Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-332/2024 02.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1981-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 19/22 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-687/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən, X7 ilə Şəxs arasında mediasiya qaydasında bağlanmış 12 iyun 2023-cü il tarixli Ə-568 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi (Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən tərəf Şəxs 12 iyul 2012-ci il təvəllüdlü X6 və 31 avqust 2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təqdim olunmuş bankomat kartına hər ayın 25-30 arası ümumilikdə 250 manat məbləğində alimentin X3 xeyrinə ödənilməsi barədə öhdəlik götürmüşdür) qət edilmişdir. İş üzrə icraata 27 may 2024-cü il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun aliment borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasını bilmədiyini, işsiz olduğunu, bu səbəbdən icra vərəqəsinin icrasını tam yerinə yetirmədiyini, barışıq sazişi müddətində pulu əldən göndərdiyini, dayısı qızının kartına, anasının kartına pul atdığını, onlar da pulu çəkib Könülə verdiklərini, işsiz olduğundan qərarı tam icra edə bilmədiyini, bu səbəbdən borcunun yarandığını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-687/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-687/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə X7 ilə Şəxs arasında mediasiya qaydasında bağlanmış 12 iyun 2023-cü il tarixli Ə-568 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi (Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən tərəf Şəxs 12 iyul 2012-ci il təvəllüdlü X6 və 31 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təqdim olunmuş bankomat kartına hər ayın 25-30 arası ümumilikdə 250 manat məbləğində alimentin X3 xeyrinə ödənilməsi barədə öhdəlik götürmüşdür) qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 27 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı, səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 02 sentyabr 2024-cü il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva.