Məhkəmə qərarları › İş №3(078)-278/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-278/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-278/2024 25.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Naxçıvan Şəhər Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə Naxçıvan Şəhər Prokurorluğu tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: 15 iyul 2024-cü il tarixdə Naxçıvan Şəhər Prokurorluğundan Naxçıvan Şəhər Məhkəməsinə 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materialda qeyd olunmuşdur ki, X1 14 iyun 2024-cü il tarixdə iş yerində təmir işləri aparan zaman ayaqaltının (kazyol) üzərindən yıxılması və xəsarət alması ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda 31C-24 saylı materail üzrə araşdırma aparılır. Araşdırma zamanı material üzrə təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin direktoru Nümayəndə 25 aprel 2024-cü il tarixdə “Fors Naxçıvan" MMC-ni təsis etmiş və şirkət binası üçün 12 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlayaraq Naxçıvan şəhəri, Xətai məhəlləsi 4/42 və 4/42a ünvanında yerləşən, ünvan 2nı icarəyə götürmüşdür. O, 2024-cü ilin may- iyun ayları ərzində müxtəlif vaxtlarda Şahid1, Şahid2, Şahid3, Şahid4 və X4 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sözügedən binanın təmir işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da Şəxs MMC-nin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Nümayəndə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şahid1 Şəhər Prokurorluğuna verdiyi 20 iyun 2024-cü il tarixli izahatında göstərmişdir ki, təxminən 1 ay, ay yarımdır ki, "xxxx" MMC-nin ofis binası olaraq nəzərdə tutulan binada suvaq işi görməyə cəlb edilmiş, lakin işlərin görülməsi üçün həmin şirkətlə onun arasında əmək müqaviləsi və ya digər hər hansı müqavilə bağlamamışdır, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda durmur. Həmçinin Şahid2, Şahid3, Şahid4 və X6 da oxşar məzmunlu izahatlar verərək, "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edildiklərini, lakin həmin şirkətlə onların arasında hər hansı müqavilə bağlanmadığını, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda durmadıqlarını bildirmişlər. Nümayəndə şəhər prokurorluğuna verdiyi 23 iyun 2024-cü il tarixli izahatında göstərmişdir ki, direktoru olduğu "xxxx" MMC-nin ofis binası olaraq nəzərdə tutulan binada təmir işləri aparmaq üçün işçilər cəlb etmiş, lakin işlərin görülməsi üçün əmək müqaviləsi və ya digər hər hansı müqavilə bağlamamışdır. Sonradan həmin işçilərdən 1-2-nin işi yaxşı olduğundan və şirkət üçün lazım olduğundan işə götürmüşdür. Naxçıvan Şəhər Vergilər İdarəsindən daxil olmuş 25 iyun 2024-cü il tarixli **********697860 nömrəli məktubda göstərilmişdir ki, fiziki şəxs Nümayəndə (VÖEN: **********) 15 iyun 2004cü il tarixdən iqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur. Həmçinin Əliyev X2 Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) və Naxçıvan Şəhər Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin {VÖEN: **********) direktorudur. Aparılan araşdırma zamanı, Dövlət Vergi Xidmətinin informasiya bazasında olan məlumatlar əsasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi sahibkar Nümayəndə (VÖEN:**********) ilə, həmçinin direktoru olduğu Şəxs MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə Şahid1 (FİN:xxxxxxx), Şahid2 (FİN:xxxxxxx), Şahid3 (FİN:xxxxxxx), Şahid4 (FİN:xxxxxxx) və X6 (FİN:4HMGBDT) arasında heç bir əmək müqaviləsi bağlanmadığı aşkar olunmuşdur. Adları qeyd olunan vətəndaşların heç bir vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı yoxdur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş 28 iyun 2024-cü il tarixli, 3-17-9- 5/2-966/2024 nömrəli məktubda vətəndaşlar Şahid1, Şahid2, Şahid3 və Şahid4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə 27 iyun 2024-cü il tarixə olan təqdim olunan məlumatlara əsasən onların hər hansı aktiv əmək müqavilələrinin olmadığı müəyyən olunmuşdur. 24 iyun 2024-cü il tarixdə Nümayəndə tərəfindən prokurorluğa təqdim olunmuş "xxxx" MMC-nin təsis edilməsi haqqında 25 aprel 2024-cü il traixli qərarından görünür ki, Nümayəndə Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktorudur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Naxçıvan Şəhər Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X7 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozduğunu bildirmiş və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində məsuliyyətini yüngülləşdirən heç bir halın olmadığı nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X6 izahatında bildirmişdir ki, o, Aydın usta ilə 1-2 ilə ərzində iş olduqda işləmiş, daha doğrusu Aydın ustanın yanında fəhlə kimi işləmişdir. Sonra işləmək üçün Türkiyə Respublikasına getmişdir. Türkiyədən qayıtdıqdan sonra Aydın ustaya zəng edib Naxçıvanda olduğunu, əgər iş olarsa ona deməsini xahiş etmişdir. Bir neçə gün sonra briqadir Hümbət Aydın ustaya fəhlə lazım olduğunu bildirdikdə, Aydın usta da onu məsləhət bilmişdir. O, Hümbətin yanına getmiş, lakin Hümbət ondan əmək müqaviləsi istəmədiyindən o da bu barədə heç nə deməmişdir. Çünki nəsə tələb etsə işdən qovulacağından qorxmuşdur. "xxxx" MMC-nin binasında şkaturka işləri var idi. 14 gün işləyib. Günü 25 manat idi. Hümbət pulu Aydın ustanın kartına atırdı. Usta da kartdan pulu çəkərək onun haqqını verirdi. Əvvəl Hümbət ondan kartının olubolmadığını soruşanda o olmadığını demiş və Hümbət də ona çatacaq pulu Aydın ustanın kartına atmışdır. Hər gün pul almayıb. 2-3 gündən bir pul verilib. Sonuncu dəfə xəstəxanada olanda ona 150 manat pul verilib. Ayağı sınıb. 1500 manat dəyərində ayağına platin qoyulub. Bundan başqa ona sümüklərin bərkiməsi üçün dərmanlar da yazılıb. Ona dəymiş zərərlə bağlı 1 manat belə ödənilməyib. "xxxx" MMC-nə qarşı məhkəmədə mülki iddia qaldıracaq. Xəstəxanada olanda Hümbətə zəng vurmuş o da “ağlın var idisə işləməyərdin, get başını hara vurursan vur” demişdir. Məhkəmədə şahid qismində izahat verən Şahid2 izahatında bildirmişdir ki, tanışları ona iş olduğunu demiş və o, Hümbətin yanına getmişdir. 3 aydan artıqdır orada usta kimi işləyir. Aydın usta ilə suvaq işi görüb. Dedilər ki, iş tez qutarmalıdır. Ona görə də Aydın Gülməmmədi məsləhət gördü ki, gəlib fəhlə kimi işləsin. Gülməmməd 11-12 gün işlədikdən sonra kazyoldan yıxıldı. Gülməmməd yıxılandan sonra onun da adını yazıb götürüblər, şəxsiyyət vəsiqəsinin şəklini göndərib. Ancaq əmək müqaviləsinin bağlanması barədə heç bir məlumatı yoxdur. Gördüyü işin kvadratına görə pul alıb, onlarla kvadratla danışmışdılar. Pulu Hümbət verirdi. Kartlarına göndərirdi. Məhkəmədə şahid qismində izahat verən Şahid1 izahatında bildirmişdir ki, "xxxx" MMC-də suvaq mala işi görüb. İşi Amid tapıb. 1 mərtəbəli idarə idi. Suvağın kvadratını 4 manata vurublar. Onunla əmək müqaviləsi haqqında heç nə danışılmayıb. 2 həftədən çox işləyib. Gülməmmədi əvvəldən tanıyır. Onunla birlikdə işləyiblər. Gülməmməd ona zəng vurub ki, işsizəm, iş olsa çağır. İşi tələsdirirdilər ki, təhvil verilsin. Ona görə də Gülməmmədi fəhlə kimi çağırıb. Gülməmmədə veriləcək haqq Amidin kartına vurulurdu. Suvaq alçı işi qutarandan sonra onun işi qutarıb. Sonra ona işləmək təklif edilsə də o razılaşmayıb. Məhkəmədə şahid qismində izahat verən Şahid3 izahatında bildirmişdir ki, o, əvvəl suvarka işini görüb, sonra şifer vurub. Bir aydan artıqdır ki, rəsmi olaraq "xxxx" MMC-də işləyir. 460 manat əmək haqqısıdır. Çay vaxtı çay içməyə düşəndə fəhlənin yıxıldığını eşidib. Gülməmməd öz səhlənkarlığından yıxılıb. Məhkəmə Naxçıvan Şəhər Prokurorunun köməkçisinin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materialı araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Şəxs MMC-nin direktoru Nümayəndə 25 aprel 2024-cü il tarixdə “Fors Naxçıvan" MMC-ni təsis etmiş və şirkət binası üçün 12 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlayaraq Naxçıvan şəhəri, Xətai məhəlləsi 4/42 və 4/42a ünvanında yerləşən 2461.7 kv.m torpaq səhəsində 3 il müddətinə “Fors Naxçıvan" MMC-nin direktoru Nümayəndə icarəyə verilmişdir. Naxçıvan Şəhər Vergilər İdarəsinin 25 iyun 2024-cü il tarixli **********697860 nömrəli məktubda qeyd olunmuşdur ki, fiziki şəxs Nümayəndə (VÖEN: **********) 15 iyun 2004-cü il tarixdən İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur. Həmçinin Əliyev X2 Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) və Naxçıvan Şəhər Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin {VÖEN: **********) direktorudur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 28 iyun 2024-cü il tarixli, 3-17-9-5/2-966/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaşlar Şahid1, Şahid2, Şahid3 və Şahid4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə 27 iyun 2024-cü il tarixə olan təqdim olunan məlumatlara əsasən onların hər hansı aktiv əmək müqavilələrinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə görə işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək Məcəlləsinin 4-1-ci bəndinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2ci hissəsində, X5 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Pelnum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, - Konstitusiyanın əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir; - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X8 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Yuxarıda qeyd edilən halları hazırki inzibati xəta haqqında icraat materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə belə hesab edir ki, "xxxx" MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə icraat başlana bilməzdi. İlk öncə ona görə ki, iş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsindən aydın olur ki, onun fəaliyyəti Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. İnzibati xəta haqqında materiallardan olan Şəxs MMC və "xxxx" MMC-nin direktoru Nümayəndə izahatından görünür ki, Bakı şəhərində yerləşən şirkətin fəaliyyət istiqaməti utilizasiya yəni tullantıların idarə olunmasıdır. Həmin fəaliyyətlə məşğul olmaq üçün 2024-cü ilin 25 aprel tarixində "xxxx" MMC şirkətini təsis etmişdir. İşin hallarından görünür ki, şəxsin xəsarət alması ilə nəticələnən hadisənin baş verdiyi məkan yeni təsis edilmiş şirkətin ofis binası kimi fəaliyyət göstərməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsidir. Şahidlərin izahatlarından aydın olur ki, onlar həmin binanın təmiri ilə bağlı işləri əmək münasibətləri çərçivəsində deyil, podrat münasibətləri-sifarişçi-podratçı statusundan çıxış edərək həyata keçirmişlər. Belə ki, nə şirkət rəhbərliyindən, nə də şahidlərdən əmək müqaviləsi bağlamaq, əmək normaları və şərtləri əsasında işləmək barədə təklif olmamışdır. Şahidlər fərdi qaydada işlədikləri işin sahəsi-kvadratı hesablanmaqla və haqqının gündəlik və ya bir neçə günlük ödənilməklə fəaliyyət göstərmişlər. Şahidlər göstərdikləri fəaliyyətə görə gördükləri işin-xidmətin haqqını almışdır və bunu izahatlarında bildirmişlər. Onların gələcəkdə əmək müqaviləsi bağlamaq gözləntiləri də olmamışdır. Onlardan iki nəfərinin hazırda əmək müqaviləsi olması şirkət rəhbərliyinin həmin şəxslərlə əvvəldən əmək müqaviləsi bağlamalı olması kimi qiymətləndirilə bilməz. Əmək müqaviləsinin bağlanması sərbəstdir və tərəflərin sərbəst iradəsi əsasında həyata keçirilir. Həmçinin şirkətin fəaliyyəti ilə orada işləyən şəxslərin fəaliyyəti bir-birini tənzimləyən fəaliyyət deyildir. Şahidlər izahatlarında göstərdiklərinə əsasən ofisin fəaliyyət göstərəcəyi qeyri-yaşayış sahəsini təmir işlərini görmüş, bir neçəsinin bildirdiklərinə əsasən artıq həmin işlər başa çatmışdır. Yəni fəaliyyətin fərqli olması, davamlı, sistemli xarakter daşımaması, qeyri-mütəmadiliyi də tərəflər arasında hər hansı əmək münasibətini istisna edən haldır. Bu baxımdan şahidlərin gördükləri işin nəticəsində baş vermiş hər hansı hadisə mülki hüquq çərçivəsi ilə həll edilməli hadisədir və əmək qanunvericiliyinin normaları bu sahədə tətbiq edilmir, çünki tərəflər arasında əmək münasibətləri mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamışdır. Azərbaycan Respublikası İXM-in 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Odur ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar