Məhkəmə qərarları › İş №3(078)-401/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-401/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-401/2025 04.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsininin nümayəndəsi X3 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ailəli, 2 uşaq atası, orta təhsilli, yük daşıyan (arabaçı) işləyən, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1981-ci il təvəllüdlü, Babək rayon Nehrəm Qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs 03 sentyabr 2025-ci il tarixdə, saat 11:30-da Naxçıvan şəhəri ərazisində saxlanılmış, saat 11:45 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin binasına gətirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsininin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Elşən adlı şəxs barəsində Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, qərar qəbul olunmuş, şəxsin işlədiyi yerə gedilmiş və narkotestə aparılmışdır. Həmin testdən mariuxana müsbət aşkar olunmuşdur. Dindirmə zamanı şəxs bildirmişdir ki, Bakıdan tanışı gəlmiş məclisdə içkili vəziyyətdə olmuş və o zaman istifadə etmişdir.

3. Barəsində inzibati protokol tərtib olunan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, əvvəllər narkotik istifadə etməmişdir. 3-4 gün əvvəl öz kəndçisi Bakıdan toya gəlmiş və evə gedən zaman təklif etmişdir ki, sənə də verim qəbul et. Bu zaman 2 dənəsini istifadə etmiş və evə getmişdir. Üzərindən bir müddət keçəndən sonra polis əməkdaşları gəlmiş və testə aparmışdır.

4. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir.

5. Belə ki, İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 tərəfindən 04 sentyabr 2025-ci il tarixdə verilmiş 418 nömrəli rəyə əsasən, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsilə müayinə olunub, nəticədə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur.

6. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 04 sentyabr 2025-ci il tarixli məktubuna əsasən THC (tetrahidrokannabinol) müsbət aşkar olundu OPİ (-). COC (-), BAR (-), BZO (-), MTD (-), МOР (-), BUP (-). PCР (- ). AMP (-). MDMA (-). MET (-) aşkar olunmadı.

7. 03 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 03 sentyabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur.

8. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur.

9. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

10. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.

11. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

12. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır.

13. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını, himayəsində azyaşlı uşaqlaının olmasını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır.

14. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır.

15. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir.

16. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir.

17. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

18. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

19. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır.

20. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz ) manat miqdarında cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar