Məhkəmə qərarları › İş №3(078)-413/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-413/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-413/2024 28.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, dərzi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 28 oktyabr 2024-cü il tarixli, 37596/2022 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 14 fevral 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Şəxs 04 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında alimentin tutularaq 16 oktyabr 2010-cu il təvəllüdlü X6 və 28 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X7 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla qeyd olunan icra vərəqəsi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 16 oktyabr 2010-cu il təvəllüdlü X6 anası X3 alınıb onun yanında saxlanılması tələbi ilə məhkəməyə müraciət etdiyini, işin hal-hazırda icraatda olduğunu, 16 oktyabr 2010-cu il təvəllüdlü X9 aliment ödəməməsinə səbəbin uşağın 08 fevral 2024-cü il tarixdən özünün yanında yaşaması olduğunu, həmin vaxtdan etibarən də aliment ödəmədiyini, X11 ilə aralarında danışdıqlarını, məhkəmə qərarı ilə 16 oktyabr 2010-cu il təvəllüdlü X13 ona verildikdən sonra hər iki tərəfində aliment ödəməyəcəyi barədə razılaşdıqlarını, ancaq birinci məhkəmə iclası olduqdan sonra X5 16 oktyabr 2010-cu il təvəllüdlü X10 Türkiyəyə apardığını, uşağa 9 aydır özünün baxdığını, hal-hazırda 500 manat ödəniş etdiyini, uşaq öz yanında qaldığı vaxt onun bütün xərclərini özünün ödədiyini, bu halda aliment ödəməsinin düzgün olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında 16 oktyabr 2010cu il təvəllüdlü X6 fevral ayından borclunun yanında qalması ilə bağlı borclunun özü tərəfindən məlumat verildiyini, tələbkarın da inkar etmədiyini, ancaq bu barədə məhkəmə qərarı olmadan alimentin ödənilməsini dayandıra və yaxud xitam verə bilmədiklərini, fevral ayına kimi də 650 manat borcu olduğunu, hal-hazırda 3350 manat borcu olduğunu, 500 manatını ödədiyini, hər uşağa 150 manat ödəməli olduğunu, yığılmış borcun hər iki uşağa münasibətdə olduğunu, X5 alimenti tələb etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 14 fevral 2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Şəxs 04 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında alimentin tutularaq 16 oktyabr 2010-cu il təvəllüdlü X6 və 28 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X7 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2022 saylı, 14 fevral 2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 16 fevral 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-82/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 65/2022 nömrəli 14 fevral 2022-ci il tarixli qətnaməsi əsasında 14 fevral 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu xx.xx.1989-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs məcburi qaydada gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. İş materiallarında olan 26 avqust 2024-cü il tarixli məhkəmə bildirişindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında iddiaçı Şəxs cavabdeh X7 qarşı uşağın anadan alınıb atanın yanında saxlanılması tələbinə dair mülki iş vardır. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi 28 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə Şəxs tərəfindən X7 500 (beş yüz) manat miqdarında ödəniş edilmişdir. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Həmçinin məhkəmə onu da qeyd edir ki, borclunun və icra məmurunun məhkəməyə verdiyi izahatlarından 16 oktyabr 2010-cu il təvəllüdlü X6 08 fevral 2024-cü il tarixdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yanında qalması məlum olur. Eyni zamanda iddiaçı Şəxs cavabdeh X7 qarşı uşağın anadan alınıb atanın yanında saxlanılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin icraatında iş vardır. Belə olan halda məhkəmə hesab edir ki, uşağın valideynlərin hansının yanında qalması ilə bağlı mübahisə olduğundan həmin mübahisə həll edilmədiyi halda, həmçinin 16 oktyabr 2010-cu il təvəllüdlü X13 borclunun yanında qaldığı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment ödənilməsinin tələb edilməsi düzgün deyil. Qeyd olunan hallara baxmayaraq icra məmuru tərəfindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tərəfindən ödənişlər ödənildiyi müəyyən edilmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar