Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-391/2025 24.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X1 və Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 iştirakları ilə, Şikayət vermiş şəxs X1 Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin 25 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X3 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, 24 avqust 2025-ci il tarixdə Naxçıvan şəhəri, Kalbalıxan məhəlləsi ərazisində 67BL997 dövlət qeydiyyat nişanlı, NAZ LİFAN LF7132F-330 MİNİK markalı avtomobilini idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşları avtomobilini saxlamışdır. Sənədlərini tələb edərək maşına əlavə avadanlıq quraşdırdığını bildirmişlər. O, isə maşına əlavə avadanlıq quraşdırmadığını bildirmişdir. Sonra əlavə avadanlıq varsa onu yerində aradan qaldımaq üçün ona icazə verilməsini xahiş etmişdir. Polis əməkdaşları bu xahişinə məhəl qoymamışlar. Cərimə yazılmasını istədikdə maşının duracağa getməli olduğunu demişlər. Cərimənin cərimə meydançasında yazılacağı bildirilmiş, lakin orada da ona protokol yazılmamışdır. 102 xidmətinə zəng vurmuşdur. Oradan onun avtomobilini saxlayan polis əməkdaşlarını taparaq cərimə yazdırması deyilmişdir. Həmin polis əməkdaşlarını taparaq cərimə yazılmasını istəmiş, lakin polis əməkdaşı ona "get nə edirsən, əlindən nə gəlirsə elə, maşının içəridə qalacaq" demişdir. Maşın içəridə qalmışdır. Növbəti gün, 25 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə ona inzibati cərimə tətbiq edilmişdir. NAZ-lifan 330 (minik) avtomobilinin istehsalı uzun müddətdir ki dayanmışdır, öz hissələrini tapmaq çətinlik yaradır, onun avtomobilə dumanlı işıq qoymaqda məqsədi təhlükəsiz sürüşü təmin etməkdən ibarət olub, çünki xarici işıqlar zavod istehsalı olsa da çox zəifdir. Sutkanın qaranlıq vaxtlarında görüş məsafəsini azaldır və dumanlı havalarda isə ümumiyyətlə yol görünməz olur. Polis əməkdaşları bunu nəzərə almamış və araşdırma aparmamışdır. Göründüyü kimi qanunvericilik yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini təsbit etmişdir. O, protokolla razılaşmadığını bildirsə də, barəsində heç bir araşdırılma aparılmadan xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərar qəbul edilmişdir. Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni pozuntunun nədən ibarət olunması ilə bağlı araşdırma aparmadan, qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması barədə qeyd göstərmədən barəsində inzibati protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasında qeyd edilmiş halların, yəni hansı normativ tələblər pozulmasını müəyyən etməkdən müvafiq mütəxəssis rəyi alınmadan barəsində inzibati qərar qəbul edilmişdir. İnzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 izahatında 24 avqust 2025-ci il tarixdə yolda gedərkən polis avtomobilinin ona işıq atdığını, özünün də avtomobili kənara çəkdiyini, polis əməkdaşlarının əvvəl sənədləri istədiklərini, sonra avtomobilinə işıq quraşdırdığını dediklərini, özünün də avtomobili yeni aldığını, heç nə quraşdırmadığını, ümumiyyətlə nə isə quraşdırılmasından da xəbəri olmadığını, avtomobilin əvvəlki sahibinin işıq quraşdırdığını, ancaq həmin işığın da qanunla qadağan edilmədiyini, avtomobilin heç bir konstruktiv bütövlüyünü pozmadığını, sadəcə olaraq yapışqanla yapışdırıldığını, mülkiyyətində olan avtomobilin istehsalının dayandığını, bu səbəbdən ehtiyat hissələrinin satışda olmadığını, polis əməkdaşına onun protokolunun yazılmasını dediyini, lakin polis əməkdaşının inzibati xəta haqqında protokolu yazmadığını, növbətçi hissəyə yaxınlaşmasını dediklərini, özünün yaxınlaşdığını, orada da polis əməkdaşlarını tapmasının dediyildiyini, gedib polis əməkdaşlarını tapdığını, polis əməkdaşlarının ona “sabah gəl baxarıq” dediklərini, özünün də indi yazmalarını dediyini, ancaq yazmadıqlarını, avtomobilini 1 gün duracaqda saxladıqlarını, qərarı və protokolu vermələrini, məhkəməyə müraciət edəcəyini dediyini, bundan sonra polis əməkdaşlarının bir az çəkindiklərini, məhkəməyə müraciət etməyə ehtiyac olmadığını dediklərini, polis əməkdaşlarının onu 24 avqust 2025-ci il tarixdə 16:30-da saxladıqlarını, lakin inzibati xəta haqqında protokolun 25 avqust 2025-ci il tarixdə tərtib edildiyini, polis əməkdaşlarına avtomobilini içəridə saxlamağa hüquqları olmadığını, özünün içkili olmadığını, cinayət hadisəsi törətmədiyini, axtarışda olmadığını bildirdiyini, lakin ona əhəmiyyət vermədiklərini, ona yerində cərimə yazılmalı olduğunu, lakin yazılmadığını, özünün heç bir təqsiri olmadığını bildirərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X6 izahatında şikayət vermiş şəxs X1 avtomobili saxlanıldığı zaman onun avtomobilində həmin avtomobili istehsal edən zavod tərəfindən quraşdırılması nəzərdə tutulmayan işığın quraşdırıldığının aşkar edildiyini, bu səbəbdən şəxsin barəsində 25 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsi ilə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edildiyini, inzibati xətanın 25 avqust 2025-ci il tarixdə aşkar edildiyini, 25 avqust 2025ci il tarixdə də inzibati tənbeh vermə haqqında qərar tərtib edildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidmətinin 25 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib olunmuş 25 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:15-də “Nazlifan LF7132F-330” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş X2 Şəhadətnaməsinin surətindən görünür ki, “Nazlifan LF7132F-330” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 22 iyul 2025-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Məhkəmə şikayət verənin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Şikayətin təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol tərtib edilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 86.1-ci maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda tətbiq edilən tədbirlər siyahısında nəqliyyat vasitəsinə baxış keçirilməsi (İXM 86.1.4) də göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan fasiləsiz videoçəkiliş aparılmaqla keçirilə bilər. Həmin Məcəllənin 93.4-cü maddəsinə əsasən maddi sübutların qeydə alınması məqsədilə onların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyat vasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur. Həmin Məcəllənin 93.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Qeyd edilən 25 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin avtomobilə quraşdırılmış işığın nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozduğuna, yəni normativ tələblər pozulmaqla, X3 tərəfindən avadanlıq quraşdırıldığına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də həmin hadisənin baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5- 2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsi Yol Patrul Xidmətinin 25 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X11 İdarəsi Yol Patrul Xidmətinin 25 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-391/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-391/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver