Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-372/2023 05.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nemət oğlunun iştirakı ilə, 20 fevral 1994-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Nemət oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs Nemət oğlu barəsində Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 28 iyul 2023cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Nemət oğlu X2 məxsus “Chevrolet Aveo” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər yetirmişdir. Bununla da, Şəxs Nemət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs Nemət oğlu özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 26 iyul 2023-cü il tarixdə, saat təxminən 11:15 radələrində Naxçıvan şəhəri, Əziz Əliyev küçəsindən Atatürk küçəsinə idarə etdiyi “Vaz 2101” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönən zaman işıqforun yaşıl işığında sağ tərəfdən gələn, düzünə hərəkət edən “Chevrolet Aveo” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili görmədim. Həmin avtomobilin ön hissəsinə keçdim və mənim idarə etdiyim avtomobili ön sağ tərəfindən vurdu. Nəticədə heç birimiz xəsarət almadıq. Hadisə mənim yol ayrıcı qaydasını pozduğum üçün, mənim təqsirli olduğumdan baş vermişdir. Dəyən ziyanı ödəmişəm. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Nemət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Nemət oğlu həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş 28 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nemət oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan əməl törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xətahaqqında iş üzrə icraat aparılan Şəxs Nemət oğlunun törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Nemət oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Nemət oğlu Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin protokol tərtib edən orqanın diqqətinə çatdırılır ki, protokolun məhkəməyə göndərilməsi müddəti ilə bağlı nöqsana yol verilmişdir. Belə ki, qeyd olunan protokol 28 iyul 2023-cü il tarixdə tərtib edilməsinə, şəxsin təqsirləndirildiyi maddədə inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulmasına, qeyd olunan kateqoriya işlərə məhkəmə tərəfindən dərhal baxılmalı olmasına baxmayaraq həmin protokol tərtib olunduğu gün yox, tərtib olunduqdan 8 gün sonra məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: Şəxs Nemət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-372/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-372/2023
05.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver