Məhkəmə qərarları › İş №3(078)-407/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-407/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-407/2023 25.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 25 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-43-6/2-10976/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 24 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Qeyd olunan halların araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.7-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, 24 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərər çəkmiş şəxsə hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamışdır. Həmçinin həmin protokolun surətinin zərərçəkmiş şəxsə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, protokola əlavə edilmiş sənədlərdən görünür ki, zərər vurulan ** BE *** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı avtomobil X1 mülkiyyətindədir. Belə olan halda X2 zərərçəkmiş şəxs olsa da onun izahatı alınmamış, ona hüquq və vəzifələri izah edilməmiş və protokolun surəti ona təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Şəxs 10 avqust 2007-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışdır. Belə olan halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən onun qanuni nümayəndəsinin iştirakı təmin olunmalıdır. Lakin İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanuni nümayəndəsi cəlb edilmədən onun barəsində inzibati xəta haqqında icraat başlanılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəxs müdafiəçidən imtina etmiş və onun imtinası qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmçinin protokol tərtib edən orqan tərəfindən qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 86.1-ci maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda tətbiq edilən tədbirlər siyahısında nəqliyyat vasitəsinə baxış keçirilməsi (İXM 86.1.4) də göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. Həmin Məcəllənin 93.4-cü maddəsinə əsasən maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. Həmin Məcəllənin 93.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 24 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmalıdır. Həmçinin protokol tərtib edən orqanın diqqətinə çatdırılır ki, protokolun məhkəməyə göndərilməsi müddəti ilə bağlı nöqsana yol verilmişdir. Belə ki, qeyd olunan protokol 24 avqust 2023-cü il tarixdə tərtib edilməsinə, şəxsin təqsirləndirildiyi maddədə inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulmasına, qeyd olunan kateqoriya işlərə məhkəmə tərəfindən dərhal baxılmalı olmasına baxmayaraq həmin protokol tərtib olunduğu gün yox, tərtib olunduqdan 1 gün sonra məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 24 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar