Məhkəmə qərarları › İş №3(078)-360/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-360/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-360/2025 30.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, İsmayılova Mədinə Səməddin qızının katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Babək rayonu, Cavidabad kəndində anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikasının vətəndaşı (xxxxxxx), evli, 2 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə təqdim edilmişdir.

2. Protokola əsasən borclu Həsənov X2 Şəhər Məhkəməsinin 2(078)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 11468.64 manat məbləğində pul vəsaitini üzrsüz səbəbdən ödəməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 23 yanvar 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və Şəxs bildiriş göndərilmişdir. Borclunun evinin olduğunu lakin Nazirlər Kabinetinin qərarına əsasən ona həbs qoya bilmədiklərini bildirdi. Şəxsə dəfələrlə xəbərdarlıq olunduğunu lakin ödəniş etmədiyini söylədi. Şəxs, Zərərçəkmiş şəxs avtoqəza ilə vurmuş, buna görə də Elçin şikəst qalmışdır. 03 aprel 2025-ci il tarixdə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, 24 aprel 2025-ci ildə isə 8 gün inzibati qaydada həbs edilmişdir. Lakin dəfələrlə çağırmalarına baxmayaraq heç bir ödəniş olunmadığını bildirdi. Aprel ayında əmək müqaviləsinin vaxtı bitdiyi üçün müqaviləsinə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, qarşı tərəf pulu ödəməyib. Buna görə də şikayətçidir. Protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2 övladı var kasıb adamdır ancaq hissəhissə ödəniş edə bilər. Bildirmişdir ki, 8 gün inzibati qaydada həbs ediləndən sonra 100 manat məbləğində pulu poçtla ödəmiş, lakin qarşı tərəf qəbul etməmişdir. Bildirmişdir ki, aylıq 100-150 manat məbləğində ödəniş edə bilər. Maddi imkanının zəif olması ilə bağlı hissə-hissə ödəniş etməyi məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir.

7. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 11468.64 (on bir min dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir.

8. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(078)-103/2025 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

9. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-196/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir.

10. İcra işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 05 may 2025-ci il tarixli, 11 nömrəli Naxçıvan Muxtar Respublikası Naxçıvan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubundan görünür ki, 30 aprel 2025-ci il tarixdə Şəxs müqaviləsi bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir.

11. İcra işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 20 iyun 2025-ci il tarixli Aktdan görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurları, icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu Şəxs yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evində olublar. Fərdi yaşayış evinə baxış keçirilən zaman borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və əşya və ya hər hansı ev heyvanına rast gəlinməmişdir.

12. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan icra sənədi üzrə ödənişlər etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.

13. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.

14. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

16. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

17. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

18. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

19. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

20. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

21. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır.

22. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

23. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

24. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablanmalıdır.

25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

xx.xx.1980-ci ildə Babək rayonu, Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Həsənov X3 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest vermək olar.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar