Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-308/2025 30.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlu, xx.xx.1966-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, bina 15(B bloku), 7-ci mərtəbə, mənzil 3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP7105707 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş EQ21745956 nömrəli qərar üzrə barəsində olan inzibati cəriməni həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və bununla da o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar EQ21745956 nömrəli protokol əsasında qəbul edilmiş, qərara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinni 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. (Qeyd: xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə qədər İXM-in 38.1-ci maddəsində həmin müddət üç ay, dəyişiklikdən sonra dörd ay müəyyən olunmuşdur.) Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatı tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli olduğuna görə İXM-in 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində həmin Məcəllənin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla üç aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün müvafiq inzibati xətanın baş vermə günü hesab edilir. Məhkəmə, inzibati tənbeh vermə haqqında sözügedən qərarın konkret olaraq hansı tarixdə qüvvəyə minməsi barədə inzibati xəta haqqında iş üzrə icraat materialında təsdiqedici heç bir sübutun olmamasını nəzərə alaraq nəticəyə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, həmin vaxtdan 20 gün müddətində, yəni xx.xx.2024-cü il tarixədək şikayət vermə müddəti olmuş, xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş, həmin vaxtdan 3 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək inzibati cərimə ödənilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin qanunla dörd ay müəyyən olunmasını nəzərə aldıqda həmin müddətin xx.xx.2025-cü il tarixdə başa çatdığı müəyyən edilir. Bu tarixdən etibarən Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu üçün o, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da İXM-in 529.3-cü maddəsi ilə inzibati xətanın baş vermə günündən, yəni xx.xx.2024-cü il tarixdən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsindən hazırkı vaxtadək artıq İXM-in 529.3-cü maddəsinə münasibətdə dörd aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Məhkəmə bir daha qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta bu Məcəllənin 38.1-ci maddəsində sadalan, törədildiyi gündən ən geci 1 il keçənədək inzibati tənbehin verilməsi mümkün olan inzibati xətalara aid deyildir. İnzibati cərimə növündə tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi vaxtdan 3 aylıq müddətin bitdiyi günün səhəri günü Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 4 ay müddətində tərtib edilə bilər. Sonuncu müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarının yuxarıda qeyd olunan şərhindən son nəticə etibarı ilə müəyyən olunur ki, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi vaxtdan ümumən 7 ay 10 gün keçdikdən sonra şəxs İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilir. Məhz bu səbəbdən müddət keçməsinə baxmayaraq şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Kifayət qədər əsaslandırlan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Habelə məhkəmə səlahiyyətli orqanın diqqətinin hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilənlərə cəlb edilməsini zəruri hesab edərək nəzərlərinə çatdırır ki, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olan şəxsin inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraat materialının məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulmasına yol verilməməli, belə hallarda iş məhkəməyə göndərilmədən şəxsin bu hüququnun təmin edilməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmamalı, başlanmış icraata orqanın özü tərəfindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanıla bilməməsinə, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməli olmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aslan Heydarov
Məhkəmə qərarları › İş №3(078)-308/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-308/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver