Məhkəmə qərarları › İş №3(078)-326/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-326/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-326/2025 16.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X4 oğlunun iştirakı ilə, Şikayət vermiş şəxs X4 Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:

1. Şikayət vermiş şəxs X7 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin onun barəsində ******* nömrəli, 30 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şikayət vermiş şəxs X7 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 qərarı ilə Cəmiyyətin direktoru vəzifəsinə təyin olunmuş və qanuni təmsilçilik səlahiyyəti müvafiq qərarla ona həvalə edilmişdir. Bir müddət bu vəzifəni icra etdikdən sonra 03 iyun 2024-cü il tarixində Cəmiyyətin Ümumi Yığıncağının qərarı ilə o "xxxx" Məhdud Məsuliuyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad olunmuş və onun qanuni təmsilçilik səlahiyyətlərinə xitam verilmişdir. O vəzifədən azad olunması ilə bağlı Cəmiyyətin Ümumi Yığıncağına və təsisçilərin yaşayış ünvanlarına xx.xx.2024-cü il tarixində və xx.xx.2024cü il tarixlərinə yazılı sürətdə rəsmi ərizə ilə müraciət etmiş və vəzifədən azad olunmağı,qanuni təmsilçilik səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Cəmiyyətin Ümumi Yığıncağının keçirilməsini tələb və xahiş etmiş, həmçinin əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Onunla bağlanılmış olan əmək müqaviləsinin tarixi xx.xx.2024cü il tarixində bitdiyindən o da qanunla müəyyən olunmuş hüququndan istifadə edərək 1 ay əvvəlcədən yazılı xəbərdarlıq etmiş, əmək müqaviləsinə xitam verilməsini bildirmiş, rəsmi iradə bəyanı nümayiş etdirmişdir. Onun bu müracitələri sonrası isə yuxarıda qeyd olunduğu kimi o, həmin MMC-nin direktoru vəzifəsindən azad olunmuş (MMC-yə başqa direktor təyin olunmuş) və qanuni təmsilçilik səlahiyyətlərinə xitam verilmişdir. Onun artıq həmin MMC ilə 1 ildən artıq bir müddətdir ki həm hüquqi, həm də faktiki hər hansı bir sistemdə bağlılığı yoxdur. Lakin barəsində şikayət etdiyi qərarı tərtib etmiş müvafiq inzibati orqan, onun işəgötürən kimi görsəndiyini əsas gətirərək ona AR İXM-nin 192.3-cü inzibati maddəsi ilə inzibati protokol tərtib etmiş və 1.000 (bir min) manat məblğində cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Həmin protokolun tərtib olunması səbəbi isə 2 nəfər miqdarda işçinin 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı miqdarından aşağı əmək haqqı verilməsi olmuşdur. Onun yuxarıda qeyd etdiyi kimi 03 iyun 2024-cü il tarixdən vəzifədən azad olunmuş, buna dair Cəmiyyətin təsisçilərinin müvafiq qərarı olmuşdur. Yəni 2025-ci ildə minumum əmək haqqının dəyişməsi və qeyd edilən MMC-də işçilərin əmək haqlarının əvvəlki vəziyyətdə (daha aşağı miqdarda) qalması onun direktor olduğu vaxt baş verməmiş və onun bu inzibati xəta ilə hər hansı bir əlaqəsi olmamışdır. Yəni o həmin vaxt "xxxx" MMC-yə münasibətdə tamamilə səlahiyyətsiz bir şəxs olmuş və məntiqli olaraq da vəzifəli şəxs kimi hər hansı bir inzibati xətanı törətməyi tamamilə qeyri-mümkün olmuşdur. Təbii ki, burada qərarı qəbul etmiş orqan hesab edir ki, çox ciddi səhvə yol vermişdir. Sadəcə sistemdə onun adının görünməsi tamamilə absurd bir yanaşmadır. Belə ki, o müvafiq vergi qurumundan da işdən azad olunması ilə bağlı sənəd təqdim etsə də, qurumdan ona məhkəməyə müraciət etməyi bildirildi. Barəsində çıxarılmış olan bu qərarla o qəti şəkildə razılaşmır. İlk öncə qurumlar arasında sistem inteqrasiyasında hər hansı bir problemin olması və onun sistemdə işəgötürən kimi görsənməsi bu qərarın çıxarılması üçün əsas ola bilməz. O, müvafiq quruma vergidən rəsmi sənəd təqdim etdiyi an onun barəsində hər hansı bir qərar çıxarılmamalı idi. Belə AR İXM-də inzibati xətanın 4 tərkib əlamətinin hər biri mövcud olduqda bu xəta törədilmiş hesab olunur. O bu inzibati xətanın hüquqi baxımdan subyekti ola bilməz. Məlumdur ki, Ümumi Yığıncağın qərarı müvafiq vergi qurumuna təqdim olunmuş və o artıq 03 iyun 2024-cü il tarixdən hal-hazırda vəzifəli şəxs kimi göstərildiyi vəzifədən azad olunmuşdur. İkinci bir hal həmin inzibati xəta o direktorluqdan azad olunduqdan sonra törədilmiş inzibati xətadır. O məhkəmədən qərara yenidən baxmasını və iş üzrə icraat xitam verilməsini xahiş edir.

3. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin dəlillərinə uyğun izahat verdi və əalvə olaraq bildirdi ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30 iyun 2025-ci il tarixli qərarından şikayət verdiyi üçün burdadır. Şikayətinin səbəbi odur ki, o 3 iyun 2024-cü il tarixində yığıncaqda təsisçilərin qərarı ilə şirkətin direktorluğu vəzifəsindən azad olunmuşdur. Bundan əlavə, iki dəfə şirkətə xəbərdarlıq göndərmişdir ki, onu direktorluqdan azad etsinlər. 3 iyun 2024-cü ildə direktorluqdan azad olunmağına baxmayaraq, 19 iyun 2024cü il tarixində MMC ilə bağladığı əmək müqaviləsinin vaxtı bitib. X5 Xidməti tərəfindən tərtib edilmiş protokolda göstərilir ki, 1 yanvar 2025-ci il tarixində iki işçinin minimum əmək haqqısının yanlış göstərilmişdir. O Vergi xidmətindən bütün lazımi sənədləri almış onlara təqdim etmişdir, lakin problemi onlara izah edə bilmədiyini bildirdi. Cavab olaraq bildiriblər ki, şikayətinizi məhkəməyə bildirin. Sistemdə işəgötürən olaraq o, göründüyü üçün cərimə ona yazılıb. Hətta bildirdi ki, 1000 manat ona, 6000 manat isə şirkətə cərimə yazılacaq. Ondan sonra iki direktor təyin edilib, biri üç gün sonra, digərini dəqiq bilmir. 2-3 ay aralarında fərq olduğunu söylədi. Hal-hazırda şirkətin direktoru Rafiq Cəfərovdur. O, zəng etmiş Rafiq Cəfərov isə zənglərə cavab verməmişdir. O, Rafiq Cəfərovdan işinə xitam verilməsi barədə sənədi alıb təqdim edəcəkmiş lakin, zənglərini açmadığı üçün Vergi orqanlarından lazımi sənədləri aldığını bildirdi. X5 Xidmətinə demişdir ki, əgər siz sistemdə məni görürsünüzsə, bunun iki səbəbi ola bilər. Ya orqanlar arası inteqrasiya zəifdir, siz vergi orqanlarının qəbul etdiyi qərarı görə bilmirsiniz, ya da şirkət ondan sonra iki direktor dəyişib amma onu işəgötürən kimi göstərirsə deməli şirkətin də bu məsələdə səhvi böyükdür. O, istəyirdi ki, şirkətin nümayəndəsi də gəlsin, dəqiqləşdirilsin ki, iki direktor dəyişilsə də necə onu işəgötürən kimi göstərirlər. Onun haqqında tərtib olunan protokolda dörd əlamət olmalıdır subyekt, subyektiv hərəkət, obyekt, obyektiv hərəkət. O bildirdi ki, bu məsələnin subyekti deyil. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmədən xahişi odur ki, məsələyə baxılsın və o cərimədən azad edilsin.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası qərarından şikayət verilən Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Sübutların tədqiqi:

6. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Naxşıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X7 03 iyun 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı ilə direktor vəzifəsindən azad edilmiş və qanuni təmsilçi səlahiyyətlərinə xitam verilmişdir. Cəmiyyətin reyestr məlumatlarında dəyişiklik 05 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır.

7. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” icra edilməsi üçün X6 göndərilmişdir.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ümumi Yığınacağına bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar olaraq işdən ayrılmaq istəyir. "xxxx" MMC-nin direktor vəzifəsindən azad olunması, qanuni təmsilçi səlahiyyətlərinə xitam verilməsi barədə “BEEFOOD MMC-nin təsisçilərinin Ümumi Yığıncağının çağrılmasını və qərar qəbul edilməsini xahiş etmişdir.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ümumi Yığınacağına bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən şəxsi işləri ilə əlaqədar olaraq öz ərizəsi ilə işdən ayrılmaq istəyir. "xxxx" MMCnin direktor vəzifəsindən azad olunsun, qanuni təmsilçi səlahiyyətlərinə və əmək müqaviləsinə xitam verilsin.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

10. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

11. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

12. Maddə 8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1); İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir(8.2); İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir(8.3).

13. Maddə 17. Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər

14. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. Maddə 53.1.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

16. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

17. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

18. Maddə 129.1.3. inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

19. Maddə 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

20. Maddə 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

21. Maddə 192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

22. Maddə 3-ün 2-ci bəndi. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

23. Maddə 3-ün 3-cü bəndi. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

24. Maddə 12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;

Məhkəmənin mövqeyi:

25. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir.

26. Məhkəmə ilk növbədə qeyd edir ki, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə tənbeh olunması üçün Qanunvericilik iki şərt müəyyən etmişdir. Əvvəla, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməklə hüquqpozuntusuna yol verilməli, ikincisi isə həmin pozuntuya yol verən şəxs vəzifəli şəxs olmalıdır. Yəni, İXM-nin 17-ci maddəsinin qeyd hissəsinin tələbinə cavab verən vəzifəli şəxs-işəgötürən olmalıdır. Ümumiyyətlə, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır.

27. Qeyd edilən 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinin dispozitiv və sanksiya şərtlərinin məhz tənbeh verilən şəxsin ödəməsini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

28. Əksinə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır ki, X7 03 iyun 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı ilə direktor vəzifəsindən azad olunmuş, onun qanuni təmsilçilik səlahiyyətlərinə xitam verilmiş və bu barədə Cəmiyyətin reyestr məlumatlarında dəyişiklik 05 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır.

29. Məhkəmə hesab edir ki, 2025-ci il üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən minimum əməkhaqqı müəyyən edilərkən, X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi olmamış, belə olan halda onun İXM-nin 192.3-cü maddəsi ilə inzibati qaydada cərimə edilməsi qanunsuz olmuşdur.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

X4 şikayəti təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar