Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-356/2024 14.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, taksi sürücüsü işləyən, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Hava X5 İTB-nin inspektoru, polis leytenantı X9 tərəfindən tərtib olunmuş 13 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, 13 sentyabr 2024-cü ildə X1 polis nəfəri, polis serjantı X12 ilə birlikdə X11 Limanında xidmətdə olduqları zaman saat 18:30-da 1 nəfər taksi sürücüsünün Hava Limanının ərazisində Bakı-Naxçıvan reysi ilə gələn sərnişinlərə qışqıraraq avtomobilinə çağırmaqla vətəndaşları narahat etməsini aşkar etdiklərindən və sərnişinlərin haqlı narazılıqları ilə bağlı olan şifahi müraciətlərinə əsasən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə əməlinin inzibati xəta pozuntusu olmasını şəxsə izah etdikdə o əməlinə haqq qazandıraraq davam edəcəyini bildirdiyi üçün həmin şəxs barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirdikdə, o aşkar surətdə qəsdən tabesizlik göstərərək polis şöbəsinə getməkdən boyun qaçırmaqla, nalayiq ifadələr işlədərək, hadisə yerindən qaçmışdır. Sonradan həmin şəxsin, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. X14 X5 İTB-nin inspektoru, polis leytenantı X9 tərəfindən tərtib olunmuş 13 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, 13 sentyabr 2024-cü ildə saat 19:50-də X1 polis nəfəri, polis serjantı X12 ilə birlikdə X11 Limanında saat 18:30-da ictimai qaydanı pozmaqla, polisin qanuni əmrinə tabe olmayaraq oradan qaçmış, xx.xx.1985-ci il təvəllüdlü Şəxs yaşadığı ünvan 2 ünvanında saxlanılaraq barəsində araşdırma aparılması üçün tərəflərindən polis şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dünən saat 15:30-da Hava Limanına daxil olduğunu, 3 reys gəldiyini, lakin heç müştəri apara bilmədiyini, ancaq digər taksi sürücülərinin dəfələrlə müştəri apardıqlarını, bunun səbəbinin isə onların müştəriləri səsləməsi olduğunu, ona isə bunları etməyə icazə verilmədiyini, o da məcbur qalıb bir müştəriyə “şəhərə gedirəm” deyə səsləndiyini, bundan sonra Azər Zeynalovun ona yaxınlaşaraq “belə etməməli olduğunu, heç kimi səsləyə bilməyəcəyini” bildirdiyini, daha sonra onu Polis Şöbəsinə aparmaq üçün avtomobilinə polis əməkdaşının oturduğunu, yolda olan zaman ailəsinə xəbər vermək istədiyini bildirdiyini, anasına zəng etdiyini, anasının isə yaşlı və xəstə olduğu üçün qardaşına zəng etməsini, onun ona köməklik edə biləcəyini bildirdiyini, qardaşına zəng etmək istədiyi zaman isə polis əməkdaşının onun əlindən telefonu aldığını, daha sonra ona “qurumsaq” dediyini, bu sözü qəbul edə bilməyəcəyi üçün DİN-ə şikayət edəcəyini, polis əməkdaşının roldan tutaraq qəza etmələrinə səbəb olduğunu, daha sonra da şikayətə getdiyini, əməkdaşlar tərəfindən lazımi tədbir görüləcəyinin bildirildiyini, sonra da özünün Polis Şöbəsinə gəldiyini, dünən axşamdan orada ac-susuz saxlanıldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, polis əməkdaşlarının ona onun Hava Limanında işləmək istəmədiklərini bildirdiyini, bunun hansı səbəbdən olduğunu bilmədiyini, Sədərək rayonuna apardığı müştərini şəhər daxilində bir neçə ünvana apardığı, 1 saat 1 ünvanda gözlədiyi, eləcə də müştərinin tələbinə əsasən yüksək sürətlə sürdüyündən çox benzin istifadə etdiyi üçün ondan 100 (bir yüz) manat pul aldığını bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X10 izahatında şəxsin ilk dəfə belə etmədiyini, dəfələrlə məhkəməyə gətirildiyini, barəsində protokol tərtib olunduğunu, həmin gün də saat 18:30 radələrində Hava Limanı daxilində vətandaşı narahat etdiyini, daha sonra onunla profilaktik söhbət aparıldığını, lakin özünü müdafiə etdiyini, bu söhbətdən nəticə çıxarmadığını, rəhbərliyə bu halı məruzə etdiklərini, rəhbərlik tərəfindən Polis Şöbəsinə gətirilməsi ilə bağlı göstəriş verildiyini, polis əməkdaşı onu Polis Şöbəsinə apararkən ona tabesizlik göstərdiyini, qaçdığını, bir müştərini 100 (bir yüz) manata Sədərək rayonuna apardığını, qazidən az məsafə yol üçün 6 (altı) manat aldığını, əvvəllər də bu kimi hallara yol verdiyindən daxil olan şifahi müraciətlər əsasında onunla profilaktik söhbətlər aparıldığını, bu kimi halların təkrar yaşanmayacağını bildirdiyini, lakin şəxsin yenə də hərəkətlərini davam etdirdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında verdiyi izahatında rəhbərlik tərəfindən vətəndaşların şifahi müraciətləri əsasında taksi sürücülərinin müştərilərlə ünsiyyətdə olmamaları, avtomobillərindən düşməmələri ilə bağlı göstəriş verildiyini, 13 sentyabr 2024-cü tarixdə Şəxs vətəndaşı çağıraraq narahat etdiyi üçün Polis Şöbəsinə gətirilməsi ilə bağlı göstəriş verildiyini, bu səbəbdən onun avtomobilinə oturaraq Polis Şöbəsinə sürməsini istədiyini, yolda gedən zaman şəxsin ailəsi ilə danışmaq istədiyini, onun da buna şərait yaratdığını, anası ilə danışdığını, ona “şikayətə get” dediyini, daha sonra da qardaşına zəng etmək istəyərkən əlindən telefonu alaraq “icazə olmadığını” dediyini, şəxsin avtomobili şəhər istiqamətinə sürdüyünü, avtomobildən düşərək qaçdığını, avtomobilin yanında durması üçün əməkdaşa zəng etdiyini, daha sonra şəxsin arxasınca getdiyini, onu tutduğunu, şəxsin isə onu itələyərək yenidən qaçdığını, arxasınca düşmədiyini, axşam saatlarında şəxsi Polis Şöbəsinə gətirdiklərini bildirdi. X4 məhkəmə iclasında verdiyi izahatında Şəxs vətəndaşları dəfələrlə narahat etdiyini, maşına minmələri üçün çantalarını götürdüyünü, dünən də eyni hal yaşandığından şəxsə yaxınlaşdıqlarını, özlərini təqdim etdikdən sonra şəxslə söhbət apardıqlarını, lakin şəxsin özünə haqq qazandırdığını, şəxsi X7 rəhbərliyin göstərişi ilə Polis Şöbəsinə apardığını, lakin yolda şəxs qaçdığı üçün avtomobilin yanında durması üçün ona məlumat verdiyini, daha sonra şəxsin Polis Şöbəsinə gətirildiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 13 sentyabr 2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini “xırda xuliqanlıq” inzibati xəta əməli kimi qəbul etmək olmaz. Ümumiyyətlə qeyd edilməlidir ki, sadəcə ucadan birini səsləmək İXM-nin 510-cu maddəsinin tərkibini yaratmır. Yalnız ictimai qaydanı pozmaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddə ilə təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini “polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməli kimi qəbul etmək olmaz. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin hər hansı bir qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə də təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs vətəndaşı ucadan səslədiyinə görə polis əməkdaşlarının onu polis şöbəsinə aparmaq istədikləri zaman qardaşına xəbər vermək istədikdə icazə vermədikləri üçün çıxıb getmişdir. Onun xırda xuliqanlıq əməli törətmədiyi halda polis əməkdaşlarının polis şöbəsinə aparmaq istədikləri üçün getməsi polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qimətləndirilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-356/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-356/2024
14.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver