Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-371/2023 04.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan MR Daxili İşlər Nazirliyi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında 04 avqust 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq müəyyən etdim: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmişdir. Belə ki, protokolda qeyd edilən maddələrdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 511.1.3-cü maddələri üzrə inzibati xəta haqqında işə baxmaq səlahiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmələrin səlahiyyətinə aid edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017ci il tarixli, Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.8-ci bəndinə əsasən şəxsin eyni zamanda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyi aşkar olunduqda, tərtib edilmiş protokolda hər bir xəta göstərilir. Baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda, hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin qərarın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Göründüyü kimi hazırki iş üzrə şəxsin törətdiyi 2 müxtəlif inzibati xətaya görə barəsində 2 maddə ilə vahid bir inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin maddələr üzrə inzibati xəta haqqında işə baxmaq məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, həmin işlərin hamısına birlikdə eyni orqan kimi məhkəmədə, eyni vaxtda baxıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Buna görə də yuxarıda göstərilənlər nəzərə alınmaqla, protokol tərtib etmiş səlahiyyətli orqan həmin iş üzrə qərardad qəbul edərək (icraatın ayrılması barədə), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən baxılması məhkəmənin səlahiyyətinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsi üzrə işi baxmaq üçün məhkəməyə göndərməli, öz səlahiyyətinə aid olan işə isə həmin səlahiyyətli orqanın özü tərəfindən baxılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən qərara aldım: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Naxçıvan MR Daxili İşlər Nazirliyi X1 İdarəsinə geri qaytarılsın. Protokol tərtib etmiş orqanın diqqəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın tələblərinə əməl etməyə cəlb edilsin. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-371/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-371/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver