Məhkəmə qərarları › İş №3(078)-318/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-318/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-318/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, barəsində inzibati iş üzrə icraat aparılan təşkilatın nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair aidiyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdi: Protokola görə "xxxx" MMC tərəfindən 88171.92 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 08 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür."Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 88171.92 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 09 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan təşkilat Şəxs MMC məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş və təşkilatın nümayəndəsi X2 iştirak etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatında qeyd edilən pul məbləğinə münasibətdə malı gətirdiklərini, gömrük bəyannamələrinin banka təqdim edildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid X3 izahatında hüquqi şəxsin mühasibi olduğunu, bütün malların ölkəyə idxal olunduğunu, sadəcə vaxtında gömrük bəyannamələrində yalnışlığa yol verildiyindən və banka təqdim edilmədiyindən protokol tərtib edildiyini, hazırda bütün bəyannamələrin banka təqdim edildiyini və borcun qarşısının bağlanması barədə bank tərəfindən sənəd təqdim edildiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. "xxxx" ASC tərəfindən təqdim olunmuş 13 may 2025-ci il tarixli məktubun surətinə əsasən, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə dair təsdiqedici sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilmişdir. Həmin sənədlər sıyahısında Şəxs MMC 88171.92 USD olaraq qeyd edilmişdir "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli OX4 nömrəli ödəniş tapşırığına əsasən, Şəxs MMC Naxçıvan Filialı vasitəsilə 88171.92 USD məbləği LİON Paketleme A.S/Mersin Tarsus 3 Organize Sanayi Bölgesinin xeyrinə köçürmüşdür. LİON Paketleme A.S/Mersin Tarsus 3 Organize Sanayi Bölgesi ilə Şəxs MMC arasında bağlanan müqaviləyə əsasən, müqavilə 02 may 2023-cü il tarixində başlamış və xx.xx.2023cü il tarixində başa çatır. Şəxs MMC tərəfindən Naxçıvan Baş Gömrük İdarəsinə ünvanlanmış 05 iyun 2025-ci il tarixli, 22 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli **********9612, **********0186, **********1462, **********1551, **********1598 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1858 nömrəli gömrük bəyannamələrində müqavilə və praforma nömrəsi olaraq SO-000099 nömrəli müqavilə və praforma qeyd edilmişdir ki, bu da həmin praforma üzrə əvvəlcədən rəsmiləşdirilmiş mallarla birlikdə invoice dəyərindən 88.171.92 USD artıq olmuşdur. Həmin mallar SO-000087-R3 nömrəli müqavilə əsasında alınıb, ödənişləri eyni nömrəli praforma əsasında ödənilsə də, gömrük bəyyannamələrində eyni mallar səhvliklə SO-000099 nömrəli müqavilə üzərindən rəsmiləşdirildiyindən SO-000087-R3 nömrəli praforma əsasında ödənilmiş məbləğ bank sistemində əsassız ödəniş kimi görünür. Yaranmış çətinliyin aradan qaldırılması məqsədilə qeyd olunan gömrük bəyyannamələrində dəyişiklik edilərək müqavilə nömrəsinin SO-000087-R3 və praforma nömrəsinin SO-000087- R3 olaraq yazılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məktuba, əlavə olaraq, gömrük bəyannamələri, ödəniş tapşırığı əlavə edilmişdir. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə verilən məktubdan aydın olur ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixində “Lion Paketleme A.S” şirkəttinin xeyrinə aparılmış 88171.92 USD (səksən səkkiz min yüz yetmiş bir ABŞ dolları doxsan iki sent) avans ödənişi cədvəldə qeyd olunan gömrük bəyannamələri ilə bağlanılmışdır. Avans qalıq 0.02 USD təşkil edir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Konvensiyaya görə, ”qanun” ifadəsi müstəqil məna daşıyaraq yalnız formal mənada “qanun” demək deyil. Bura Konstitusiya, aidiyyəti dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə qanunqüvvəli normativ aktlar da aid edilə bilər. Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 12 mart tarixli Qərarı). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.2-ci maddələrinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə, xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənləri nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilən sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törədilməsində inzibati xətanın tərkibi olmamışdır. Belə ki, təqdim edilən sənədlərdən aydın olur ki, müqavilə üzrə ödəniş tapşırığına uyğun olaraq mallar ölkəyə idxal edilmiş, gömrük bəyannamələri tərtib edilmiş və hesabın qarşısı bağlanmışdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməl üzrə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair əməldə inzibati xəta tərkibi olmadığından icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə, şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar