Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-30/2023 18.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxx 1993-cü il tarixdə Babək rayonu, Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, müvəqqəti işsiz, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 17 yanvar 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin inzibati binasını əhatə edən ərazidə ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək, inzibati binanın işıqlandırma dirəyini təpiklə vurmuş, həkim müayinəsindən, alkotesterdən keçirilərək 0.42 promil sərxoşluğu müəyyən olunmuş, bununla ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, dostu X1 Şəhər Polis İdarəsində saxlandığı üçün ona baş çəkmək üçün Naxçıvan Şəhər Polis İdarəsinə gəldiyini, bura gələndə gec saatlar olduğunu, havanın qaraldığını, Naxçıvan Şəhər Polis İdarəsinə gələn zaman içkili olduğunu, burada saxlanılan şəxsin atasını, dostu Naili gördüyünü, məsələni öyrənmək üçün Naxçıvan Şəhər Polis İdarəsinin binasından eşiyə çağırdığını, ondan David Abdullayevin nə səbəbə gətirilməsini soruşduğunu, onun da ona “içkilisən, burdan get” dediyini, içkili olduğundan özünü bilməyərək Naxçıvan Şəhər Polis İdarəsinin yanında David Abdullayevin ünvanına uca səslə nalayiq ifadələr işlətdiyini, binanın ətrafında olan işıqlandırma lampasına təpiklə vurduğunu, sonra polis əməkdaşlarının onun səsini eşidərək onun yanına gəldiklərini, onu sakitləşdirərək sərxoşluğunu müəyyənləşdirmək üçün xəstəxanaya apardıqlarını, müayinədən keçdiyini, sərxoş olduğunun müəyyən edildiyini, sonra onu evə yola saldıqlarını, məsələni aydınlaşdırmaq üçün səhəri gün Naxçıvan Şəhər Polis İdarəsinə gəlməyini bildirdiklərini, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X6 məhkəmədə şahid qismində verdiyi izahatında, tanışı X3 Şəhər Polis İdarəsində saxlanılma səbəbini öyrənmək üçün Naxçıvan Şəhər Polis İdarəsinə gəldiyini, saat təxminən 21:30 radələri olduğunu, kəndlisi Rövşənin də gəldiyini, onun yanına yaxınlaşaraq onu çölə çağırdığını, onun içkili olduğunu hiss edib evə getməsini bildirdiyini, onun da evə getməyərək əsəbləşdiyini, uca səslə saxlanan Davidin, onu tutduran şəxslərin barəsində nalayiq ifadələr işlətdiyini, Naxçıvan Şəhər Polis İdarəsinin ətrafında olan işıqlandırma lampasına təpiklə vurduğunu, ona “bu hərəkətləri etmə, Polis İdarəsinin yanıdı” dediyini, onun da onun sözlərini eşitməyərək etdiyi söyüşləri etməyə davam etdiyini, bir az sonra orada olan polis əməkdaşlarının səs-küyü eşitdiyini, onlara yaxınlaşdığını, onu sakitləşdirdiklərini, içkili olduğu üçün testdən keçirmək məqsədilə xəstəxanaya apardıqlarını, daha sonra geri qaytararaq səhər Naxçıvan Şəhər Polis İdarəsinə gəlməsi üçün evə buraxdıqlarını bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 18 yanvar 2023-cü il tarixdə verilmiş 53 nömrəli məktuba əsasən, Şəxs praktiki sağlamdır. 18 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. 17 yanvar 2023-cü il tarixli, 106 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs sərxoşluq müəyyən edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində iki uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 18 yanvar 2023-cü il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 18 yanvar 2023-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov
Məhkəmə qərarları › İş №3(078)-30/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-30/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver