Məhkəmə qərarları › İş №3(078)-319/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-319/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-319/2025 28.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə, vəkili Vəkil və inzibati protokol tərtib edən orqanın nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilən protokola görə Şəxs MMC 2024-cü ilin noyabr ayından 14 fevral 2025-ci il tarixədək X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçini işə cəlb etmişdir. Bununla da hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan təşkilat Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında protokolla razılaşmadığını, hələ Xidmət tərəfindən araşdırma aparılan zaman sənədlərin əslini təqdim etdiyini, həmin sənədlərdə X8 adlı şəxsin mühasib olaraq adının qeyd edilmədiyini, şirkətin müvafiq əmrlə mühasibi olduğunu, bütün sənədlərin onun tərəfindən imzalandığığını, təqdim edilən sənədlərin surət olduğunu və saxta olduğunu, bu barədə hüquq mühafizə orqanlarına məlumat veriləcəyini, Xidmət tərəfindən onların təqdim etdiyi sənədlərin əsli olduğu halda, surətlər əsasında əsassız protokol tərtib edildiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan təşkilat Şəxs MMC-nin vəkili Vəkil izahatında Xidmət tərəfindən araşdırma aparılan zaman bütün sənədlərin təqdim edildiyini, təəssüf ki, həmin sənədlərin əsli təqdim edildiyi halda heç bir mötəbərliyi olmayan surətlər əsasında hüquqi şəxsin barəsində protokol tərtib edildiyini, protokolla razılaşmadığını, surətlərdə möhürün imzanın üstündə olduğunu, halbuki sənədlərin əslində möhürlə imzanın üst-üstə vurulmadığını, sənədlərin əslində Xidmətə müraciət edən şəxsin adının olmadığını, çünki həmin şəxsin 14 fevral 2025-ci il tarixdə əmək müqaviləsi əsasında işə götürüldüyünü, bir neçə ay işlədikdən sonra işdən çıxarıldığını, şirkətin elektron vergi qaimələri olduğunu, həmin sənədlərin də elektron qaydada yoxlanılmasının mümkün olduğunu, üzləşmə aktlarının əslini araşdırmalı olduqlarını, heç birində müraciət edən şəxsin adının olmadığını, həmin vaxt şirkətin mühasibi olduğunu, protokola əlavə edilən sənədlərin heç birinin əslinin həmin formada olmadığını, sənədlərin əslini təqdim etdiklərini və qeyd edilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, müraciət əsasında araşdırma aparılmışdır. Hüquqi şəxsə müvafiq bildiriş göndərilmişdir və nümayəndə izahat vermişdir. Düzdür nümayəndə sənədlərin əslini təqdim etmişdir və müraciət edən şəxsin təqdim etdiyi sənədlərin düzgün olmadığını bildirmişdir. Lakin bəzi sənədlər olmuşdur ki, həmin sənədlərin əsli təqdim edilməmişdir və buna görə də işçinin əmək müqaviləsi qüvvəyə minmədən işlədilməsi faktı aşkar edildiyindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X8 izahatında bildirmişdir ki, 2024-cü ilin avqust ayından Şəxs MMC-də mühasib köməkçisi işləmişdir. Ona hər ay 1100 manat əmək haqqı verilmişdir. Bütün sənədləşmələr, üzləşmə aktları, qaimələr onun tərəfindən tərtib edilmişdir. 2025-ci ilin fevral ayında rəsmi əmək müqaviləsi bağlanmışdır. Şirkətdən dəfələrlə işdən çıxmaq istəsə də, ərizəsi cırılmışdır. Sonuncu dəfə ƏMAS üzərindən ərizə göndərmişdir. Lakin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişdilər. Ona verilən son hesab işlədiyi sonuncu aylar üzrə olmuşdur. O da rəsmi işdən əvvəl də həmin hüquqi şəxsdə işlədiyini bildirib Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Onda sənədin əsli yoxdur. Sənədlərin əsli şirkətdədir. O heç bir sənəd saxtalaşdırmamışdır. Fakt odur ki, o işləmişdir. Əmək haqqı aldığından həmin vaxt Xidmətlə bağlı şikayət etməmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin sözügedən protokol üzrə təqsiri işə baxılan zaman sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən 30 iyun 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, vətəndaş X4 xx.xx.2025-ci il tarixli müraciəti araşdırılarkən onun xx.xx.2025-ci il tarixdə Xidmətə verdiyi yazılı izahatında və təqdim etdiyi sənədlərə baxış zamanı Cəmiyyətdə 2024-cü ilin noyabr ayından xx.xx.2025-ci il tarixə qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edilməsi faktı aşkar edilmişdir. Bu fakt vətəndaş X4 12 iyun 2025-ci il tarixli izahatı və təqdim etdiyi sənədlər əsasında müəyyən edilmişdir. Nəticədə Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolda, həmçinin, qeyd edilmişdir ki, hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X4 Xidmətə təqdim etdiyi sənədlər saxtadır və şəxsin özü tərəfindən tərtib edilmişdir. Protokola hüquqi şəxsin nümayəndəsinin izahatı,etibarnamə, X1 hesabından çıxarış, X4 izahatı, onun tərəfindən təqdim edilən hesab-fakturalar, tələbnamələr, qarşılıqlı üzləşmə aktı, əmək haqqı cədvəlləri. Şəxs MMC tərəfindən Xidmətə göndərilən ödəniş cədvəli, elektron qaimə fakturalar və hesab-fakturalara əlavə edilmişdir. İşə məhkəmədə baxılan zaman barəsində protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsi tərəfindən qeyd edilən dövrü əhatə edən mühasibatlıq sənədlərinin əsli təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Burada onu da nəzərə almaq lazımdır ki, subyektləri, həmçinin, hüquqi şəxslər olan İnzibati Xətalar Məcəlləsinin Xüsusi Hissəsi ilə nəzərdə tutulmuş əməllərin bəziləri (məsələn, Məcəllənin 388.0.4, 492-ci maddələri ilə nəzərdə tutulmuş əməllər) yalnız qəsdən törədildikdə inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən, publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə görə işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək Məcəlləsinin 4-1-ci bəndinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə, məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin, əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X2 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin, azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə, həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitutsiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X5 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. “Sənəd” sözü ərəb mənşəli olub sübut, dəlil deməkdir, başqa sözlə, bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağızdır. Rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib edən orqan vətəndaşın müraciəti əsasında araşdırmanı hərtərəfli və tərəflərin bərabərliyi prinisipi əsasında, eləcə də, sübutun mümkünlüyü, mötəbərliyi və mənsubiyyətinə uyğun qiymətləndirmə aparmamış və nəticədə əsassız protokol tərtib etmişdir. Belə ki, tərtib edilən protokol vətəndaş tərəfindən təqdim edilən, əsli olmayan, əsli ilə təsdiq edilməyən kserosurətlərin əsasında tərtib edilmişdir. Halbuki hüquqi şəxsin nümayəndəsi həmin vaxt izahatında vətəndaş tərəfindən təqdim edilən sənədlərin saxta olduğunu bildirmiş, həqiqiliyini inkar etmiş və həmin dövrə aid sənədlərin əslini təqdim etmişdir. Lakin protokol tərtib edən orqan bu halı araşdırmamış, sənədlərin həqiqiliyinin yoxlanılması istiqamətində qiymətləndirmə aparmamış, sənədlərin əsli olduğu halda təqdim edilən kserosurətlər əsasında protokol tərtib etmişdir. Tərtib edilən bu protokolun isə hazırki vəziyyətdə heç bir hüquqi əhəmiyyəti yoxdur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar