Məhkəmə qərarları › İş №3(078)-277/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-277/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-277/2024 12.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1994-cü ildə Babək rayon Qoşadizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, 2 uşaq atası, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmayan, “Arkoz” Holdinqdə sahibkar, Babək rayon Qoşadizə məhəlləsində qeydiyyatda olub həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X2 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X2 Polis Şöbəsində tərtib olunmuş material 12 iyul 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X2 Polis Şöbəsinin İTB-nin rəisi polis leytenantı X5 tərəfindən tərtib olunmuş 11 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə hava limanı ərazisində ictimai yerdə nalayiq ifadə işlətmiş, polisin ünvanına nalayiq ifadə işlətmiş, polis şöbəsinə gətirilən zaman şöbəyə gəlməkdən boyun qaçırmış və polisin qanuni tələblərinə tabe olmamışdır. Eyni zamanda Şəxs istintaqa məlum olmayan mənbəədən əldə etdiyi morfin (MOP) və metamfetamin (MET) psixotrop maddələrini istifadə etmiş və onun narkotest nəticəsində həmin maddələrdən istifadə etdiyi təsdiq olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini rədd edərək verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında sevgilisi X6 ilə birlikdə “İçəri Şəhər” restoranında yemək yeyib spirtli içki içdikdən sonra X7 Limanının ərazisində gəzdikləri zaman Turacla sözlü mübahisə düşmüş və Turac sərxoş olduğu üçün onu söymüş və aralarında mübahisə başlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və Turacdan niyə qışqırdığını soruşmuş, Turaca qarşı zor işlədərək onun saçından tutub sürümüşlər. İnzibati materialda guya onun polisə qarşı müqavimət göstərdiyi qeyd olunsa da, bu hal olmayıb. Onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları ona və Turaca qarşı nalayiq sözlər sözlər işlətmiş, onları təhqir etmişlər. Bu barədə Şöbənin rəisinə şikayət edəndə rəis polis əməkdaşlarına “bunlar siqaret, su istəsələr belə heç nə verməyin” tapşırığını vermişdir. Ona verdikləri çay çox acı idi. Ona həmin çay verildikdən sonra Dispanserə tibbi yoxlanışa apardılar. Sidik analizi verib narkoloji testdən keçirmişlər və testdə və guya Turacda morfin, onun sidik nümunəsindən morfin (MOP) və metamfetamin (MET) psixotrop maddələri aşkar edilmişdir. O Azad həkimdən analizin təkrarlanmasını xahiş edib, lakin yenə də eyni göstəricilər çıxıb. Lakin o narkotik vasitədən istifadə etməyib. Narkotik vasitənin nə olduğu barədə məlumatı yoxdur. Bəzən spirtli içki qəbul etsə də lakin narkotik vasitədən istifadə etmir. Polislər onu və Turacı 3 gün şöbədə saxlayıb. Polis əməkdaşları onu tuta bilmək üçün Turaca əziyyət verdilər. Onun 30 yaşı var Turac isə yetkinlik yaşına çatmayıb. Günahı yoxdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində izahat verən X3 bildirmişdir ki, onun 18 yaşı tamam olmayıb. 3 gün əvvəl Vahidlə birlikdə şəhərdə yerləşən “İçəri şəhər” restoranında spirtli içki qəbul ediblər. Sonra Vahidlə mübahisələri olub. Mübahisə küçədə davam edəndə mülki geyimli polis əməkdaşları onlara yaxınlaşıb, onlara qarşı təhqir edib zor tətbiq ediblər. Onu təhqir edib ona “Qəhbə” deyəndə o da polislərə “qəhbə sizin həyat yoldaşınızdı” deyib və buna görə də polis onun saçından tutaraq yerdə sürüyüb. Sonra Şöbəyə aparıblar. Dispanserdə analiz verdikdə onda morfin aşkarlanıb. Halbuki o, narkotik vasitə istifadə etmir. Polis şöbəsində yemək yeməyib. Sadəcə Coca-cola içib və o acı idi. Narkotik vasitənin polislər tərəfindən içkiyə atıldığından şübhələnir. Polis şöbəsində ona təcavüz ediblər. Lakin bakirə deyil. Adını bilmir, lakin rütbəsi mayor idi. Dünən gecə otaqda həmin polis ondan əvvəlcə nömrə istəmiş, onunla yaxınlıq təklif etmiş, rədd edəndə isə onu təhqir edərək “Qəhbəsən da. Hamıya verirsən. Bizim nə əksiyimiz var ki?” demişdir. Polis qapını bağlayıb soyunmuşdu. Əynində köynəyi qalmışdı. Ona yaxınlaşıb əl atmaq istəyəndə zəng gəldi və polis qapını açıb ona “sən çıx” dedi, sonra da geyinib özü gəldi. Məhkəmə iclasında şahid qismində izahat verən X2 Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı X4 bildirmişdir ki, Hava Limanınnın yaxınlığında xidməti vəzifədə olarkən bağın yaxınlığında 2 nəfər sərxoş şəxs görmüşlər. Həmin şəxslər onları nalayiq sözlərlə təhqir etmişlər. Onlar da qanunun tələbi ilə onların qollarına qandal vurub Polis Şöbəsinə aparmışlar. Orada üstləri yoxlanılıb sonra narkotestə aparıblar və nəticə müsbət çıxıb. Orada Vahiddən başqa 5 kişi də var idi və hamısına eyni yeməyi veriblər və təkcə Vahidin nəticəsi müsbət çıxıb. Eyni vaxtda 3 kişi və 1 qadın tutublar. Onlardan 2-si hələ də şöbədə saxlanılır. Polisə müqavimət göstərdiyi üçün saxlanılır. İndiyə qədər saxlanılmalarının səbəbi tapşırığın belə olmasıdır. Dindirilən şahidlər orada olmayıb. Məhkəmə iclasında şahid qismində izahat verən X2 Polis Şöbəsinin İTB-nin polis kiçik serjantı X8 bildirmişdir ki, iki gün əvvəl gecə işə gedərkən Hava Limanının yaxınlığında bağda 2 nəfər sərxoş şəxs görmüşlər. Onlara müdaxilə edərkən həmin şəxslər onlara qarşı nalayiq ifadələr işlətmişlər. Buna görə də onları Şöbəyə aparmışlar. Şöbəyə yalnız onları aparıblar. Həmin vaxt şöbəyə 4 nəfər aparıblar. Digər iki nəfər bildiyi qədəri ilə şöbədə olmalıdır. Xanıma qarşı hər hansı qeyri etik hərəkət edən olmayıb. Məhkəmə iclasında şahid qismində izahat verən X2 Polis Şöbəsinin İTB-nin rəisi polis leytenantı X5 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər işə gəldiyi zaman gecə saatlarında iki nəfər sərxoş şəxsin polisə müqavimət göstərdiyi və onların Şöbəyə gətirilməsi barədə məlumatı olub. X3 yalan məlumat verərək yaşını düzgün deməyib, soyadını Rzayeva kimi təqdim edib. Vətəndaş yetkinlik yaşına çatmadığından anası dəvət olunmuş, ona hərtərəfli məlumat verilmiş, analizdə narkotik vasitə çıxdığı və inzibati məsuliyyəti bildirilmişdir. Anası qızına sahib çıxmırdı, kafedə işlədiyini getməli olduğunu bildirdi. Günorta saat 1-ə qədər Turacın anası ilə əlaqə saxlasalar da, o qızına “mənim sənin kimi qızım yoxdur. Nə bilirsən elə” demişdir. xx.xx.2024-cü il tarixdə və tərəfindən verilmiş raportda qeyd olunmuşdur ki, 11 iyul 2024-cü il tarixdə saat 01:40-da X7 Limanının ərazisində xidmətdə olarkən 2 nəfər şəxsin bir-biri ilə sözlü mübahisə etməsini və bir-birlərinə qarşı nalayiq ifadələr işlətməklə ucadan səs salaraq insanları narahat etmiş, həmin şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət edərkən onlar polisin qanuni əmrlərinə tabe olmamış polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə qəsdən ictimai qaydanı pozmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 250 nömrəli rəyə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş sidik nümunəsində morfin (MOP) və metamfetamin (MET) müsbət aşkar edilmişdir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs bildirdiyi hallar özünümüdafiə xarakteri daşıyır və bu halları təsdiq edən heç bir sübut işə baxılarkən müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Göstərilən hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 250 nömrəli rəyində Şəxs narkotik asıllığı olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxs görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar