Məhkəmə qərarları › İş №3(078)-353/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-353/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-353/2024 13.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı şikayət vermiş şəxs Şəxs Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol Polis Bölməsinin 28 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayətini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək m ü ə y y ə n e t d im : Şikayət vermiş şəxs Şəxs şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixində saat 10:30 radələrində, 12 nömrəli məktəbin qarşısında Yol Polis Xidmətinin əməkdaşı X1 ona yaxınlaşıb, qanunsuz şəkildə ona məxsus olan **-BB-*** nömrəli, BMW markalı maşını Şəhər Polis Şöbəsinə aparmağı söyləmişdir. Onun isə hansı səbəbdən aparmalı olduğunu soruşmuşdur. O isə cavabında “rəisin əmridir” deyə demişdir. Qanun əsaslı bir şəkildə cavab vermədiyi üçün maşını aparmayacağını, “aparmaq istəyirsinizsə özünüz aparın” demişdir. Onlarda bunun müqabilində, “elə eləmə ki Post Patrul Xidməti çağıraq və səni qandallı şəkildə aparaq”. O da onlardan hansı səbəbdən və nəyə əsasən onu qandallı şəkildə aparacağlarını soruşmuşdur. Onlar demişdir ki, “biz səbəbini bilmirik bizə əmr gəlib ki, maşın duracağa getməlidir”. Ə.Ramin Tahir oğlu onu maşına mindirərək, öz əməkdaşlarından yanlarında qandal olub-olmadığını soruşmuş, onu qandallayıb aparmaq istədiyini bildirmişdir. Daha sonra onu aldadaraq, protokol yazaraq onu imzalamağını istəmişlər. O da polis əməkdaşlarının əsassız bir şəkildə bu cür vacib bir sənədi tərtib etməyəcəklərini nəzərə alaraq, bilmədən imzalamışdır. Sonra isə gedib video görüntülərə baxaraq heç bir günahı olmadığını görmüşdür. Koroğlu heykəli tərəfdə qoşa xətti tapdaladığı halda, protokolda isə İstiqlal-79 ərazisini qeyd ediblər. Yalnış yazılmış və yanlışlıqla imzaladığı protokolu ləğv etdirməyində ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Şəxs Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol Polis Bölməsinin 28 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, qeyd olunan şikayətə Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarı və həmçinin həmin qərarın ona təqdim edildiyi vaxtı müəyyən edən sənədlər əlavə edilməmişdir. Həmçinin şikayətin məzmunundan görünür ki, şikayət vermiş şəxs Şəxs inzibati tənbeh vermə haqqına qərardan deyil inzibati xəta haqqında protokoldan şikayət vermiş və həmin protokolun ləğv edilməsini istədiyini qeyd etmişdir. Azərbaycan Respublikası qanunvericiliyində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol Polis Bölməsinin 28 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol Polis Bölməsinin 28 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar