Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-349/2024 15.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nümayəndəsi X2 iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 09 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti 30205.75 (otuz min iki yüz beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları məbləğində vəsaiti 08 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13390.62 (on üç min üç yüz doxsan ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin nümayəndəsi X3 izahatında malların ölkəyə 1 gömrük bəyannaməsi əsasında idxal edildiyini, qalan malların 2022-ci ildə fərqli yüklərlə gətirildiyini, gömrük bəyannaməsində yanlışlıq olduğunu, Gömrük orqanına müraciət etdiyini, onların da Nazirlər Kabinetinin qərarına əsasən bəyannaməyə dəyişiklik edə bilməyəcəklərini dediklərini, malların ölkəyə idxal edildiyini, Kapital banka sorğu verildiyini, onların cavab məktubunda 5026.42 ABŞ dolları qalıq qaldığını qeyd etdiklərini, başqa sübutlarının olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokol və ona əlavə edilən sənədləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə verilən izahatı araşdıraraq müəyyən edir ki, inzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs 30205.75 (otuz min iki yüz beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları məbləğində pul vəsaitini Bank hesabından 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, 5026.42 (beş min iyirmi altı min ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Konstitusiyanın 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 08 avqust 2022-ci il tarixdə xaricə köçürülmüş olan 5026.42 (beş min iyirmi altı min ABŞ dolları qırx iki sent) ABŞ dolları pul hesabına alınan malların ölkəyə köçürüldüyünü, gömrük bəyannaməsində yanlışlıq olduğunu, Kapital bank tərəfindən verilmiş məktuba əsasən 5026.42 ABŞ dolları qalıq qaldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 08 avqust 2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti 30205.75 (otuz min iki yüz beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları məbləğində pulun öz hesabından "xxxx" Şirkəti hesabına köçürülməsi üçün Kapital Bank ASC-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, həqiqətən də 08 avqust 2022-ci il tarixdə 30205.75 (otuz min iki yüz beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları məbləğində pul "xxxx" Şirkəti hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin 25 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə 12 sentyabr 2024-cü il tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 28 avqust 2024-cü il tarixli, 6-1-16/2-6797/2024 nömrəli məktubu və 28 avqust 2024-cü il tarixli inzibati xəta haqqında EP-0189425 nömrəli Protokolu daxil olmuşdur. Protokolda Xidmətin 30205.75 ABŞ dolları məbləğində vəsaiti 08 avqust 2022-ci il tarixində xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 13390.62 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməməsi, valyuta vəsaitinin geri qaytarılmaması bildirilmişdir. 19 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 12 sentyabr 2024-cü il tarixli 3(078)-349/2024 nömrəli məktubu Xidmətə daxil olmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilmələri bildirilmişdir. Qeyd edilən məsələ ilə bağlı Xidmət yenidən Kapital Bank ASC ilə yazışmalar aparmış və 22 oktyabr 2024-cü il tarixində Kapital Bank ASC-yə Türkiyə Respublikasına məxsus X6 və Dış Ticarət Sənaye Limitet Şirkəti ilə xx.xx.2022-ci il tarixdə bağlanmış DEX 01-22 saylı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə avans olaraq ödənilmiş 30205.75 ABŞ dolları məbləğində hesabın bağlanması haqqında arayışın onlara təqdim edilməsi üçün sorğu göndərmişdir. X7 Səhmdar Cəmiyyətinin Xidmətə göndərdiyi 23 oktyabr 2024-cü il tarixli 14563 nömrəli elektron cavab məktubunda avans üzrə qalıq 5026.42 (beş min iyirmi altı min ABŞ dolları qırx iki sent) ABŞ dolları təşkil etdiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 23 oktyabr 2024-cü il tarixli, 14563 nömrəli məktubundan görünür ki, Naxçıvan MR Dövlət Energetika Xidməti (VÖEN: **********) tərəfindən "xxxx" şirkətinin xeyrinə xx.xx.2022-ci il tarixində aparılmış 30205,75 USD (otuz min iki yüz beş ABŞ Dolları 75 sent) avans ödənişi cədvəldə qeyd olunan gömrük bəyannamələri ilə bağlanılmışdır. Avans üzrə qalıq 5026,42 USD (beş min iyirmi altı ABŞ Dolları 42 sent) təşkil edir. Məhkəmə qeyd edir ki, aparılan araşdırma nəticəsində malların ölkə ərazisinə gətirilmədiyi öz təsdiqini tapır, yuxarıda qeyd olunanlardan da göründüyü kimi sərbəst dövriyyə üçün malların ölkəyə idxalını təsdiq edən sənəd gömrük bəyannaməsidir. Məhz buna görə də “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü yarımbəndində də qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı ilə bağlı yalnız gömrük bəyannaməsinin banklara təqdim edilməli olduğu qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən isə malların ölkə ərazisinə gətirilməsini təsdiq edən gömrük bəyannaməsi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında protokolda 13390.62 (on üç min üç yüz doxsan ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilmədiyi qeyd edildiyindən və Kapital Bank ASC-nin məktubundan isə 5026.42 (beş min iyirmi altı min ABŞ dolları qırx iki sent) ABŞ dolları vəsaitin qarşısının bağlanmadığı göründüyündən protokolda qeyd edilən məbləğin qalan hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən protokolda göstərilən 13390.62 (on üç min üç yüz doxsan ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində pulun qarşılığında sadəcə 5026.42 (beş min iyirmi altı min ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində malların pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilməməsi, qalan 8364.2 (səkkiz min üç yüz altmış dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları məbləğində pulun qarşılığında malların pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilməsi öz təsdiqini tapdığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yekunda belə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini, onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə 8364.2 (səkkiz min üç yüz altmış dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları məbləğində pulun qarşılığında malların ölkəyə idxal edilməməsi və ya valyuta vəsaitinin geri qaytarılmamasına dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 5026.42 (beş min iyirmi altı min ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni 1005.28 (bir min beş ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-349/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-349/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver