Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-402/2025 05.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Babək rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 2 uşaq atası, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:
1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 05 sentyabr 2025ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2015 saylı icra sənədi üzrə tələbi təmin etməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.
3. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında, protokolu müdafiə etmiş və bildirmişdir ki, 2021-ci ilin sentyabr ayından iş onun icraatında olmuşdur. 2021-2025-ci illər arasında olan qrafiki çıxartmış və hazırda borcun 4518 manat olduğu məyyən edilmişdir. Lakin, o aralıqda uşaq bəzən atası ilə qalmışdır. Atanın yanında qaldığı müddətdə borcun silinməsi ilə bağlı borcluya məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 01 sentyabr 2025-ci il tarixə 4518 manat miqdarında borcu yaranmışdır. 28 oktyabr 2022-ci il tarixdə uşaqlardan biri atasının yanına gəlmiş, 27 avqust 2022-ci il tarixdə anasının yanına geri qayıtmış və 2023-cü ilin noyabr ayından atasının yanında qalmağa başlamışdır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında Şəxs izahatında, borcun süni olaraq yarandığını bildirmişdir. Çünki uşaqlardan biri onunla, digəri isə anası ilə yaşayır, digər uşağa ödəniş edilir, sadəcə may və iyun ayı ödəniş edilməmişdir. Ona səbəb isə uşaq 3 ay gəlmiş və atası ilə qalmışdır. Buna görə də anası razılaşmışdır ki, 3 ay onun yanında qaldığı müddətdə 100 manat ödənişi də etməlidir. Qalan borcun isə uşaq 3 ilə yaxındır atası ilə qalır və bütün xərci onun üzərindədir, həmçinin 100 manat alimentdən başqa 200 manat da əlavə başqa alimentə ödəniş edir. 100 manat ödənişi gecikdirmədən ödədiyini bildirmişdir. Protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:
5. İş materiallarına əlavə olunmuş 05 iyun 2015-ci il tarixli icra vərəqəsindən məlum olur ki, Şəxs 15 may 2015-ci il tarixdən başlayaraq hər ay uşaq üçün 100(bir yüz) manat olmaqla, ümumilikdə 200(iki yüz) manat sabit məbləğdə alimentin tutularaq 05 sentyabr 2007-ci il təvəllüdlü X9 və 14 mart 2010-cu il təvvəlüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 verilməsi qət edilmişdir.
6. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2015 saylı, 07 iyul 2015-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
7. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2015-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
8. İş materiallarında olan 19 noyabr 2015-ci il tarixli X7 İttifaqının Gəmiqaya Şirkəti MMC tərəfindən Naxçıvan Şəhər İcra Bölməsinə yazılmış məktubdan görünür ki, Şəxs 15 oktyabr 2015-ci il tarixdən öz ərizəsi əsasında 198 nömrəli əmrlə işdən azad edilmişdir. Buna görə də 2(078)-483/2015 nömrəli icra vərəqəsi geri qaytarılmışdır.
9. İş materiallarında olan 11 iyul 2016-cı il tarixli X6 tərəfindən Naxçıvan Şəhər İcra Bölməsinə yazılmış notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü övladı X11 hal-hazırda onun yanında yaşayır və himayəsindədir. Onunla bağlı aliment ödənişinin tam bərpa olunaraq ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Şəxs xəbərdarlıq edilmişdir.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Naxçıvan İcra və X2 Mahir Musa oğlu tərəfindən yazılmış ərizədən məlum olur ki, oğlu Şəxs xx.xx.2022-ci il tarixdən atası ilə yaşayır.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan İcra və X2 Mahir Musa oğlu tərəfindən yazılmış ərizədən məlum olur ki, oğlu Şəxs xx.xx.2023-cü il tarixədək atası ilə birlikdə yaşayırdı. xx.xx.2023-cü il tarixdən etibarən anası X6 ilə yaşayır.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan İcra və X2 Mahir Musa oğlu tərəfindən yazılmış ərizədən məlum olur ki, oğlu Şəxs xx.xx.2023-cü il tarixdən atası ilə birlikdə yaşayır.
14. Məhkəmə tərəfindən tələb edilmiş və məhkəmə iclasında tədqiq olunmuş İcra işinin materiallarından görünür ki, borclu tərəfindən tələbkar X1 2021-ci ildən 2025-ci ilin sentyabr ayınadək 6682 manat ödəniş edildiyi müəyyən olunmuşdur
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
15. Məhkəmə hesab edir ki, Şəxs icra sənədini üzrsüz səbəbdən icrа etməməsi və İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulаn inzibаti xətаnı törətməsi sübutа yetməmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
17. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
18. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.
19. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
21. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
22. Həmin Məcəllənin 84.-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
23. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirilməməlidir.
25. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, Şəxs 2021-ci ilin yanvar ayından 2025-ci ilin avqust ayı daxil olmaqla 6682 manat ödəniş edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixindən X9 atasının yanında yaşamağa başlamış, bu fakt icra məmuru tərəfindən də təsdiq olunmuşdur.Həmçinin məhkəmə araşdırması zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır.
26. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.
27. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
28. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir.
29. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri).
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
33. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
34. Həmin Məcəllənin 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
35. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq
qəraraaldı:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Aslan Heydarov.