Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-417/2023 01.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 5 uşaq atası, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 01 sentyabr 2023-cü il tarixli, 103 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 sentyabr 2023-cü il tarixli, 015801 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1415/2016 nömrəli, 25 noyabr 2016-ci il tarixli qətnaməsi əsasında verilmiş 06 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat miqdarında aliment tutularaq 20 may 2006-cı il təvəllüdlü X6 və 09 mart 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 ödənilməsi, artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən tutulması, Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-68/2019 nömrəli, 29 aprel 2019-cu il tarixli qərardadı əsasında verilmiş 27 iyun 2018-ci il tarixli icra sənədinə əsasən tərəflər arasında 29 aprel 2019-cu il tarixdə bağlanmış barışıq sazişinə əsasən cavabdeh Şəxs, iddiaçı X4 cavabdeh Şəxs qarşı “Aliment tələbinə” dair mülki iş üzrə iddiaçı X8 ilə birgə nikahlarından doğulan 09 iyun 2011-ci il təvəllüdlü X9, 18 oktyabr 2013-cü il təvəllüdlü X11 və 28 may 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə hər bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat məbləğində alimenti 24 yanvar 2019-cu il tarixdən hesablanmaqla iddiaçı X4 xeyrinə ödəməyi öhdəsinə götürmüş, qeyd olunan barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarlarla qeyd olunan icra vərəqələri üzrə icraata başlaılmış, tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1415/2016 nömrəli, 25 noyabr 2016-ci il tarixli icra sənədinə əsasən hər ay sabit məbləğdə bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat miqdarında aliment tələbkar X3 və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-68/2019 nömrəli, 27 iyul 2019-cu il tarixli icra sənədinə əsasən aylıq bir uşaq üçün 70 (yetmiş) manat olmaqla üç uşağa görə cəmi 210 (iki yüz on) manat məbləğində alimenti tələbkar X5 ödəməli olduğunu, həmin icra sənədinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın, tələbin könüllü icrası barədə bildirişin ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin bugünədək icra sənədlərində göstərilən aliment tələbləri üzrə tələbkarların xeyrinə tam ödəniş etmədiyini, 01 sentyabr 2023-cü il tarixə tələbkar X3 9074 (doqquz min yetmiş dörd) manat, digər icra sənədi üzrə tələbkar X5 isə 8970 (səkkiz min doqquz yüz yetmiş) manat məbləğində aliment borcunun yarandığını, yaranmış aliment borcunu tam ödəməyə maddi imkanının olmadığını, özünün hazırda X1 Məsuliyyətli Cəmiyyətində agent ekspeditor işlədiyini, 2 aya yaxındır ki, işə girdiyini, işə girmək üçün çox dövlət orqanlarına müraciət etdiyini, ancaq ondan sonra özünə iş tapa bildiyini, hazırda cəmi bir ay əmək haqqı aldığını, onun aylıq əmək haqqından uşaqlarına icra vərəqəsi üzrə aliment tutulmasını istədiyini, aylıq əmək haqqından başqa heç yerdən gəliri olmadığını, adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak olmadığını, maddi cəhətdən imkanı olmadığı üçün alimenti ödəyə bilmədiyini, əgər inizbati həbs tətbiq olunsa hazırki işini də itirəcəyini, ona köməklik edilərək icra tələbinin əmək haqqından tutulmasını istədiyini bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 09 yanvar 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1415/2016 nömrəli, 06 yanvar 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 03 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-68/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 02/170 nömrəli məktubundan aydın olur ki, Şəxs heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə X20 şəxsi Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 02/402 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 04/290 nömrəli məktubundan görünür ki, Şəxs mülkiyyətində daşınmaz əmlak yoxdur. İş materiallarına əlavə edilmiş icra işi üzrə sorğudan görünür ki, Şəxs X1 Məsuliyyətli Cəmiyyətində agent ekspeditor vəzifəsində işləyir və əmək haqqı 350 (üç yüz əlli) manatdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun bir müddət işsiz olması, heç bir gəlirinin olmaması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan və verilmiş sorğulara alınmış cavablardan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı icra işlərindən borclu tərəfindən tələbkarlara 28 oktyabr 2022-ci il tarixdə, 06 dekabr 2022-ci il tarixdə, 16 yanvar 2023cü il tarixdə, 27 aprel 2023-cü il tarixdə və 26 may 2023-cü il tarixdə ümumi borcdan ödənişlər edildiyi müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 43 və 43.1.2-ci maddəsinə əsasən məcburi icra tədbirləri qismində tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi göstərilmişdir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə yol verilir. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. İş materiallarına əlavə edilmiş icra işi üzrə Elektron sorğudan görünür ki, Şəxs işləyir və 350 manat məbləğində aylıq əmək haqqı alır. Qeyd olunan əmək haqqına tələbin yönəldilməsi qanunvericiliyin tələbinə əsasən mümkün olduğu halda icra məmuru tərəfindən tələb onun əmək haqqına yönəldilmədən inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-417/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-417/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver