Məhkəmə qərarları › İş №3(078)-29/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-29/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-29/2024 02.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə planlı YTM zamanı YTQ-01.2001-in 1.9.4; 6.3; 8.4; 9.4; 10.4 bəndlərinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Nəticədə Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi və həmçinin ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 158 nömrəli “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” qərardan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmiş, eyni zamanda İXM-nin 101-ci maddəsinin tələblərinə uyğun həmin məcəllənin 518.1ci maddəsi üzrə inzibati icraata başlanılmışdır. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 158 nömrəli Yanğın-texniki müayinə aktından görünür ki, ilkin yanğın söndürmə vasitələrinin saz vəziyyətdə saxlanılmaması, işin sonunda təyinatından asılı olmayaraq nəzarət olunmayan bütün otaqlardaelektrik qurğularının və cihazların növbətçi işçilər tərəfindən dövriyyədən açılmalı olması, daxili yanğın kranlarının lülə və atıcı şlanqlarla təmin edilməli olduğu, yanğınsöndürmə balonlarının təzyiqi düşənlərin yenidən doldurulmalı olması, otaq, bina və tikililərin normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli olması kimi qanun pozuntuları aşkar olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 158 nömrəli “Yanğın-texniki müayinənin aparılması haqqında” qərardan görünür ki, X9 İdarəsinin rəisi, daxili xidmət polkovniki X2 tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023cü il tarixli çıxarışdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plan üzrə (növbəti) yoxlamalar aparılmış və həmin yoxlamalar X5 (X9 İdarəsinin Dövlət Yanğın X7 şöbəsinin rəisi), X4 (X9 İdarəsinin Dövlət Yanğın X7 şöbəsinin inspektoru), X3 (X9 İdarəsinin Dövlət Yanğın X7 şöbəsinin böyük inspektoru) və X8 (X9 İdarəsinin Reyestr və Statistika təhlil bölməsinin inspektoru) tərəfindən həyata keçirilmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmalıdırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X9nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin məzmunundan görünür ki, Azərbaycan Respublikasının İXMnin 518.1-ci maddəsi ilə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Yuxarıda qeyd olunanları iş materialları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə qeyd edir ki, hüquqi şəxsin filialı hüquqi şəxs olmadığından Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı barəsində Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilə və məsuliyyətə cəlb oluna bilməz. Belə ki Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol hüquqi şəxs və ya yanğına məsul olan vəzifəli şəxsi barəsində tərtib oluna bilərdi. Bununla da Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 518.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar