Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-335/2023 20.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Babək rayonu, Sirab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, satıcı işləyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Sirab kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Babək rayonu, Sirab kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan X8 26 iyun 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, 24 iyun 2023-cü il tarixdə həyat yoldaşı Şəxs axşam saat 22:00 radələrində ona və qızı Orucova Nərminə və oğlu Orucov Bayrama qarşı şiddət, təhqir, zor tətbiq edərək onları sillə və təpik zərbələri ilə döydüyünü, onların üzərinə bıçaq çəkdiyini, bu hadisələr dəfələrlə baş verdiyindən bir neçə dəfə də bundan öncə polis orqanlarına müraciət etsə də, onun əvvəllər özünü yaxşı aparıb sonra təkrar eyni hərəkətlərə yol verdiyini bildirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 iyul 2023-cü il tarixdə 002370 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Cahan Ticarət Mərkəzində satıcı işlədiyini, həyat yoldaşı X8 ilə 2009-cu ildə ailə həyatı qurduğunu, 23 iyun 2023-cü il tarixdə əvvəllər həyat yoldaşına bacısı ilə telefonda çox danışmasını irad bildirməyinə baxmayaraq, yenə də bacısı ilə telefonda uzunuzadı danışdığına görə aralarında mübahisə yarandığını, həyat yoldaşını onun bu hərəkətlərinə görə evdən qovduğunu, aralarında mübahisə yarandığını onu vurmadığını, onun evindən çıxıb getməsini istədiyini, lakin onun evdən getmək istəmədiyini, mübahisə edərkən bacısıoğlu Nizaminin də onlarda olduğunu, Nizaminin məsələni həll edə bilməyib qaynatası, qaynanası və qaynını gətirdiyini, lakin onlar həyat yoldaşını doğulduğu Babək rayonu, Sirab kəndinə aparmaq istəsələr də, onların onu evdən apara bilmədiyini, bacısıoğlu Nizamiyə “əgər adam olacaqsa və rəftarında dəyişikliklər olacaqsa qalsın” dediyini, həyat yoldaşının polis orqanına zəng vurub ondan şikayət etdiyini və bir az sonra polis əməkdaşının onlara gəlib məsələ barədə məlumat əldə etdiyini, səhərisi evdə olmadığı vaxt qaynı Anarın gələrək həyat yoldaşı Jalə Orucovanı və qızı Nərmin Orucovanı evdən götürərək Babək rayonu, Sirab kəndinə apardığını, ailənin dağıldığını, artıq nikahın pozulması üçün müraciət etdiklərini, Jaləni vurmadığını, qanuni qərar verilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X8, Babək rayonu, Sirab kəndində ibtidai sinif müəlliməsi işlədiyini, həyat yoldaşı Şəxs ilə 2009-cu ildə ailə həyatı qurduğunu, Kərimin Cahan Ticarət Mərkəzində satıcı işlədiyini, 24 iyun 2023-cü il tarixdə, gecə saat təqribən 22:00 radələrində həyat yoldaşı Şəxs yaşadıqları evdə əvvəlki vaxtlarda olduğu kimi onu və övladları Orucova Nərmin və Orucov Bayramı sillə və təpik zərbələri ilə döydüyünü, onun sol qolunun müxtəlif yerlərindən, sol yanaq hissəsindən və boynunun arxa hissəsindən yumruq zərbələri vurduğunu, həyat yoldaşı Kərimin onu döyərkən qızı Orucov Nərminin də onun zərbəsinə tuş gəldiyini, onun da ağlamağa başladığını, bu cür halların onların evində dəfələrlə baş verdiyini, gecə gec saatlarında onları döyərək binanın blokunda saxladığını, onları 24 iyun 2023-cü il tarixdə döydükdən sonra baldızının oğlu Nizamini çağırdığını, onlara gəlib gecə saat təqribən 04:00 radələrinə qədər onların yanında qaldığını, səhərisi günü atası X6 zəng vurub vəziyyət barədə məlumat verdiyini, onun da ona “qardaşın Əliyev Anara zəng vur gəlsin, sizi gətirsin Babək rayonu Sirab kəndindəki evimizə” dediyini, bundan sonra atasıgilin ona “bu məsələ dəfələrlə təkrar baş verdiyinə görə gedək polis orqanına müraciət edək, o düzələn deyil” dediklərini, bundan sonra polis orqanına müraciət etdiklərini, Kərimi bağışlamadığını, şikayətçi olduğunu, qanuni cəzalandırılmasını xahiş etdi. Мəhkəmə iclasında şahid X7, anası Səlbi Orucovanın dayısı ilə dayısının həyat yoldaşı arasında problem olduğu üçün onları barışdırmağa çalışdığını, 24 iyun 2023-cü il tarixdə dayısının onun telefonuna zəng etdiyini, “anan Jaləni gətirib bura, sən də gəl apar” dediyini, onların evinə getdiyini, onları barışdırmaq istədiyini, dayısının barışmadığını, mübahisənin davam etdiyini, Jalənin anasını və qardaşını gedib kənddən Jaləni özləri ilə aparsınlar deyə gətirdiyini, amma Jalənin onlarla getmədiyini, təxminən 1-2 saat onların evində olduğunu, mübahisənin davam etdiyini, Jalənin evdən getmədiyini, Jalənin qardaşı ilə anasının çıxıb getdiklərini, özünün də öz evinə getdiyini, təxminən 1-2 gün sonra dayısı ilə birlikdə olduğunu, dayısına zəng gəldiyini, oğlu Bayramın “anam bacımı götürüb dayım ilə birlikdə kəndə getdilər” dediyini, əvvəllər dayısı ilə dayısının yoldaşının arasında mübahisələrin olduğunu, həmişə araya girib barışdırmaq istədiyini, hadisə olan gecəsi Jalənin onu çağırdığını, onlara gedəndə aralarında mübahisənin olduğunu, onun yanında Kərimin Jaləni vurmadığını bildirdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli, 739 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində başın tüklü hissəsində, ənsə nahiyyələrində saç diblərinə diffuz diapedez qansızmalar, bədənin müxtəlif nahiyyələrində bir neçə qançır müəyyən edildi. Göstərilən xəsarətlər küt əşyanın təsirindən yaranmışdır. Başın tüklü hissəsində, ənsə nahiyyələrində saç diblərinə diffuz diapedez qansızmalar saçların yollunması zamanı, digər xəsarətlər bədənə fiziki güc tətbiq etmə, əl ilə vurulan zərbə nəticəsində yarana bilərdi. Xəsarətlərin yetirilmə müddəti müayinədən 3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 20 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 20 iyul 2023-cü il tarixdə, saat 10:35-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları və şahid ifadəsi ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki uşağının olmasını inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. İşdə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 20 iyul 2023-cü il tarixdən, saat 10:35-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 20 iyul 2023-cü il tarixdən, saat 10:35-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-335/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-335/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver