Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-335/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 1/1 VÖEN ********** olan Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 8 iyul 2025-ci il tarixli, MN2112062 nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 8 iyul 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin tərəfindən Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 1/1 VÖEN ********** olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli, MN2112062 nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, vətəndaş X3 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X4 Xidmətində araşdırılarkən Xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixdə sorğu verilməsinə və sorğuda qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq, sorğuda qeyd olunan müddət ərzində sənədlərin təqdim olunmaması halı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli sorğu məktubu, reyestr, çıxarışla təsdiq edilir. Protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, protokol tərtib edilən maddə 2025-ci ilin may ayında inzibati xəta haqqında qanunvericiliyə daxil edilmişdir. 10 iyun 2025-ci il tarixdə müəssisəyə sənədlərin təqdim edilməsi üçün müraciət edilmişdir. Lakin sənədlər göndərilməmişdir. Buna görə də hüquqi şəxsin barəsində protokol tərtib edilmişdir və qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, tərtib edilən protokol əsaslı olduğundan hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: X6 20 may 2025-ci il tarixdə əmək qanunvericiliyinin pozulması barədə ərizə ilə müraciət etmişdir. Ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də nəzarətçi vəzifəsində işə başlamışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də və son olaraq xx.xx.2024-cü il tarixdə APF Tikinti MMC-də nəzarətçi vəzifəsində fəaliyyətinə davam etmişdir. 12 may 2025-ci il tarixdə ərizəsini yazaraq işdən azad edildi. İşlədiyi müddət ərzində iş rejimi növbəli olaraq davam edirdi. Gecə növbəsində olan zaman əmək haqqına əlavə olaraq ödəniş edilmirdi və 12 saatdan artıq işləmişdir. İşdən azad edildikdən sonra qeyd etdiyi əlavə ödənişləri verilmədi. Araşdırıb tələbinin təmin edilməsini xahiş etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC-yə vətəndaş müraciətinin araşdırılması üçün məktub göndərilmiş, Əmək Məcəlləsinin 15.2-ci və X1 Haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq Xidmətə müvafiq sənədlərin surəti tələb edilmişdir. Məktuba reyestr və məktubun çatdırılmasını təsdiq edən poçt sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sorğunun hüquqi şəxsin ünvanına nə vaxt çatdırılması iş materialları ilə təsdiq edilir. Lakin sorğuya müvafiq cavab verilməmiş və bu hərəkətsizliyi ilə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yaranmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-335/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-335/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver