Məhkəmə qərarları › İş №3(078)-320/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-320/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-320/2025 03.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:

1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 03 iyul 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.

2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli icra sənədi əsasında verilmiş, 10 fevral 2020-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.

3. Məhkəmədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-460/2020-saylı xx.xx.2020-ci il tarixli icra sənədi qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlama haqqında qərar və könüllü icra haqqında bildiriş qanunamüvafiq şəkildə təqdim edilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, borclu icra məmurunun çağırışlarında şöbəyə gəlməmişdir. Hazırda iyun ayı daxil olmaqla 1007 manat borc yaranmışdır. Borcun tam bağlanmasını və protokolun təmin edilməsini edir.

4. Məhkəmədə Şəxs izahatında maddi imkanı olmadığı üçün icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmədiyini, sonuncu ödənişinin bu ilin iyun ayında həyata keçirdiyini, 2 gün ərzində 200 manat ödəməyə imkanın olduğunu və borcunu ödəyəcəyini bildirdi və qərar qəbul edilərkən bunların nəzərə alınmasını xahiş etdi. Sübutların tədqiqi:

5. Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(012)-460/2020 nömrəli mülki iş üzrə verilmiş icra vərəqəsindən görünür ki, 02 iyul 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 10 fevral 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmış və tələbin könüllü icrası haqqında borcluya bildiriş verilmişdir.

7. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-158/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir.

8. İş materiallarında olan xx.xx.2023-cü il və 03 avqust 2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borcludan icra sənədi üzrə tələbin təmin edilməsi tələb edilmişdir.

9. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-160/2025 nömrəli, 05 iyun 2025-ci il tarixli qərardadı ilə, Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır.

10. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur.

11. Məhkəmə tərəfindən tələb edilmiş və məhkəmə iclasında tədqiq olunmuş İcra işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli icra sənədi əsasında verilmiş icra vərəqəsi üzrə borclu Şəxs tərəfindən, qəbzlərdən göründüyü kimi xx.xx.2025-ci il tarixdə 160 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 200 manat məbləğində borclar ödənilmişdir. Həmin icra vərəqəsi üzrə qalıq borc məbləği 1007 manat təşkil edir.

12. Məhkəmə tərəfindən tələb edilmiş və məhkəmə iclasında tədqiq olunmuş İcra işinin materiallarında olan Şəxs tərəfindən yazılmış İltizamdan görünür ki, Şəxs xx.xx.2025ci il tarixində aliment borcundan 300 manat ödəyəcəyini bildirmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icrа etməməsi və İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulаn inzibаti xətаnı törətməsinin sübutа yetməmişdir.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

15. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

16. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

17. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

18. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

19. Məhkəmə qeyd edir ki, Şəxs etirafı, səmimi peşmançılığı, himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi.

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

21. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

22. Həmin Məcəllənin 84.-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

23. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirilməməlidir.

25. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur.

26. Həmçinin məhkəmə araşdırması zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır.

27. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.

28. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.

29. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir.

30. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08(səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin həbs müddətidən sonra onun tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, borclu tərəfindən müntəzəm olaraq aylıq ödənişlər ödənildiyi müəyyən edilmiş, eyni zamanda tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir.

31. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

32. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri).

34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

35. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

36. Həmin Məcəllənin 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

37. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq

qəraraaldı:

Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar