Məhkəmə qərarları › İş №3(078)-325/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-325/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-325/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 və barəsində protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli MN2112058 nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 4 iyul 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin tərəfindən Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli MN2112058 nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, vətəndaş X2 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X5 Xidmətində araşdırılarkən Xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixdə sorğu verilməsinə və sorğuda qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq sorğuda qeyd olunan müddət ərzində sənədlərin müəssisə tərəfindən natamam təqdim olunması halı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sənədlərlə təsdiq edilir. Protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, protokol tərtib edilən maddə 2025-ci ilin may ayında inzibati xəta haqqında qanunvericiliyə daxil edilmişdir. İki dəfə müəssisəyə sənədlərin təqdim edilməsi üçün müraciət edilmişdir. Lakin sənədlər natamam şəkildə Xidmətə göndərilmişdir və araşdırma aparılması mümkün olmamışdır. Buna görə də hüquqi şəxsin barəsində protokol tərtib edilmişdir və qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, protokolla razı deyil, iki dəfə sorğu göndərilmiş, tələb olunan sənədlər vaxtında Xidmətə göndərilmişdir. Göndərilməyən sənədlər isə onlarda olmamış, bank çıxarışlarını işçi təqdim etməlidir. Vaxtında hansı sənəd tələb edilibsə, hansı sənəd mövcuddursa, göndərmişdir. Özü barəsində işəgötürən olaraq vəzifəli şəxs kimi bu hala görə cərimə qərarı qəbul edilibdir. Daha sonra hüquqi şəxsin də barəsində protokol tərtib edilibdir. Protokolun əsassız olduğunda işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, tərtib edilən protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: X3 14 may 2025-ci il tarixdə əmək qanunvericiliyinin pozulması şikayət xarakterli müraciət etmişdir. Şikayətində bildirmişdir ki, 2012-ci il tarixdə Şəxs MMC-nin Qarabağlar kəndində yerləşən Daş Məhsullarında dəlici vəzifəsində işə başlamışdır. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndi ilə işdən azad olunmuşdur. İşinə xitam verildikdən sonra son haqq-hesab ödənilmədi. Son haqq-hesabın ödənişinin verilməsinə və işinə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən 15 may 2025-ci il tarixdə 3-17-9-5/2-1365/2025 nömrəli məktubla Şəxs MMC-yə vətəndaş müraciətinin araşdırılması üçün məktub göndərilmiş, Əmək Məcəlləsinin 15.2-ci və X1 Haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq Xidmətə əmək müqaviləsi və işəgirmə əmri, iş illəri üzrə əmək məzuniyyətinin və son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin, xitama əsas olan sənədlərin surəti tələb edilmişdir. Şəxs MMC tərəfindən 25 may 2025-ci il tarixdə 88 nömrəli məktubla 9 vərəqdən ibarət qoşma olan məktub Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir. Müraciətə baxılma müddəti Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən 30 gün müddətinə uzadılmışdır. 5 iyun 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən yenidən Şəxs MMC-yə məktub göndərilərək Əmək Məcəlləsinin 15.2-ci və X1 Haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq iş illəri üzrə işçinin əmək məzuniyyətindən istifadə etməsinə dair sənədləri (ərizə, əmr, məzuniyyət haqqının hesablanıb ödənilməsi cədvəlləri), iş vaxtının uçotuna dair sənədlər (2020-2023cü illər üzrə tabellər), işçinin aylıq əmək haqqının hesablanıb ödənilməsinə dair sənədlər (hesablanmasını və ödənilməsini təsdiq edən cədvəllər, son bank köçürmələrini təsdiq edən sənədlər, son haqq-hesabın hesablanması ödənilməsini təsdiq edən sənədlərin surəti tələb edilmişdir. Şəxs MMC tərəfindən 01 iyul 2025-ci il tarixdə 111 nömrəli məktubla 28 vərəqdən ibarət qoşma olan məktub Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir. 25 iyun 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən yenidən Şəxs MMC-yə bildiriş göndərilərək təkrar sorğuda qeyd edilən müddətdə sənədlər təqdim edilmədiyindən hüquqi şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəinə əsasən inzibati xəta əlamətlərinin yaranmasına səbəb olması qeyd edilmiş və hüquqi şəxsin nümayəndəsi 04 iyul 2025-ci il tarixdə Xidmətə dəvət edilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən 4 iyul 2025-ci il tarixdə MN2112058 nömrəli protokol tərtib edilərək xx.xx.2025-ci il tarixdə sorğu verilməsinə və sorğuda qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq sorğuda qeyd olunan müddət ərzində sənədlərin müəssisə tərəfindən natamam təqdim olunması halı müəyyən edilməsi qeyd edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən iki dəfə hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Birinci sorğuya müvafiq cavab verilmiş və yenidən sorğu göndərilmişdir. Həmin sorğuda qeyd edilən müddət sorğunun hüquqi şəxsin ünvanına çatdırılmasından sonra hesablanan müddət nəzərdə tutulur. İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinə ikinci sorğunun-05 iyun 2025-ci il tarixdə göndərilən sorğunun hüquqi şəxsin ünvanına çatdırıldığı müddəti təsdiq edən çatdırılma sənədlərinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin nümayəndə tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Belə olan halda sorğunun hüquqi şəxsin ünvanına nə vaxt çatdırılması iş materialları ilə təsdiq edilmir. Bu halda isə 01 iyul tarixində hüquqi şəxs tərəfindən verilən cavab məktubuna uyğun materialların göndərilməsi nəzərə alınaraq müddətin pozulmasını müəyyən etmək mümkün olmur. Eyni zamanda hər iki sorğu üzrə hüquqi şəxs tərəfindən müvafiq sənədlər protokol tərtib edən orqana göndərilmişdir. Həmin sənədlərdə natamamlığın nədə ifadə olunması, hüquqi şəxsdə mövcud olub lakin göndərilməyən sənədlərin olub-olmamasının, hüquqi şəxsdən asılı olan və ya olmayan səbəblərdən təqdim edilib-edilməməsinin araşdırılmadan, birbaşa protokol tərtib edilməsi, məhkəmə hesab edir ki, qanuni və ədalətli hesab edilməməlidir. Sözügedən maddənin sanksiyasından da göründüyü kimi kifayət qədər cərimə inzibati tənbeh növü nəzərdə tutulmuşdur və bu maddə üzrə hüquqi şəxsin təqsiri işə baxılan zaman sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Odur ki, Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli MN2112058 nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r di : Hüquqi ünvanı Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar