Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-378/2025 13.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə, xx.xx.1958-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 13 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış HKpi-1095/25 nömrəli material üzrə vətəndaş Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi və toplanmış HKpi-1095/25 nömrəli material üzrə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası) maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilmişdir. Baxış zamanı götürülərək qablaşdırılmış ümumi təmiz çəkisi 199.9 qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına verilməsi qərara alınmışdır. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işlədiyi yerdə yolun kənarında bitkini əkib-becərdiyini, özünün uzun müddət əvvəl istifadə etdiyini, indi də öz istifadəsi üçün yetişdiyini, 2 kol olduğunu, aprel ayında əkdiyini, İran vətəndaşından toxumu aldığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında şəxsin əməlini səmimi şəkildə etiraf etdiyini, ziddiyyətli məqam olmadığını, 2 kol olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan 11 avqust 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və ferma yaxınlığında həyətyanı sahəyə baxış keçirilməsinə dair protokoldan görünür ki, Naxçıvan Şəhər Polis İdarəsinə, Şəxs narkotik vasitələri və psixotrop maddələri Naxçıvan şəhəri, Əliabad qəsəbəsi yaxınlığında, NP2 yanacaq doldurma məntəqəsinin arxasında yerləşən fermanın həyətyanı sahəsində əkib becərməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Naxçıvan şəhəri, Əliabad qəsəbəsi yaxınlığında NP2 yanacaq doldurma məntəqəsinin arxasında yerləşən fermanın həyətyanı sahəsində olarkən saxlanılaraq hüquqları izah olunmuş, daha sonra daxil olmuş məlumata əsasən həmin şəxsin işlədiyi fermaya baxış keçirilmiş, baxış zamanı həmin həyətyanı sahədən 2 ədəd aqrotexniki qulluq edilmiş çətənəyə bənzər bitki aşkar edilmiş, çəkisi yoxlanılmış və qablaşdırılaraq götürülmüş, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi yaxınlığında NP2 yanacaq doldurma məntəqəsinin arxasında yerləşən fermanın həyətyanı sahəsində narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək sözügedən həyətyanı sahəyə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Şəxs, həyətyanı sahədə saxladığı 2 (iki) ədəd aqrotexniki qaydalara uyğun qulluq edilmiş marixunaya bənzər kütlələri təqdim etmiş, daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli, 860 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində "Şəxs Bəhmən oğlunun kultivasiya etdiyi çətənə bitkisinə bənzər 2 ədəd bitki: İştirak etdilər: 1. imza Ceyhun Zülfüqarov; 2. imza Fərid Əliyev; 3. imza Şirxan Şirəliyev; 4. imza Ramal Allahverdiyev; 5. imza Seymur Qarayev; 6. imza Şəxs; Tərtib etdi: Təhqiqatçı, polis baş leytenantı imza Nicad Babayev" yazıları olan və 04 yerdən "Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi zərflər üçün" möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd göy rəngli sellofan paketin içərisindəki yaş vəziyyətdə ümumi təmiz çəkisi – 200 qram olan 02 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. 11 avqust 2025-ci il tarixli aqronomun aktına əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 13 avqust 2025-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu maddədə “az miqdarda” dedikdə, dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx xxxxxx 1958-ci il tarixdə doğulmaqla 65 yaşına çatmışdır. Həmçinin 2-ci dərəcəli əlilliyinə görə 393.32 manat pensiya alır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alır belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, cərimənin məbləği 225 (iki yüz iyirmi beş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə maddi sübut məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs yaşadığı Naxçıvan şəhəri, Əliabad qəsəbəsi yaxınlığında NP2 yanacaq doldurma məntəqəsinin arxasında yerləşən fermanın həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 200 (iki yüz) qram olan 02 ədəd narkotik vasitə olan çətənə (kannabis) bitkisinin 0,1 (sıfır tam onda bir) qramı tədqiqat üçün sərf edildiyindən hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan qalan hissəsi yəni, 199.9 (bir yüz doxsan doqquz tam onda doqquz) qramı müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, 225 (iki yüz iyirmi beş) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın inzibati cərimənin tətbiq edilməsinə dair hissəsinin icrası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 199.9 (bir yüz doxsan doqquz tam onda doqquz) qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Maddi sübutun məhv edilməsi müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən həyata keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-378/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-378/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver