Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-345/2025 30.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Şikayət vermiş şəxs X3 və qərar qəbul etmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yamnda X13 Xidməti tərəfindən barəsində tətbiq edilmiş 01 iyul 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Xidmət tərəfindən ona göndərilən bildirişdə adı göstərilən vətəndaş X10 ləğv edilmiş Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən ona çatacaq son haqq hesabın verilməməsinə görə Əmək Müfəttişliyi tərəfindən ona cərimə tətbiq edilmişdir. Cərimənin əsassız olmasına aydınlıq gətirib bildirir ki, vətəndaş X2 şəhər Abadlıq idarəsində fəhlə işləmişdir. Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi Naxçıvan MR Nazirlər Kabinetinin 07 yanvar 2021-ci il tarixli, 05 nömrəli qərarı ilə ləğv edilib və Naxçıvan şəhər idarəsinə birləşdirilmişdir. Lakin birləşdirilməyinə baxmayaraq, idarəyə heç bir kargüzarlıq, mühasibatlıq, kadrlar şöbəsinə aid olan sənəd verilməmişdir. Ləğv etmə vaxtı idarəyə hesablanmış son hesablar haqqında heç bir siyahı verilmədiyindən, idarənin fəaliyyəti 2023-cü ildən dayandığından idarənin və onun həmin cərimə vəsaitini verməyə gücü çatmır. Yuxarıdakıları nəzərə alaraq, həmin cərimənin ləğv edilməsinə ona köməklik göstərilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş X6 şikayəti müdafiə edərək bildirmişdir ki, o, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin rəisi əvəzi işləyir. İki ildən artıqdır ki, həmin vəzifəni icra edir. 2021-ci il yanvar ayında Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi ləğv edilmiş və Naxçıvan Şəhər İdarəsinin balansına verilmişdir. Həmin vaxt 900 nəfərə yaxın Naxçıvan Şəhər Abadlıq və Təmir- Tikinti İdarəsinin işçisi olmuşdur. İdarə ləğv edilən zaman həmin işçilərlə bağlanmış əmək müqaviləsinə ləğv edilən idarə tərəfindən xitam verilmişdir. Daha sonra Naxçıvan Şəhər İdarəsində iş yerləri açıldıqca həmin şəxslər əmək müqaviləsi ilə işə götürülmüşdürlər. İdarə birləşən zaman maşın və mexanizmlər, öhdəliklərlə onlara verilsə də, heç bir kargüzarlıq sənədi verilməmişdir. Həmin işçilərə ləğv edilən idarə tərəfindən son hesabın verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. Çünki onlara heç bir sənədləşmə verilməmişdir. Daha sonra sözügedən işçi əmək müqaviləsi ilə işə götürülmüş və işdən azad edildikdən sonra öz idarəsi tərəfindən son hesab ona ödənilmişdir. 2021-ci ildən sonra 4 il keçdikdən sonra Xidmət tərəfindən onun barəsində qərar qəbul edilmişdir ki, o, Şəhər Abadlıq və Tikinti İdarəsindən işdən azad edilən əməkdaşa son hesab verməlidir. 2023-cü ildən İdarənin fəaliyyəti dayanmışdır və hazırda özəlləşmə prosesindədir. Faəliyyət olmadığı halda, o həmin şəxsə necə son hesab verə bilər, bir halda ki, şəxs öz işçisi olduğu dövrdə son hesabını vermişdir. Şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərar qəbul edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X14 izahatında bildirmişdir ki, Xidmət tərəfindən qəbul edilən qərar şərti qərardır, işəgötürən icra etdiyi halda tətbiq edilməyəcəkdir. İcra edilməsi isə vətəndaşa əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi halının aradan qaldırılması və son haqq hesabın ödənilməsi ilə bağlı məcburi göstərişin yerinə yetirməməsi nəticəsində şərti cəriməni ödəməli olacaqdır. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək, qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X16 tərəfindən 01 iyul 2025-ci il tarixində ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, X1 Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 (on beş) iş gün müddət müəyyən edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Naxçıvan MR Nazirlər Kabinetinin 7 yanvar 2021-ci il tarixli, 5 nömrəli Qərarı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi Komitənin Naxçıvan Şəhər İdarəsinə birləşdirilməsi, ləğv edilən Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəliklərinin Komitənin Naxçıvan Şəhər İdarəsinə verilməsi, birləşmə prosesinin və təhviltəslim işlərinin qanunvericiliyə uyğun həyata keçirilməsi məqsədilə, Komissiya yaradılması qərara alınmışdır. Babək rayon Cəhri kənd sakini X10 01 aprel 2021-ci il tarixdə işlə təmin edilmək üçün Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə ərizə ilə müraciət etmişdir. 01 aprel 2021-ci il tarixli, 24 nömrəli əmrlə X10 İİİ dərəcəli fəhlə olaraq işə qəbul edilmişdir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi ilə X11 arasında 01 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. 2021-ci ilin aprel-sentyabr ayları üzrə əmək haqqı məbləği işə əlavə edilmişdir. X10 11 oktyabr 2021-ci il tarixdə işdən azad edilməsi üçün Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə ərizə ilə müraciət etmişdir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin 11 oktyabr 2021-ci il tarixli, 83 nömrəli əmri ilə X4 Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində əsasən işdən azad edilmişdir. Babək rayon Cəhri qəsəbə sakini X10 ərizə ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə müraciət edərək 11 oktyabr 2021-ci il tarixdə işdən azad edilən zaman son haqq-hesabını ala bilmədiyini bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. X7 “Kapital Bank” əmək haqqı çıxarışları, izahatı iş materiallarına əlavə edilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə icrası məcburi göstəriş verilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən 24 iyun 2025-ci il tarixdə MN2112052 nömrəli protokol tərtib edilərək 2 iyun 2025-ci il tarixdə verilmiş məcburi göstəriş yerinə yetirilmədiyindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi qeyd edilmişdir. 01 iyul 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar göstərilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə şikayəti əsaslı sayaraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar 2023-cü il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 17) ilə 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin 1 il müəyyən edilməsi barədə inzibati xətalar qanunvericiliyinə dəyişiklik 2 dekabr 2022-ci il tarixdə edilmişdir və bundan sonra baş verən əmək qanunvericiliyinin pozulmasına görə müddət məhz inzibati xətanın törədildiyi vaxtdan 1 il ərzində verilə bilər. Hazırki hüquq pozuntusu törədilən zaman isə müddət 4 ildən artıq keçmişdir. Azərbaycan Respublikası İXM-in 38.2-ci maddəsində nəzərdə tutulan uzanan inzibati xəta anlayışı qanunvericiliyə əlavə edilmiş və bu hal 23 fevral 2021-ci il tarixli 270-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4 maddə 306) ilə 38.2-ci maddədə “davam edən” sözləri “uzanan” sözü ilə əvəz edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından da aydın olduğu kimi işçi işdən azad edildiyi ilkin vaxt xx.xx.2021-ci il tarixdə inzibati xətalar qanunvericiliyində uzanan inzibati xəta anlayışı mövcud olmamış, ikinci dəfə 11 oktyabr 2021-ci il tarixdə isə, həmçinin, inzibati xətanın törədildiyi vaxtdan 1 il müddətində məsuliyyətə cəlb edilməsi barədə əmək qanunvericiliyinin pozulması qanunvericilikdə olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsində qeyd edilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin, əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki iş üzrə işçinin əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixində və 11 oktyabr 2021-ci il tarixdə xitam verildiyi üçün inzibati xəta hadisəsi həmin tarixlərdə tarixində törədilmişdir. İnzibati orqanın törədildiyinə istinad etdiyi inzibati xəta hadisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklik qüvvəyə minməzdən əvvəl, yəni işçinin işdən çıxdığı gün törədilmişdir. Buna görə də, ümumiyyətlə, inzibati qərar qəbul edən orqan tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün bu barədə məcburi göstəriş verilə, daha sonra isə məcburi göstəriş icra edilmədiyi üçün işəgötürən barədə məcburi göstərişin yerinə yetirilməməsini nəzərdə tutan İXM-in 539.1-1-ci maddəsi ilə qərar qəbul edilə bilməzdi. Verilən məcburi göstəriş inzibati xətalar qanunvericiliyində əmək qanunvericiliyinin pozulmasını nəzərdə tutan müddətlər keçdiyindən bir neçə il sonra verildiyindən heç bir hüquqi əhəmiyyəti olmaması nəzərə alınmalıdır və bu halda isə həmin məcburi göstəriş hüquqi məsuliyyət də yarada bilməzdi. Ona görə də qərar əsassızdır və ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 01 iyul 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. X3 inzibati məsuliyyətə cəlb edilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-345/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-345/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver