Məhkəmə qərarları › İş №3(078)-375/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-375/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-375/2024 27.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), ali təhsilli, Şərur rayon Təhsil şöbəsində mühasib işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 15 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol X11 patrul xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib olunmuş 15 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 06 avqust 2024-cü il tarixdə “KİA Optima minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında avtoqəza olmadan 4 gün əvvəl Türkiyə Respublikasının İzmir şəhərindən gəldiyini, 2 gün yol gəldiyini, nənəsinin şəkər xəstəsi olduğu həmçinin əsəb problemləri olduğu üçün həkimin ona yuxu dərmanı yazdığını, 2 gün yol gəldiyi üçün həmin dərmandan atdığını, analizin nəticəsində həmin dərmanın çıxdığını, həkimin özünün də həmin dərmana görə çıxdığını dediyini, qəza törədilən vaxt narkotik sərxoşluğu olmadığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, 10 günə maşının ustadan çıxacağını, aparıb təhvil verəcəyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 vətəndaşların razılaşdıqlarını, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, zərərçəkmiş şəxsin Şərurda olduğunu, ona görə məhkəmə iclasına gələ bilməyəcəyini dediyini bildirdi. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 07 avqust 2024-cü il tarixli, 1355 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Naxçıvan şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.2000-ci il təvəllüdlü Şəxs götürülmüş sidik nümunəsində PCP (preqabalin) müsbət aşkar olundu. OPİ (-), MOP (-), BUP (-),BZO (- ), COC (-), MTD (-), AMP (-), MDMA (-), MET (-), BAR (-) aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinin 14 avqust 2024-cü il tarixli, 297 saylı məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “Praktik sağlam” - diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 093341 nömrəli qaiməfakturadan görünür ki, X5 istifadəsində olan “VAZ 21074 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 2688 manatdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli, 491 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, hazırda Şəxs təqsirləndirildiyi maddənin məzmunundan da göründüyü kimi qeyd olunan maddənin tərkibinin yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməli və nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməli və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. Lakin qeyd olunan iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsini əks etdirən sənədlər iş materiallarına əlavə edilməmişdir. Ekspert rəyində isə onun narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmadığı göstərilmişdir. Qeyd edilən 15 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında prtokol və ona əlavə edilmiş sənədlər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli, 491 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından Şəxs sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı olduğu aşkar edilmişdir. Yəni, aktdan da görünür ki, 06 avqust 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs avtomobil idarə edərkən narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinin məzmununa əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar