Məhkəmə qərarları › İş №3(078)-32/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-32/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-32/2022 18.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şərur rayonu Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 5341MYB, orta təhsilli, müvəqqəti işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Şərur rayonu Alışar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 18 mart 2022-ci il tarixdə Naxçıvan şəhər sakini Seyidova X6 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 17 mart 2022-ci il tarixdə saat 14:30 radələrində Şəxs diplom almaq üçün müraciət edən zaman onun üstünə gələrək baş nahiyəsinə şillə vurmuş və onu döymüşdür. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X5 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 mart 2022-ci il tarixdə 009931 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında qardaşı X3 hazırda Naxçıvan MR-də müvəqqəti hərbi xidmətdə olduğunu, qardaşının 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin ekologiya fakultəsini bitirdiyini, ali təhsilli olduğundan hərbi xidmətinin bir il müddətinə təyin edilməsi üçün ali təhsil-bakalavr diplomunun surətini xidmət etdiyi hərbi hissəyə verməli olduğundan o, 17 mart 2022-ci il tarixdə saat 12-də Naxçıvan Dövlət Universitetinə getmiş, diplom verilməsi ilə bağlı müraciətlərə baxan müəllimin kabinetinə getmiş, kabinetin qarşısında təqribən 20-yə yaxın adam olduğu üçün saat 13:00-a kimi qəbula düşə bilməmiş, nahar fasiləsindən sonra qapını döydüyündə onu qəbul etməmiş, bir müddət sonra yenidən qapını döyərək otağa girmiş və diplom verməsini xahiş etdiyində müəllim ondan 150 manat pul istəmiş, pulunun olmadığını deyəndə araslarında mübahisə yaranmış, müəllim ona 3000 manat borcunuz var dediyində o bunun səbəbini soruşmuş, müəllim bu vaxt onu itələmiş, həmin vaxt stola ilişərək yıxılmış, ayağa qalxdıqda müəllimin onun yaxasından yapışdığını, bu zaman onun da müəllimi itələdiyini, səs-küyə koridordakı şəxslərin içəri girdiyini, özünün də koridora çıxdığını, müəllimin də onun arxasınca koridora çıxaraq ona yenidən əl qaldırdığını, onu təhqir etdiyini, müəllimi itələdiyinə görə özünü təqsirli bildiyini, lakin onu vurmadığını, buna görə özünü təqsirli bilmədiyini göstərib qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında təxminən bir ay əvvəl Məmmədovun onun yanına gələrək qardaşının diplomunu almaq istədiyini, diplomu ona təqdim edən zaman 3000 manat ödənişinin qaldığını gördüyünü və bunu ona izah etdiyini, 17 mart 2022ci il tarixdə saat 14:30 radələrində Şəxs qardaşının diplomunu almaq üçün ona yenidən müraciət etdiyini, həmin şəxsin etibarnaməsi olmadığı üçün diplomu verə bilməyəcəyini, həmçinin ödənişin olduğunu izah etdiyində Şəxs onun üstünə gələrək baş nahiyəsinə şillə vuraraq onu döydüyünü, zərbənin təsirindən yerə yıxıldığını və qışqıraraq kömək çağırdığını, müəllim yoldaşlarının gələrək onları ayırdıqlarını, nəvəsinin yanında olduğunu, onun qışqırığına müəllimlərin gəldiyini, sonra Məmmədovun otaqdan çıxmaq istədiyini gördüyünü, onu saxlamalarını dediyini, onun heç bir maddi tələbinin olmadığını, həmin şəxsin onu vuraraq sağlamlığına zərər vurduğunu bildirib qanuni qərar qəbul edilməsini xahiş etdi. X1 izahatında 17 mart 2022-ci il tarixdə nahar fasiləsindən sonra Universitetin rektorluq yerləşən binasının 2-ci mərtəbəsində akt zalının qarşısında başlayacaq olan tədbiri gözləyərkən qarşıdakı otaqda uca səslə uşaq çığırtısı eşitdiyini, 20-30 saniyə ərzində nə baş verdiyini bilmədiyi üçün heç nə etməsə də, səs-küyün davam etdiyini gördüyü üçün diplom şöbəsi otağına daxil olduğunu, həmin vaxt tanımadığı şəxsin Nazlı müəllimi yerə yıxaraq onu sıxdığını, kənarda dayanan balaca uşağın isə ağladığını görmüş, həmin şəxsin əllərində əlcək olduğunu, qolundan tutub dartanda şəxsin qaçmağa çalışdığını, onu koridorda saxlayıb tədris otağına apardığını bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən 18.03.2022-ci il tarixli 26 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol kürək nahiyyəsində qançır var. Qançır küt əşyanın təsirindən törənmişdir. Müddəti müayinə tarixindən bir gün əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən 18 mart 2022-ci il tarixdə verilmiş 225 nömrəli icbari tibbi müayinə vərəqəsindən aydın olur ki, Şəxs “sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli 08/114 nömrəli arayışdan görünür ki, Şəxs Şöbədə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş 18 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 18 mart 2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokola, canlı şəxsin müayinə aktı və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İşə baxılarkən inzibati xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini, məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 35 (otuz beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar