Məhkəmə qərarları › İş №3(078)-363/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-363/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-363/2023 11.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışını etmişdir. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 221.3-cü maddəsi üzrə tərtib olunmuş 31 iyul 2023-cü il tarixli, 004943 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışını etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə etiraz ərizəsi göndərərək, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb Şəxs MMC-yə məxsus aptekdə Almaniya istehsalı olan Zolomaks preparatının Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi qiymətdən baha qiymətə satılması qeyd edilib. Tərtib edilmiş protokol əsassız olduğundan və inzibati xəta tərkibi olmadığı səbəbindən başlanmış inzibati icraata xitam verilməlidir. Şəxs MMC dərman preparatlarının pərakəndə satışını həyata keçirir. Pərakəndə satılan dərmanlar həmin dərmən preparatlarının topdan satışını həyata keçirən hüquqi şəxslərin anbarından alınır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Şəxs MMC-yə ünvanlanmış 878619 saylı elektron qaimədən də aydın görünür ki, Almaniya istehsalı olub, Alprazolam qrupuna daxil olan Zolomaks 0,5 mg N30 tabletkası "xxxx" MMC-nin anbarından 10,98 manata alınıb. İnzibati xəta tərkibinin olması üçün inzibati xəta törətmiş şəxs bu əməlin hüquqazidd olduğunu bilməli və bu əməli qəsdən və ya ehtiyatsızlıqdan törətmiş olmalıdır. Lakin elektron qaimədən də görünür ki, Şəxs MMC satılan dərman preparatını "xxxx" MMC-dən baha qiymətə alıb və sahibkar olaraq qazanc əldə etmək məqsədilə qanunla müəyyən edilmiş həddə qiymət artımı ilə satışı həyata keçirib. Yəni, Şəxs MMC-nin əməlində hüquqazidd inzibati xətanın tərkibi yoxdur. Əgər tərkib varsa, bu birbaşa "xxxx" MMC- yə aiddir. Hazırki halda Şəxs MMC təqsirləndirilən şəxs deyil, faktiki olaraq zərərçəkmiş şəxsdir. Bu səbəbdən də, inzibati məsuliyyətə cəlb edilə bilməz. Əməldə inzibati xətanın tərkibi olmadığından başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 28 iyul 2023-cü il tarixli çıxarışa, yoxlama suallarının siyahısına və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 20 iyul 2023-cü il tarixli, 01 nömrəli qərarına əsasən, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmiş dərman vasitələrinin satış qiymətinə nəzarət məqsədilə 28 iyul 2023cü il tarixdən 01 avqust 2023-cü il tarixədək plandankənar (növbədənkənar) yoxlamalar aparılmışdır. 31 iyul 2023-cü il tarixli, 01 nömrəli akta əsasən, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Grindex firmasının istehsalı olan Zolomaks əmtəə nişanlı, Alprazolam tərkibli 0,5 mg dərman vasitəsinin 10 ədədini 4.66 manata almışdır. Həmin dərman vasitəsinin 10 ədədinin 1.20 manata satılmalı olduğu halda, 3.46 manat baha qiymətə, yəni 4.66 manata satışı həyata keçirilmişdir. Haliyyədə əczaxanada həmin dərman vasitəsinin 30 ədədinin 14 manata pərakəndə satışı həyata keçirilməsi müəyyən olunmuşdur. 18 iyul 2023-cü il tarixli, 295 nömrəli reseptin surətinə əsasən, Zolomaks 0,5 mg N30 tabletkasının 10 ədədinin 4.66 manata satışı həyata keçirilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 21 iyul 2015-ci il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərindən çıxarışa əsasən, Grindex SC firmasının (Latviya) istehsalı olan Zolomaks əmtəə nişanlı, Alprazolam tərkibli 0,5 mg dərman vasitəsinin 30 ədədinin 3.02 manata topdansatış, 3.62 manata pərakəndə satışı həyata keçirilir. 31 iyul 2023-cü il tarixli, 004943 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışını etmişdir. Məhkəmə protokol və ona əlavə edilən sənədləri araşdırıb müəyyən edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışını etmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi vardır və həmin əməli törətməkdə təqsirlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İXM-in 221.3-cü maddəsinə əsasən, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə, baxmalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, köçürülən məbləği həcmini nəzərə alaraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə İXM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar