Məhkəmə qərarları › İş №3(078)-384/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-384/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-384/2023 14.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fəhlə, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, 7-ci küçə, döngə 1, ev 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şahbuz rayonu, ünvan 3 ünvanında yaşayan X4 09 avqust 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, 09 avqust 2023-cü il tarixdə yaşadığı ünvanda həyat yoldaşı Şəxs onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 14 avqust 2023-cü il tarixdə 002246 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 09 avqust 2023-cü il tarixdə yoldaşının ona “gedirəm kreditlə telefon götürəm” dediyini, buna razı olmadığını, yoldaşının “mən öz maaşımla alaram, sən qazandığın pulu verirsən anava” dediyini, anasına zəng etdiyini, “mama mən sənə nə vaxt pul vermişəm” dediyini, yoldaşının onun anasını söyməyə, təhqir etməyə başladığını, əsəbləşdiyini, yumruqla onun ağzından vurduğunu, təpiklə də vurduğunu, Səmanın hərəkətinin ona acıq gəldiyini, əməlindən peşman olduğunu, barışmaq istədiyini, qanuni qərar verilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X4, 09 avqust 2023-cü il tarixdə, saat 07 radələrində həyat yoldaşının onunla mübahisə etməyə başladığını, mübahisənin səbəbinin onun yaxınlarını təhqir etməsi və maaş kartını zorla əlindən alması olduğunu, onun etdiklərinə susmadığına görə Səbuhinin onu döydüyünü, əvvəllərdə onu döydüyünü, lakin şikayətini geri götürdüyünü, bu haqda polisə məlumat verdiyini, bu zaman ona aid olan Xiaomi Redmi 9 markalı telefonunu yerə çırparaq qırdığını, onu bağışlamadığını, şikayətçi olduğunu, həbs olunmasını tələb etdiyini, qanuni cəzalandırılmasını xahiş etdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli, 1057 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində başın tüklü hissəsində, üzün və hər iki yuxarı ətrafın müxtəlif nahiyyələrində çoxlu sayda qançırlar, alt dodağın selikli qişasında yara aşkar edildi. Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir, həmçinin, bilavasitə yumruq zərbəsinin bədənin müvafiq nahiyyələrinə çırpılması nəticəsində yarana bilərdi. Xəsarətlərin yaranma müddəti müayinə gününə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 14 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 13:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyətini yüngülləşdirən hal qismində qiymətləndirirəm. İşdə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 14 avqust 2023-cü il tarixdən, saat 13:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 14 avqust 2023-cü il tarixdən, saat 13:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar