Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-413/2025 12.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 11 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 04 sentyabr 2025-ci il tarixli, 3-33-1100/2-004241/2025 nömrəli məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Qeyd olunan halların araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bortkompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, 03 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş və həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmçinin həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 04 sentyabr 2025-ci il tarixli Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən təyin edilmiş arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-nin nümayəndəsi, satınalma üzrə mütəxəssis X1 məxsus 055 *** ** ** nömrəli mobil telefonla 2 sentyabr 2025-ci il tarixdə saat 12:50 dəqiqədə əlaqə saxlanılaraq izahat vermək və inzibati xəta haqqında protokolla tanış olmaq üçün xx.xx.2025-ci ildə saat 10:30-da Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinə (312-ci otaq) dəvət edilmiş, X3 xx.xx.2025-ci ildə saat 10:30-da Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinə (312-ci otaq) gələrək müvafiq hərəkətlərdə iştirak etsə də heç bir səbəb göstərmədən inzibati xəta haqqında protokolu və digər sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə həmin arayışa münasibətdə belə qeyd edir ki, həmin arayış inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin bilavasitə özü tərəfindən tərtib edilmiş, "xxxx" MMCnin nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etməsi barədə başqa heç bir sübut inzibati xəta haqqında protokola əlavə edilməmiş, həmçinin hüquqi şəxsin nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokolu imzalamaqdan imtina edildiyi halda belə həmin inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-yə göndərilməli olduğu halda, həmin inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərilməmişdir. Ona görə də məhkəmə qeyd olunanları inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-413/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-413/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver