Məhkəmə qərarları › İş №3(078)-414/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-414/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-414/2024 29.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, 2 uşaq atası, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olub, Babək rayon Badaşqan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Daxil olmuş inzibati xəta haqqında protokola görə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı alimentin miqdarının sabit pul məbləğində artırılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-482/2017 nömrəli, 08 may 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş 13 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, işləmədiyi və maddi imkanı olmadığı üçün icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Pandemiya dövründə iş olmadığı üçün borcu vaxtında ödəyə bilməyib. Lakin hazırda borcunun çox hissəsini ödəyib və 100 manat aliment borcu qalır. 13 ildir aliment ödəyir və bu illər ərzində vaxtlı-vaxtında ödəməyə çalışıb. Lakin mövsümlə əlaqədar olaraq bəzən işin az olması, eyni zamanda ikinci evliliyindən olan övladının xərclərini qarşılamalı olduğundan bəzən alimenti ödəməkdə müəyyən çətinliklər və gecikmələr yaranıb. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, borclu haqqında Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədi icra edilmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda tələbkar da dəfələrlə aliment borcunun ödənilməsi ilə bağlı Şöbəyə müraciət edib. Cari ilin sentyabr ayında borclu dəvət edilərək izahatı alınmışdır. Həmin dövrdə borclu özü də etiraf etmişdir ki, 4600 manat aliment borcu var. Bu borc borclu Türkiyə Respublikasında işlədiyi zamanada əmələ gəlib. Tələbkarla borclu arasında olan razılaşmaya əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aylıq 300 manat ödəyəcəyi halda tələbkarın şikayəti olmayacaqdır. 300 manat ona görə ödənilir ki, aylıq 200 manat məhkəmə tərəfindən qət edilən aliment miqdarı, 100 manat isə qalıq borcdan çıxılmalıdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda təyin olunmuş 200 manat aliment məbləğini ödəsə də, qalıq 100 manatı ödəməkdən boyun qaçırır. Cari ilin sentyabr ayı bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment miqdarını ödəyərkən qalıq borcu bitənədək hər ay 300 manat məbləğində ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Lakin öhdəlik götürməyinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Həmin vaxt Naxçıvan Şəhər Məhkəməsinin qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Tələbkar isə yenə də Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borcunu tələb etmişdir. Tələbkar istər telefon vasitəsilə, istərsə də yazılı şəkildə çoxsaylı şikayət edərək övladını saxlamaqda çətinlik çəkdiyini və borcunun ödənilməsinin icra edilməyini tələb edir. İş materiallarına əlavə olunmuş 13 iyun 2017-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-482/2017 saylı, 08 may 2017-ci il tarixli qətnaməsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli, 2(078)-213/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 iyun 2007-ci il təvəllüdlü X1 və 31 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Şəxs hər ay bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi və Şəxs 30 (otuz) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmiş, qətnamə 13 iyun 2017-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 13 iyun 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 13 iyun 2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Kazımova X4 Şəhər Məhkəməsinin 2(078)-482/2017 saylı, 13 iyun 2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qalıq aliment borcunun 2022-ci ilin avqust ayından başlayaraq hər ay 200 (iki yüz) manat aylıq, 100 (yüz) manat isə qalıq borcundan ümumilikdə 300 (üç yüz) manat aliment ödəməsinə razı olduğuna dair ərizə vermişdir. Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı icra işində olan ödəniş qəbzlərindən, borclunun və icra məmurunun məhkəməyə verdiyi izahatlarından borclu tərəfindən tələbkara hər ay ödənişlər edildiyi, borclunun hərəkətsiz qalmadığı müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən və borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatlarından görünür ki, Şəxs tərəfindən aylıq ödənişlər həyata keçirilmişdir. Qeyd olunan aylıq ödənişlər həyata keçirildiyi halda icra məmuru tərəfindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tərəfindən aylıq ödənişlər ödənildiyi müəyyən edilmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar