kəndində qeydiyyatdır. İş materiallarına əlavə edilmiş Şahbuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)-13/2023 nömrəli qətnaməsindən X4 ilə Şəxs arasında Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra 03 fevral 2013-cü ildə doğulmuş X5 və 13 dekabr 2014-cü ildə doğulmuş X6 ataları Şəxs yanında saxlanılmasının qət olunduğu aydın olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı övladlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, yuxarıda göstərilən qətnamədən də göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağı vardır və o, on dörd yaşına çatmayan uşaqlarını təkbaşına böyüdür. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmaması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək o, maddənin sanksiyasının həddi daxilində 50 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar