Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-410/2025 09.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (xxxxxxx), azərbaycanlı, evli, 1 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir.
2. Protokoldan görünür ki, Quliyev X2 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-351/2025 saylı icra sənədi üzrə 500 manat inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi vaxtdan icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
3. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu, X3 bildirmişdir ki, şəxs barəsində yaşayış sahəsindən çıxarılma ilə bağlı iş daxil olmuşdur. Könüllü yaşayış sahəsinin boşaldılması ilə tərəfə müddət verilmiş, sonra məcburi icra tədbirləri tərtib olunmuşdur. Polis əməkdaşları ilə birlikdə evi boşaltması barədə məlumat verilmişdir. Barəsində protokol tərtib edilmiş və 21 iyulda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Qərar 14 avqusta qanuni qüvvəsini almışdır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, imkanı olmadığından icra sənədini icra edə bilmir. İmkanının nəzərə alınmasını və protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir.
6. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-351/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə inzibati cərimə edilmişdir.
7. İş materiallarında olan İcra vərəqəsi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs bildiriş göndərilmişdir.
8. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-351/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə inzibati cərimə edilmişdir. Qeyd edilən qərar 14 avqust 2025-ci il tarixdə qüvvəyə minmiş və məhkəmə tərəfindən 23 avqust 2025-ci il tarixdə icraya göndərilmişdir.
9. İcra vərəqəsi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə isə Şəxs tələbin könüllü icrası haqqında bildirişi rəsmi şəkildə göndərilmişdir. Lakin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan müvafiq cərimə ödənilməmişdir.
10. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.
11. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
12. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
14. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.
16. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır.
18. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov