Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-398/2024 17.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 iştirakları ilə, xx.xx.1988-ci ildə Babək rayon, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 3 uşaq atası, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 17 oktyabr 2024-cü il tarixli, 228802/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-630/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 22 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 05 aprel 2023cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla üç uşaq üçün ümumilikdə 480 (dörd yüz səksən) manat miqdarında alimentin tutularaq 28 iyul 2010-cu il təvəllüdlü X4, 20 iyul 2012-ci il təvəllüdlü X5 və 30 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün X2 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında iş yeri olmadığı üçün aliment pulunu tam olaraq ödəyə bilmədiyini, 2024-cü ilin yanvar ayında eyni icra sənədinə görə inzibati qaydada həbs olunduğunu, fevral ayından başlayaraq hər ay 200 manat ödəniş etdiyini, gücünün buna çatdığını, 300 manat gəliri olduğunu, onun 200 manatını aliment kimi ödədiyini, qalan 100 manatını da yemək pulu etdiyini, 1-ci gündən işə gedəcəyini, yenə də ödənişlər edəcəyini, maddi imkanı olmadığından tələbi tam təmin edə bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında Şəxs 2024-cü ilin yanvar ayında eyni icra sənədinə görə inzibati qaydada həbs olunduğunu, fevral ayından başlayaraq hər ay 200 manat ödəniş etdiyini, şəxsin maddi vəziyyətinin çox aşağı olduğunu, evlərinə də gedib baxdıqlarını, yaxşı vəziyyətdə yaşamadığını, icranın yönəldilə biləcəyi hər hansı bir əmlakı olmadığını, icradan yayınmadığını, tələbkarın məcbur etdiyini, ona görə protokol tərtib edərək məhkəməyə göndərdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 22 sentyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-630/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 05 aprel 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla üç uşaq üçün ümumilikdə 480 (dörd yüz səksən) manat miqdarında aliment tutularaq 28 iyul 2010-cu il təvəllüdlü X4, 20 iyul 2012-ci il təvəllüdlü X5 və 30 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-630/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 26 sentyabr 2023cü il tarixli tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-75/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Tumbul Bələdiyyəsi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 70 nömrəli məktubdan görünür ki, Şəxs mərhum atasına aid həyətyanı torpaq sahəsində yaşayır və adına heç bir torpaq sahəsi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti Tumbul kənd İƏDN tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs çöl pay torpağı yoxdur və əvəzsiz maliyyə yardımı almır. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı ödəniş qəbzlərindən borclu tərəfindən tələbkara xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat və xx.xx.2024-cü il tarixdə 200 manat olmaqla ödənişlər edildiyi müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun inzibati tənbeh aldıqdan sonra 1 il ərzində qərarın icrasından yayındığını göstərən hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Şəxs təqsirləndirildiyi maddənin tərkibinin yaranması üçün İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməlidir. İşin hallarına nəzər saldıqda isə görünür ki, şəxsə məhkəmə qərarı ilə inzibati tənbeh tətbiq edildikdən sonra müntəzəm ödəmələr aparmış, bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icradan yayınmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən, borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatlarından görünür ki, Şəxs tərəfindən aylıq ödənişlər həyata keçirilmişdir. Qeyd olunan aylıq ödənişlər həyata keçirildiyi halda icra məmuru tərəfindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi halı aşkar edilməmiş, onun tərəfindən aylıq ödənişlər ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-398/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-398/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver