Məhkəmə qərarları › İş №3(078)-393/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-393/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-393/2025 05.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X29 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X12 iştirakı ilə, Şikayət vermiş şəxs X12 Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:

1. Şikayət vermiş şəxs X20 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin 22 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şikayət vermiş şəxs X20 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X24 Xidmətinin 11 avqust 2025-ci il tarixində tərtib edilmiş MN seriyalı ******* nömrəli protokolunda İXM-nin 192.4, 192.6, 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir.

3. NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X24 Xidmətinin 22 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən barəsində 1700 manat inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Həmin qərarda isə İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə istinad edilmişdir.

4. İlkin olaraq qeyd edir ki, sözügedən qərarda əmək qanunvericiliyinin tələblərinin pozulması qeyd edilsə də, tərəfindən məhz hansı normanın pozulması göstərilməmişdir ki, bu da özlüyündə hansı hüquq pozuntusunun aradan qaldırılmalı olmağını qeyrimüəyyən edir. Çünki həmin qərarla ona şərti cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.2 və 116.3-cü maddələrinə görə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda qeyd etdiyi kimi barəsində şikayət verdiyi qərarda onun hansı hüquq pozuntularını aradan qaldırmağı ona məlum olmur, lakin ona təqdim olunmuş 11 avqust 2025-ci il tarixində tərtib edilmiş MN seriyalı ******* nömrəli protokolunda inzibati iş üzrə icraatın başlanılmasına səbəb kimi İXM-nin 192.4, 192.6, 198.1.5-ci maddələri, həmçinin Müfəttişlik tərəfindən ona təqdim olunmuş H.Aynurənin şikayət ərizəsindən isə işçinin son hesabla bağlı məsələni mübahisələndirməsi müəyyən olunur. Həm inzibati xəta haqqında protokolda, həm də H.Aynurənin şikayət ərizəsində tərəfinə ünvanlanmış ittihamları nəzərə alaraq bildirir ki, qeyd edilənləri qəbul etmir.

5. İlk öncə diqqətə çatdırır ki, 06 yanvar 2025-ci il tarixdə NMR Kənd Təsərrüfatı Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova tərəfindən imzalanmış 3-22-24/3-1-2-1/2025 nömrəli əmrlə NMR Kənd X1 direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmişdir. AR Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən həvalə müddəti 3 ay nəzərdə tutulduğundan səlahiyyət müddəti 06 aprel 2025-ci il tarixdə başa çatmış, rəhbərliyə həmin vəzifənin icrasını davam etdirmək niyyətində olmadığını dəfələrlə bildirməyinə baxmayaraq həmin vəzifənin icrası üçün yeni işçi təyin edilməmiş, onun həmin vəzifənin icrasını davam etdirməyi barədə hər hansı formada razılığı alınmamışdır. Səlahiyyət müddəti 06 aprel 2025-ci il tarixdə başa çatmış, həmin tarixdən ona əmək haqqı həvalə üzrə ödənilən 50% məbləğ nəzərə alınmadan əvvəlki vəzifəsi üzrə hesablanmış, ƏMAS platformasında isə vəzifəsi Baytarlıq Laboratoriyasının müdiri kimi qeyd olunmuşdur. Hazırda müvəqqəti icra etdiyi vəzifə isə Naxçıvan Kənd X1 direktoru vəzifəsidir. Nəticə etibarilə hazırki halda inzibati xətanın subyekti qismində tanınmağının mümkün olmadığını hesab edir.

6. Hazırki iş üzrə qəsd və ehtiyatsızlıqdan söhbət belə gedə bilməz, hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Müfəttişliyin sözügedən qərarından aydın olmasa tərtib edilmiş yuxarıda qeyd olunan protokol və H.Aynurənin şikayət ərizəsindən ona məlum olan hallara münasibətdə qeyd edir ki: Aynurə Hüseynova nəticəsində 01 iyul 2025-ci il tarixdə tutduğu vəzifədən ərizəsi əsasında israrı ilə azad olunmuşdur. O, işdən azad olunma barədə təqdim etdiyi 01 iyul 2025-ci il tarixli ərizədə öz arzusu əsasında işdən çıxmaq istədiyini bildirmiş, lakin ərizəsində işdən azad olunmaq istədiyi dəqiq tarixi (günü) göstərməmiş, bundan əlavə kadr işləri üzrə əməkdaşın diqqətsizliyi və özünün məlumatsızlığı nəticəsində ərizə yazıldığı şəkildə qəbul edilmişdir.

7. H.Aynurə ərizə təqdim etdiyi tarixdə təkidlə tez bir şəkildə işdən azad olunmasını tələb etmiş, ona nahara qədər gözləməsini desə də, təcili şəkildə proseslərin yekunlaşmasını istədiyini bildirmişdir. H.Aynurənin qeyd etdiyi formada işdən azad olunmaq istəyinə işçilər də şahid olmuşdur. Məhkəmə tərəfindən Mərkəzin əməkdaşlarının şahid qismində dindirilməsinə heç bir etirazı yoxdur. H.Aynurənin əmək müqaviləsinə 1 aylıq xəbərdarlıq müddəti gözləmədən xitam verilsə də, işdən çıxarıldığı gündən bu günədək onun tərəfindən işə bərpa olunmasına dair hər hansı müraciət daxil olmamışdır.

8. Özünün tərəfindən ona ərizəsində tarixin göstərilməməsi ilə bağlı problemin ortadan qaldırılması məqsədilə yeni ərizə təqdim etməsi bildirilsə də, o yeni ərizə təqdim etməkdən imtina etmişdir. Yaranmış vəziyyətdən sui-istifadə edərək gah “Son hesabım ödənilsin ərizə verim", gah da "Məni laborant kimi işə qaytarın" deyir. H.Aynurənin ünvanına 12 avqust 2025-ci il tarixdə məktub ünvanlanmış, hüquqi savadsızlıq nəticəsində məqsədli şəkildə olmayan yol verilmiş nöqsanı aradan qaldırmaq üçün onu işə bərpa etmək məqsədilə Mərkəzə dəvət etmiş, bundan əlavə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış onun əvvəl tutduğu vəzifə üzrə ştatın vakant saxlanıldığını bildirmişdir. Bütün bunlara baxmayaraq H.Aynurə işə bərpa olunmaq istəmədiyini bildirmiş və bu barədə yazılı ərizə təqdim etməkdən imtina etmişdir. Yuxarıda qeyd etdiyi kimi son telefon danışıqlarında isə təhsillnin uyğun gəlmədiyi laborant vəzifəsinə təyin olunmaq istədiyini bildirmişdir.

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsi təkcə işçinin yox, işəgötürənin də hüquqlarını qoruyur. Belə ki, 1 aylıq xəbərdarlıq müddəti işçinin işdən çıxmaq istəyini rəhbərə çatdırdıqdan sonra müəssisənin fəaliyyətinin pozulmaması və davamlılğının təmin edilməsi məqsədilə yeni işçi götürməyə imkan yaratmaq və vaxt qazanmaq məqsədilə işəgötürənin də hüquqlarının qorunmasına yöndəldilmişdir. Qeyd olunan nöqsanın aradan qaldırılması məqsədilə H.Aynurənin barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilib onun razılığı xaricində yenidən işə bərpası barədə yeni əmrin verilməsi isə yeni daha da çətin halın ortaya çıxmasına səbəb olacaq. Onun üzrlü səbəb olmadan işə çıxmaması ağır şərtlərdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunmasına gətirib çıxaracaq. Çünki H.Aynurə yaranmış problemlərin aradan qaldırılması məqsədilə dəfələrlə danışıqlar aparılmasına və rəsmi şəkildə məktubla müraciət edilməsinə baxmayaraq yenidən işə qayıtmaq istəmir. Bu qeyd edilənlərə görə hesab edir ki, tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan inzibati xəta əməli törədilməmişdir.

10. Digər vacib nüans ondan ibarətdir ki, H.Aynurənin Müfəttişliyə ünvanladığı şikayət ərizəsinin əsasını işə bərpa məsələsi deyil, ona ödənilmiş son hesabın düzgün hesablanılmaması təşkil edir. Son hesabın ödənilməsi Azərbaycan Respublikasının 288ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin predmeti hesab olunur. Əmək mübahisəsi isə məhkəmədə həll olunur və inzibati xətanın obyektini təşkil edə bilməz. H.Aynurə köhnə direktor Nərmin Seyidova tərəfindən işə götürülmüş və əmək müqaviləsində 21 təqvim günü məzuniyyət müəyyən olunmuşdur. Özünün işlədiyi dövrdə o, məzuniyyətə buraxılmamış, işdən azad olunduğu vaxt həmin əmək müqaviləsində göstərildiyi kimi 21 günə uyğun son hesab verilmişdir. A.Hüseyhova Müfəttişliyə verdiyi şikayətdə qeyd etdiyi son hesabın düzgün hesablanmaması ilə bağlı nöqsan isə onun tərəfindən araşdırılmış və qanunvericiliyə uyğun olaraq 42 günlük yenidən düzgün hesablanaraq onun hesabına tam şəkildə 2025-ci ilin avqust ayında ödənilməsi təmin edilmişdir.

11. Sadalananlar nəticəsində tərəfindən H.Aynurənin əmək hüququnun hansı şəkildə pozulduğunu müəyyən etmək mümkün deyildir. Bundan başqa xx.xx.2024-cü il tarixli əmrlə A. Hüseynovaya qısaldılmış iş günü müəyyən olunmuşdur. Əlillik statusuna əsasən bütün qanunvericilikdə nəzərdə tutulan güzəştlər tətbiq edilmişdir. Lakin tabel cədvəlində gündəlik iş saatı 7 deyil, səhvən 8 saat göstərilmişdir. Qeyd olunan tabel cədvəllərində düzəliş edilərək problem aradan qaldırılmışdır. Tabelin tərtib edilməsinə yol verilən mexaniki səhvlik onun əmək hüquqlarını hər hansı şəkildə məhdudlaşdırmamışdır. Müvafiq əmr və akt şikayətə əlavə olunur. Mərkəzin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş akta əsasən H.Aynurənin həqiqətən də, gün ərzində müəyyən olunmuş natamam iş saatlarından artıq işə cəlb olunmadığını sübuta yetirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94.5-ci maddəsinə əsasən əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Sözügedən maddənin tələbinə uyğun olaraq H.Aynurə natamam iş vaxtında işləməsinə baxmayaraq ona əmək haqqı tam şəkildə ödənilmişdir.

12. Əlavə olaraq qeyd etmək zəruridir ki, H.Aynurə nəinki iş vaxtından artıq işə cəlb edilməyib, idarədaxili müəyyən olunmuş qaydalara zidd olaraq iş vaxtının başladığı saatdan gec gəlmiş, ona tanınan imtiyazlardan sui-istifadəyə yol vermiş bu barədə dəfələrlə ona şifahi xəbərdarlıq edilmişdir. Hər kəsə məlum olduğu kimi xadimə vəzifəsini yerinə yetirən işçilər bir çox müəssisələrdə gördükləri işin təyinatına uyğun olaraq müəyyən edilmiş vaxtdan daha qısa iş rejimində işləyirlər. H.Aynurənin qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq işlədilməsində qəti şəkildə maraqlı olmamışdır. Hazırki vəziyyəti açıq şəkildə izah etmək məqsədilə qeyd edir ki, xadimə olaraq tapşırılan işlərin görülməsi, o cümlədən müəssisənin ayaq yolunun təmizlənməsi vəzifəsinin icrasını həyata keçirmək istəməsə də, onu məcbur etməmişdir. Xadimə olaraq müəssisənin bütün otaqlarının, o cümlədən ayaq yolunun təmizliyindən məsul olmaq qədər təbii nə ola bilər ki?!

13. Müfəttişliyə son hesabın düzgün hesablanmaması şikayətilə müraciət edən H.Aynurə Müfəttişliyin də dəstəyi ilə işdən çıxma ərizəsini özü yaza bilməsinə baxmayaraq, şikayət ərizəsini Müfəttişliyin əməkdaşı yazıb ortaya yeni-yeni tələblər qoyur. İş saatları xaricində, hətta həftə sonları onunla telefon əlaqəsi yaradır, zənginə gec cavab verdikdə ona iradlar bildirir, "Görün indi nə edəcəm sizi məhkəməyə verəcəm" deyib hədə-qorxu gəlir. Baxmayaraq ki, H.Aynurə intizamsız işçidir hətta əlində bıçaqla otağına girərək ona hədə gəlib, onun işə qayıtmasında, yaranmış vəziyyətin aradan qaldırılmasında maraqlı olduğunu demişdir. H.Aynurə isə problemin həllinə nəinki yanaşmır, hətta məsələni daha da çıxılmaz hala gətirməklə məşğuldur. Yuxarıda qeyd edilənlərə əsasən Müfəttişlik tərəfindən aşkarlanmış nöqsanın işdən çıxma ərizəsində tarix göstərilməməsi sabiq işçiləri H.Aynurə tərəfindən qəsdən yaradılan maneələr nəticəsində aradan qaldırılmasının imkanları xaricində olması halını, qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təkcə işçinin yox, işəgötürənin də hüquqlarını qoruduğunu və müvafiq inzibati xəta haqqında iş üzrə subyekt qismində tanınmamağını hüquqi baxımdan mümkün olmadığını nəzərə alaraq qərar qəbul edilməsini bildirmişdir.

14. Ərizəçi şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.2, 116.3, 12.1, 13, 14-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və 94.5-ci maddələrinə istinad edərək şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X18 şikayətin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, X24 Xidməti tərəfindən ona əmri ləğv etməsi və işçinin təkrar işə götürülməsi barədə əmr verməsi, işçi gəlmədiyi halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarması təklif olunmuş, o, isə işçinin işə bərpa olunmaq istəmədiyini, bunu birtərəli qaydad etsə daha böyük problemlərin olacağını bildirmişdir. Xidmətin əməkdaşı isə belə edəcəyi halda işçinin verəcəyi şikayətə baxılmayacağını bildirmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.

17. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası qərarından şikayət verilən Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir.

Sübutların tədqiqi:

18. İş materiallarında olan 17 iyul 2025-ci il tarixli, Babək rayonu, Nəzərabad kənd sakini X21 tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin rəisi Elnar Hüseynova yazılmış şikayətdən görünür ki, 01 iyul 2025-ci il tarixdə işdən azad olunmuşdur. İşlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etməmiş, son hesab olaraq 265 manat pul ödənilmiş, o isə bu məbləğlə razı deyil. Qeyd olunan bu məsələlərin qanunauyğun araşdırılmasını və ona çatacaq olan son-haqq hesab ödənişinin düzgün hesablanıb təmin olunmasında köməklik göstərilməsini xahiş etmişdir.

19. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Əmək müqaviləsindən görünür ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Kənd X1 direktoru X3 Aynurə Əmir qızı ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamışdır.

20. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli, 3-1-2/91 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan X10 Mərkəzinin Əmrindən məlum olur ki, mərkəzin xadiməsi X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ qrup əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) həftə ərzində 36 saat olmaqla onun gündəlik iş vaxtı 1 saat qısaldılaraq 0900-dan 1700-dək müəyyən edilmişdir.

21. İş materiallarında olan 6 yanvar 2025-ci il tarixli, 3-22-24-5/3-1-2-1/2025 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan X10 Mərkəzinin Əmrindən görünür ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 6 yanvar 2025-ci il tarixli 3-22-24/3-1-2-1/2025 nömrəli əmrinin icrası nəzərə alınmış və Naxçıvan X6 Mərkəzi T.Ə.Mirzəyevaya həvalə olunmuş vəzifə üzrə nəzərdə tutulmuş aylıq əməkhaqqının 50%- inin ödənilməsi qeyd olunmuşdur.

22. İş materiallarında olan, 6 yanvar 2025-ci il tarixli, 3-22-24/3-1-2-1/2025 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əmrindən məlum olur ki, Naxçıvan Kənd X1 direktoru vəzifəsinin icrası 2025-ci il 6 yanvar tarixindən müvəqqəti olaraq həmin Mərkəzin Baytarlıq laboratoriyasının müdiri X14 həvalə edilmiş, Naxçıvan X6 Mərkəzi T.Ə.Mirzəyevaya nəzərdə tutulmuş aylıq əmək haqqının 50%-nin ödənilməsinin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2024-cü il 25 oktyabr tarixli 4-22/3-1-2-75/2024 nömrəli əmrinin 3cü və 4-cü bəndlərinin ləğv edilməsi, T.Ə.Mirzəyeva Mərkəzin əmlakının təhvil təslimini həyata keçirməsi, hüquq, kadr və kargüzarlığın təşkili sektoru və Naxçıvan X6 Mərkəzi bu əmrdən irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etmələri qeyd olunmuşdur.

23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Əmək müqaviləsindən görünür ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X23 X4 Turanə Əqil qızı ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlamışdır.

24. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli 5K2W3UH000307 nömrəli Əmək müqaviləsində dəyişiklikdən görünür ki, X2 laboratoriyasının müdiri vəzifəsinə təyin olunmuşdur.

25. İş materiallarında olan 24 iyun 2025-ci il tarixli Aktdan görünür ki, X13 davranışları, əmək funksiyalarının icra olunmaması, əmək və icra intizamının pozulması, etik davranış qaydalarının ciddi şəkildə pozulması və rəhbər heyətə qarşı hörmətsiz və aqressiv münasibət göstərilməsi halı kimi qiymətləndirilmişdir. Əmək Məcəlləsinin 186-cı və 72-ci maddələrinə, həmçinin müəssisənin daxili intizam və etik davranış qaydalarına əsasən bu faktların intizam tənbeh tədbiri tətbiqi üçün əsas yaratdığı qeyd edilmişdir.

26. İş materiallarında olan 24 iyun 2025-ci il tarixli, 3-22-24-5/3-1-2-14/2025 nömrəli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan X8 Mərkəzinin Əmrindən görünür ki, mərkəzin xadiməsi X15 müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün töhmət verilməsi, işçinin növbəti mükafatdan məhrum edilməsi, töhmət barədə əmrin sürəti X13 şəxsi işinə tikilməsi qeyd olunmuşdur.

27. İş materiallarında olan Naxçıvan Kənd X1 direktoru vəzifələrini müvəqqəti icra edən X16 yazılmış 01 iyul 2025-ci il tarixli Ərizədən məlum olur ki, X21 ərizə yazaraq öz istəyi və ərizəsi əsasında işdən azad edilməsini xahiş etmişdir.

28. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, Aktdan görünür ki, X21 xx.xx.2025-ci il tarixində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim etmişdir, lakin ərizədə işdən çıxmaq istədiyi tarix göstərilməmişdir. Ərizəni təqdim edərkən, işçi əmək münasibətlərinin elə həmin gündən xx.xx.2025 tarixindən dayandırılmasını istədiyini işəgötürənə şifahi şəkildə bildirmiş, xəbərdarlıq müddətini gözləmək istəmədiyini və bu barədə tam razı olduğunu bəyan etmişdir. Ərizədə işdən çıxma tarixi göstərilməsə də, əmək münasibətlərinin dayandırılması zamanı əmək qanunvericiliyinin tələbləri tam şəkildə gözlənilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Qərar qərəzli xarakter daşımamış, işçiyə qarşı hər hansı hüquq pozuntusu baş verməmişdir. Əmək münasibətlərinə razılaşma və qarşılıqlı anlaşma şəraitində xitam verilmişdir.

29. İş materiallarında olan 1 iyul 2025-ci il tarixli, 3-22-24-5/3-1-2-15/2025 nömrəli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan X8 Mərkəzinin Əmrindən görünür ki, Mərkəzin Maliyyə və təsərrüfat sektorunun xadiməsi X13 əmək müqaviləsinə işçinin öz xahişi ilə 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisəsinin "a" bəndinə əsasən xitam verilmiş, Mərkəzin Maliyyə və təsərrüfat sektorunun müdiri baş-mühasibi M.X17 son haqq-hesabının ödənilməsini təmin edilməsi, Maliyyə və təsərrüfat sektorunun kadr və kargüzarlıq məsələləri üzrə baş mütəxəssisi S.X9 əmək kitabçasında lazımı qeydlər apararaq özünə təhvil verilməsi həvalə olunmuşdur.

30. İş materiallarında olan 11 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X12 İnzibati Xətalar Məcəlləsinin 192.4, 192.6, 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətdiyi müəyyən olunmuşdur.

31. İş materiallarında olan 11 avqust 2025-ci il tarixli, 3-22-24/2-69/2025 nömrəli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan X8 Mərkəzinin, Babək rayonu, Nəzərəbad kənd sakini X15 yazılmış işə bərpa ilə bağlı məktubdan görünür ki, işdən çıxma ərizəsində işdən çıxma tarixi qeyd olunmadığı üçün sənədlərinin düzgün və tam şəkildə tərtib olunması mümkün olmadığından, iş prosedurlarının qaydasında tamamlanması və müvafiq sənədlərin hazırlanması üçün o, işə bərpa olunmağa dəvət edilmişdir. Həmin məktub xx.xx.2025-ci il tarixdə X13 atası tərəfindən təhvil alınmışdır.

32. İş materiallarında olan, 11 avqust 2025-ci il tarixli telefonoqramdan görünür ki, işçiyə işə bərpa olunması ilə bağlı müraciət edilmişdir. İşçi işə bərpa olunmaq istəmədiyini bildirmişdir.

33. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli Aktdan görünür ki, əvvəllər xadimə vəzifəsində çalışmış işçi X21 11 avqust 2025-ci il tarixində işə bərpa olunması üçün yazılı və şifahi şəkildə xəbərdar edilmişdir. 12 avqust 2025-ci il tarixində işçi müəssisəyə gəlmiş, lakin ona təklif olunmuş işə bərpa olunmaqdan imtina etdiyini bildirmişdir. Yalnız texnik və ya laborant vəzifələrindən birində təklif olunduğu halda işləməyə razı olduğunu bildirmişdir. Ona əvvəlki vəzifəsi olan xadimə kimi iş təklif olunsa da, bu təklifi qəbul etməmişdir.

34. İş materiallarında olan 13 avqust 2025-ci il tarixli telefonoqramdan görünür ki, 13 avqust 2025-ci il tarixində X21 ilə saat 10:41-də telefonla əlaqə saxlanılmışdır. İşçiyə işə bərpa olunması ilə bağlı məktub ünvanlandığı bildirilmiş və məktubun atası tərəfindən qəbul edildiyi işçi tərəfindən təsdiqlənmişdir. Sonrakı zəng saat 12:42 zamanı işçi bildirmişdir ki, ailə üzvləri ona işə qayıtmağa icazə vermir və işə bərpa olunmaq, eləcə də hər hansı tələb etmək niyyətində deyil. İşçi son hesabdan başqa heç nə istəmədiyini bildirmişdir.

35. İş materiallarında olan 20 avqust 2025-ci il tarixli, Aktdan məlum olur ki, əvvəllər xadimə vəzifəsində çalışmış işçi X21 20 avqust 2025-ci il tarixində Mərkəzə gəlmişdir. Onunla aparılan söhbət zamanı işə bərpa olunmaq istəmədiyini açıq şəkildə bildirmişdir.

36. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə, X20 barəsində 1700 manat inzibati cərimə şərti olaraq tətbiq edilmişdir.

37. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli, Aktdan görünür olur ki, X21 əlillik statusuna əsasən xx.xx.2024-cü il tarixli 3-1-2/91 nömrəli əmr ilə təsdiqlənmiş qısaldılmış iş günü rejimində çalışıb və hər gün saat 17:00-da iş yerini tərk etdiyi qeyd olunmuşdur. X21 tərəfindən iş rejiminə tez-tez əməl olunmamış, işə gec gəlmə, icazədən gec qayıtma və qeyri-müntəzəm iş intizamı halları müşahidə olunmuşdur. Bu hallar əməkdaşlar və rəhbərlik tərəfindən dəfələrlə qeydə alınmış və xəbərdarlıq edilmişdir.

38. İş materiallarında olan Kapital Bank ASC Naxçıvan filialının X23 Nazirliyinin Naxçıvan Kənd X1 Avqust 2025-ci il tarixli əmək haqqı Mədaxil reyestrindən məlum olur ki, X21 avqust ayında 300.84 manat məbləğində əmək haqqısını almışdır.

39. İş materiallarında olan X23 Nazirliyinin Naxçıvan Kənd X1 işçilərinə 2025-ci ilin avqust ayı üçün hesablama cədvəlindən görünür ki, X7 haqq-hesab olaraq 325,25 manat pul hesablanaraq ödənilmişdir.

40. İş materiallarında olan Naxçıvan Kənd X1 işçilərinin yanvar-iyun ayı aralığındakı tabelindən məlum olur ki, X13 iş saatı 1 saat qısaldılaraq gün ərzində 7 saat qeyd edilmişdir.

41. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X21 izahatında bildirdi ki, ora işə gedən zaman Turanə xanım orada yox idi. Nərmin xanım var idi. Problemsiz işləmiş, hətta Turanə xanımla da problemi olmamışdır. Sadəcə olaraq Turanə xanımın işdən atılması üçün oyun oynanılmışdır. Bu oyun isə onun başında çatlamışdır. Ona deyilmişdir ki, ya verilən işlər görüləcək yada işdən çıxacaqsan. Saat 4-ə qədər gözləmiş, axırda demişdir ki, ərizəni verin yazım gedim. Sanki, hər şey planlanmışdır. Əmək kitabçası, sənədlər hamısı hazır idi. Samirə xanım ərizəni tez-tez demiş və o da deyilənləri yazmışdır. İş yoldaşları ilə sağollaşmış və işdən getmişdir. Ona deyiblər ki, onun maaşı karta vurulacaq. Həm də ki, əmək məzuniyyətinə çıxmamışdır deyə əlavə pul vurulacaqdır. İşdən çıxdığına görə hamının hətta, Turanə xanımın nömrəsini silmişdir. Ayın 16-sı 265 manat maaş kartına vurulmuşdur. Onun isə maaşı 370 manat olmuşdur. Həm də ll qrup əlilliyinə görə sənəd vermişdir. Yarı gün işləməliymiş, lakin 9-da gəlib 6-da getmişdir. Maaş gəldikdən sonra getmiş hesablatdırmış və onda deyilmişdir ki, ona az maaş verilib. Yenidən idarəyə getmiş, Turanə xanım orada olmamışdır. Müşfiq müəllimi görmüş, salam vermiş, lakin salamını almamışdır. Deyib ki, bəs maaşı az vurulub. Cavab olaraq isə onu da almısan sevin demiş və qapını örtmüşdür. Oradan çıxmış və Əmək Müfəttişliyinə getmişdir. Oraya ancaq pul ilə bağlı şikayətə getmişdir. Başqa bir məqsədlə və ya kimdənsə şikayətə getməmişdir. X25 deyiblər ki, işə geri qayıtmaq istəyirsən mi? O da deyib ki, mənim yerimdə olsaydınız qayıdarsınız mı? Özü isə qayıtmaram demişdir. Oradakı müəllim ona demişdir ki, işinə qayıt Turanə xanıma da deyilib o da sizi gözləyir. Orada nə qədər insanın yanında yalvarmış ona şərt qoyurmuşlar, indi oraya işə qayıtmaq istəmir. Orada deyib ki, işə qayıtmıram, heç kimdən də şikayətçi deyiləm. Sadəcə olaraq pulumu almaq istəyirəm. Ayın 16-sı ilə 20-si arasında bir tarixdə Turanə xanım zəng etmiş o isə zəngi açmamışdır. Nömrələri sildiyinə görə tanımamışdır. Sonra yenə 2 gün zəng etmişdir. Axırda zəng vurmuş, danışmışlar və Turanə xanım ona işə qayıtmağı təklif etmiş, o, isə bundan imtina etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

42. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

43. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

44. Maddə 8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1); İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir(8.2); İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir(8.3).

45. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

46. Maddə 53.1.2. İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

47. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

48. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

49. Maddə 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.

50. Maddə 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

51. Maddə 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

52. Maddə 129.1.3. İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

53. Maddə 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

54. Maddə 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

Əmək Məcəlləsi

55. Maddə 69-un 1-ci bəndi. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

56. Maddə 69-un 3-cü bəndi. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

57. Maddə 69-un 5-ci bəndi. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

58. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

59. Maddə 292-nin 2-ci bəndi. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

60. Maddə 294-ün 1-ci bəndi. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

61. Maddə 296-nın 2-ci bəndi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Məhkəmənin mövqeyi:

62. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X20 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir.

63. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisənin qanuni və ədalətli həlli üçün İnzibati Xətalar Məcəlləsində təqsir və təqsirsizlik məsələlərinə həmçinin, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi inistitutunun mahiyyətinə aydınlıq gətirilməlidir.

64. Belə ki, İnzibati Xətalar Məcəlləsininin 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yəni, Qanunverici təqsirin iki formasını qəsd və ehtiyytasızılığı təsbit etmiş və bu iki formadan biri ilə əməli törədən şəxsin məsuliyyətə cəlb ediləcəyini təsbit etmişdir. Eyni zamanda təqsirin hər iki formasının anlayışını vermiş və həmin anlayışlarda inzibati xəta törətmiş şəxsin öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etməsi, onun zərərli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi qəsd hesab olunmuş, inzibati xəta törətmiş şəxsin öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməsi, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməsi, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməsi ehtiyatsızlıq olaraq təsbit edilmişdir.

65. Yəni şəxsin əməlində qəsd və yaxud ehtiyatsızlıq yoxdursa, onun hər hansı inzibati məsuliyyətindən söhbət gedə bilməz və bu da məhz təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətini əhatə edir.

66. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi inistitutunun mahiyyətinə gəlində məhkəmə qeyd edir ki, bu inistitutun mahiyyəti şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün ona zaman və imkan verilməsindən ibarətdir. Bu bir tərəfdən hüquqları pozulan şəxsin əlavə süründürməçiliyə yol verilmədən hüquqlarının qısa zamanda təmin edilməsini, digər tərəfdən isə hüquqpozmaya yol verən şəxsin yol verdiyi pozuntunu aradan qaldıracağı təqdirdə inzibati məsuliyyətə cəlb edilməməsini təsbit etməklə, İXMnin 2-ci maddəsində təsi edilmiş Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsinə xidmət edir.

67. Məhkəmə həmçinin qeyd edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi inistitutu fomal olmamalı, həmin vəzifələrin həyata keçirilməsi üçün effektli olmalı və hər iki tərəf üçün də tətbiq edilə bilən olmalıdır.

68. Hazırki işdən görünür ki, X11-haqq hesabın düzgün ödənilməməsi barədə şikayətlə X24 Xidmətinə müraciət etmiş və Xidmət tərəfindən aparılmış araşdırma nəticəsində İXM-nin 192.4, 192.6, 198.1.5-ci maddələrinə əsasən protokol tərtib olunmuşdur. Həmin protokol tərtib olunduqda sonra qeyd edilən hallar(son haqq hesabın yenidən hesablanıb ödənilməsi və.s) işəğötürən tərəfindən aradan qaldırıldığından, Xidmət məhz 192.6-cı maddə ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir.

69. Yuxarıda da qeyd edildiyi kimi inzibati cərimənin şərti olaraq tətbiq edilməsi inistitutu fomal olmamalı, həmin vəzifələrin həyata keçirilməsi üçün effektli olmalı və hər iki tərəf üçün də tətbiq edilə bilən olmalıdır. Qeyd edilən inistitutun ona verdiyi imkandan faydalanıb işçini təkrar işə götürmək və cərimənin tətbiq olunmasının qarşısını almaq üçün hazırki şikayət verən şəxs tərəfindən əməli addımlar atılmış, işçi dəfələrlə yazılı və şifahi qaydada işə bərpa olunmağa dəvət edilmiş, lakin, hər dəfəsində işçi iradə ifadəsini bəyan edərək işə bərpa olunmaq istəmədiyini bildirmişdir. Həmin fakt məhkəmə iclasında iştirak zamanı verdiyi izahatı və məhkəməyə təqdim etdiyi ərizə ilə də məhkəmə tərəfindən müəyyən olunmuş, işçinin iradə ifadəsinin məhz ərizənin verdiyi gün işdən çıxmaq olduğu öz təsdiqini tapmışdır.

70. Məhkəmə həmçinin qeyd edir ki, işdən çıxarıldığı vaxtdan 2 ay müddət keçməsinə baxmayaraq, X21 qanunsuz işdən çıxarılmasını mübahisələndirməmiş, işə bərpa barədə məhkəmə müstəvində iddi qaldırmamışdır. Bu hal özülüyndə onun məhz ərizə yazdığı gün işdən çıxma barədə niyyətinin və iradə ifadəsinin olduğunu təsdiq edir.

71. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində İXM-nin 192.6-cı maddəsi ilə cərimənin şərti tətbiq olunması barədə qərar qəbul edilən X12 əməlində inzibati məsuliyyətə səbəb olan hər hansı təqsirdən (qəsd və ya ehtiyatsızlıq) söhbət gedə bilməz.

72. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

X12 şikayəti təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar