Məhkəmə qərarları › İş №3(078)-307/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-307/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-307/2025 03.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 13 iyun 2025-ci il tarixli nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 13 iyun 2025-ci il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 07 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati material 30 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də işin icraatını rədd edən halların mövcud olub-olmamasıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsindən isə məlum olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -törədilmiş əməl yol hərəkəti qaydaları əleyhinə, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta olmalı; -həmin xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, məhkəməyə təqdim edilmiş 13 iyun 2024-cü il tarixli, EQ 21745954 nömrəli elektron qərarın surətindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən olunur. Digər şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydaları tənzimlənir. Həmin Məcəllənin 138.1 və 138.1.1-ci maddəsinin tələbinə görə əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarıda da qeyd edildiyi kimi sənədin rəsmi qaydada verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir. Həmin maddədən məlum olur ki, inzibati xəta haqqında iş üzrə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən ünvan sahibinə şəxsən verildiyi vaxtdan; sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verildiyi hallarda; ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan, Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan, nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda), “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) və Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) rəsmi qaydada verilmiş hesab olunur. Bu normaları hazırki iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, Şəxs inzibati xəta əməlinin törədilmə vaxtı 05 fevral 2024-cü il tarixdə baş vermişdir. Şəxs barəsində həmin əmələ görə 13 iyun 2025-ci il tarixdə protokol tərtib edilmiş, elektron qərar qəbul edilmiş və bildirişdən aydın olur ki, 13 iyun 2024-cü il tarixdə nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə göndərilmişdir. Şəxs barəsində olan 13 iyun 2024-cü il tarixli, EQ 21745954 nömrəli elektron nömrəli inzibati tənbeh haqqında qərardan şikayət vermə müddəti ən tez halda (yəni qərarın qəbul edildiyi gündən sonra 20 gün şikayət vermə müddəti) 03 iyul 2024-cü il tarixdə bitməsini nəzərə alsaq, qeyd edilən qərar həmin tarixdə qanuni qüvvəyə minə bilər. Yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş 3 aylıq müddət ən tez halda bu tarixdən başlaya bilər. Bu isə o deməkdir ki, Şəxs yuxarıda qeyd edilən inzibati tənbeh haqqında qərarı ən tez halda 03 oktyabr 2024-cü il tarixədək icra etmədikdə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yaranmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi təqsirləndirilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol isə 07 may 2025-ci il tarixdə tərtib olunmuşdur. Yəni iş materialları sübuta yetirilir ki, protokolun tərtib edildiyi vaxt Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan müddət bitmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddənin məzmunundan da göründüyü kimi ilkin inzibati xətanın törədilmə vaxtı 05 fevral 2024-cü il tarixidir. Həmin xəta-İXM-in 346.1-ci maddəsi üzrə 13 iyun 2024-cü il tarixdə protokol tərtib edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əlehinə inzibati xətalar kateqoriyasına aid olması nəzərə alınaraq 1 il müddətinin məsuliyyətə cəlb edilmə müddəti kimi nəzərə alınmasına münasibətdə protokol tərtib edən orqan tərəfindən müddət pozuntusuna yol verilməmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edən orqan İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edən zaman inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra protokol tərtib etmişdir. Belə ki, inzibati xəta İXM-in 529.3-cü maddəsi ilə törədilməsi 03 oktyabr 2024-cü il tarixdə törədilmişdir və həmin vaxtdan 4 ay inzibati məsuliyyətə cəlb etmə müddətini inzibati xətalar qanunvericiliyi nəzərdə tutmuşdur. Yəni şəxsin sözügedən maddə ilə məsuliyyətə cəlb edilməsi üçün müddət 03 fevral 2025-ci il tarixədək mümkün idi. Lakin inzibati xəta protokol müddət keçdikdən üç ay sonra tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi təqsirləndirilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol isə 07 may 2025-ci il tarixdə tərtib olunmuşdur. Yəni iş materialları sübuta yetirilir ki, protokolun tərtib edildiyi vaxt Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi ilə məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi 07 may 2025-ci il tarixli İXP ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi 07 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar