Məhkəmə qərarları › İş №3(078)-425/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-425/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-425/2024 02.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə2, X4, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin nümayəndəsi Nümayəndə3 Sadiq oğlunun, həmin təşkilatın baş məsləhətçisi-hüquqşünas Nümayəndə1 Abdutalıb oğlunun iştirakı ilə, ünvan 1 ünvanında yerləşən VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 01 noyabr 2024-cü il tarixdə keçirilən reyd-yoxlama nəticəsində Naxçıvan şəhər Əziz Əliyev küçəsində yerləşən "xxxx" MMC-də əmələ gələn çirkab suların “Naxçıvançay” çayına axıdılması faktı müəyyən edildiyindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol həmin tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC-nin İcraçı direktoru Yusif Məmmədov 06 noyabr 2024-cü il tarixdə məhkəmənin elektron ünvanına vəsatət göndərmişdir. Y.Məmmədov başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə vəsatətində qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin məsul əməkdaşı tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında protokol”la "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. "xxxx" MMC barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə görə su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi sözügedən maddənin dispozisiyasında təsbit olunan inzibati xəta hadisəsi hesab edilir. "xxxx" MMC tərəfindən sözügedən maddənin dispozisiyasında ehtiva olunmuş hər hansı bir inzibati xəta hadisəsi törədilməmişdir. "xxxx" İdarəsi ilə "xxxx" MMC arasında “Su təchizatı və tullantı suları haqqında” Qanunun, eləcə də “Sudan istifadə Qaydaları”nın tələblərinə istinadən “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən tullantı suları yuxarıda sözügedən müqaviləyə əsasən Naxçıvan Sukanalizasiya” İdarəsinin kanalizasiya təchizatı sistemi vasitəsi ilə axıdılır. Cəmiyyət tərəfindən Naxçıvançayına hər hansı suyun, o cümlədən tullantı suyunun axıdılması halına yol verilmir və bu xüsusatı təsdiq edən heç bir sübut mövcud deyildir. xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında protokol” xidmətin məsul əməkdaşının heç bir sübuta və faktiki hala əsaslanmayan subyektiv və formal mülahizə əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənləri, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinin tələblərini rəhbər tutub Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin məsul əməkdaşı tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında protokol”la "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, "xxxx" MMC-də bölüm müdiri işləyir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə "xxxx" İdarəsi ilə "xxxx" MMC arasında “Su təchizatı və tullantı suları haqqında” Qanunun, eləcə də “Sudan istifadə Qaydaları”nın tələblərinə istinadən “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmışdır. Mərkəz tərəfindən müqavilənin şərtlərinə riayət olunur. Sonuncu dəfə akt tərtib olunarkən onları dəvət edən olmayıb. İddiaya görə tullantı Naxçıvançayla Babək kanalizasiyasının birləşdiyi əraziyə axıdılır. Sukanalizasiya İdarəsinin əməkdaşları tərəfindən baxış aparıldı. MMC-nin Babək yoxsa Naxçıvan sukanalizasiya xəttinə qoşulması haqqında dəqiq bir söz deyə bilmir. Əyləncə adasının 10-15 metr uzaqlığında qəza baş vermişdi. Həmin istiqamətdə çirkab suları axıdılır. Sadəcə həmin kanalizasiya sularının MMC tərəfindən axıdılması barədə dəqiq bilmir. Çünki günün istənilən saatlarında həmin ərazidə axıntı olur. Yəni MMC fəaliyyət göstərdiyi, yaxud istirahət saatlarında da axıntı var. Bu axıntının haradan qaynaqlandığını bilmir. Bütün bunlarda təmsil etdiyi MMC təqsirkar deyil. Video çəkilən vaxtda Əyləncə adasında cəmi 4 nəfər olub. Rəqəmlə müqayisə edəndə 4 nəfər üçün bu qədər axıntı ola bilməz. Çayın dibində qəza olub-olmamasının araşdırılması onların səlahiyyəti deyil. Bunu aidiyyatı qurumlar araşdırmalıdır. Ən azı ayda iki dəfə aidiyyatı quruma müraciət edir ki, kanalizasiya dolub. Niyə aidiyyatı təşkilat bunu kökündən həll etmir. Həmin sahə MMC-nin ərazisində 12-13 metr uzaqlıqda yerləşir. Təmizlənsə də, yenə həmin problem yaranır. Qaimə kəsilib. Həmin xərc ödənilib. Bir müddət sonra yenə Ekologiyadan gəldilər ki, problem var. Əyləncə adasının həyətində 3-4 ədəd su quyusu var. Qamışlarla örtülü sahədə yerləşir. Onu izləyib, müşahidə etmək mümkün deyil. Düzgün xidmət aparılmır. Həmin ərazidə üç restoran kafe fəaliyyət göstərir. Təbii ki, qab yuyalur yağ axıdılır. Lakin bu çaya deyil, kanalizasiyaya axıdılır. Bu günə qədər heç bir təşkilat onlara bildirməmişdir ki, yağın kanalizasiyaya axıdılmasının qarşısını alan təmizləyici qurğular qoymaq lazımdır. Təşkilatın heç bir təqsiri yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, onlar da MMC olaraq problemlə qarşılaşmaq istəməzlər. Ödənişlər vaxtlı-vaxtında olub. Müqavilə bağlanıb xidmət haqqı ödənilir. Problem varsa xidmət göstərilməlidir. Məhkəmə baxış iclasında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin nümayəndəsi Nümayəndə3 Sadiq oğlu verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixdə akt və həmin tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Akt tərtib olunub. Akt tərtib olunanda dəfələrlə Mərkəzin nümayəndəsi çağırılsa da gəlmirlər. Sonuncu akt xx.xx.2024-cü il tarixdə tərtib olunanda Mərkəzin nümayəndəsi çağırılmayıb. Lakin 02 dekabr tarixində də akt tərtib edilibdir. Hüquqi şəxsin nümayəndəsi dəvət edilib lakin iştirak etməyiblər. Tullantı suyunun Naxçıvançayına axıdılması bu gün də davam edir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin baş məsləhətçisi-hüquqşünası Nümayəndə1 Abutalıb oğlu izahatında bildirmişdir ki, Kanalizasiya xətti "xxxx" MMC-yə məxsusdur. Bu təqdim olunmuş videogörüntüdə də öz əksini tapır. MMC elə hesab edir ki, müqavilənin xərcini ödədisə, öhdəliyi bitir. Müvafiq sənədlər məhkəməyə təqdim edilib. Məhkəmədə şahid qismində izahat verən X10 izahatında bildirmişdir ki, "xxxx" İdarəsində işləyir. Bu xətt Babək magistral xəttinə qoşulub. O vaxt 2016-cı ildə çəkilib. X13 xətti onların sistemində görünmür. Sayğacı onlar qoyub. Su pulu onlara ödənilir. 06 noyabrda onlara müraciət edilib. Onlar da həmin gün baş vermiş nasazlığı aradan qaldırıb. Həddindən artıq çirklənmə vardı. Müraciət edildiyi təqdirdə baxılır. İstehlakçı onlara bildirməyib. Kanalizasiya xətti örtülü-torpağın altı ilə gedir. MMC Naxçıvan şəhəri ərazisində yerləşdiyi üçün sayğacı onlar qoşub. Akt yoxdur. Çünki inşaat gedən müddətdə çəkilib. Təmir-bərpa işlərinin aparılmasının ödənişini istehlakçı ödəməlidir. Müəssisə rəhbəri etməlidir. Bu “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında da qeyd olunub. Məhkəmədə şahid qismində izahat verən X11 izahatında bildirmişdir ki, "xxxx" İdarəsində sahə rəisi vəzifəsində işləyir. Yağıntılarla bağlı tutulma olur. Bu sahə üzrə 4 ilə yaxındır işləyir. Kanalizasiya tutulanda müraciət daxil olduğu təqdirdə onlar müdaxilə edir. Əks halda onlar bunu müşahidə edə bilməz. Tutulan hissə "xxxx" MMCnə aiddir. Babək xəttinə qoşulub. Mərkəz Naxçıvan şəhəri ərazisində yerləşdiyindən buna görə də müraciətlərə onlar baxır. MMC-dən axırıncı dəfə kiminsə akt tərtib edilməsi üçün çağırıldığını bilmir. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, "xxxx" İdarəsində mühəndis vəzifəsində işləyir. MMC-nin kanalizasiyası Babək kanalizasiyasına qoşulub. Müraciət edilməyib deyə problem aradan qaldırılmayıb. Naxçıvan şəhərində 30000 abonent var. Buna görə də bunu müşahidə etmək mümkün deyil. Gözlə müşahidə edildikdə də həmin quyunun ətrafı görünür. MMC-dən başqa həmin ərazidə heç bir abonentləri yoxdur. Tullantı ancaq yağlar, çirklərdir ki, kanalizasiya xəttinə axıdılır, tutulma olur və nəticədə çirkab suları çaya axıdılır. Halbuki yağın, digər axınıtların təmizlənməsi üçün müəssisələr qurğular qoymalıdır. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadəsini, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, 01 noyabr 2024-cü il tarixdə Naxçıvan şəhər Əziz Əliyev küçəsində yerləşən "xxxx" MMC-də əmələ gələn çirkab suların “Naxçıvançay” çayına axıdılması faktı aşkar edilmiş və hüquqi şəxsin nümayəndəsi birgə baxış keçirilməsi üçün həmin əraziyə dəvət olunsa da, gəlməkdən imtina etmişdir. Məhkəməyə sübut qismində təqdim edilmiş: xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə Naxçıvan şəhəri Ə.Əliyev 10 ünvanında yerləşən "xxxx" MMC (əyləncə adası) arasında su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ilə Naxçıvan şəhəri Ə.Əliyev 2 ünvanında yerləşən "xxxx" MMC arasında su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. 19 noyabr 2024-cü il tarixdə tərtib olunmuş aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin kanalizasiya xətti Babək rayon kanalizasiya xəttinə qoşulmuşdur, lakin kanalizasiya xəttində qəza baş verərək Naxçıvançaya axır. Qəzanın aradan qaldırılması üçün şəhər sukanalizasiya idarəsinə heç bir müraciət olunmamışdır. Həmin xəttdə tez-tez qəza baş verməsinin səbəbi kanalizasiya xəttinə bərk maddələrin (yağ axıntıları, salfetka və əski materialları) atılır. Xətdən yalnız "xxxx" MMC istifadə edir. 21 noyabr 2024-cü il tarixdə tərtib olunmuş 01 nömrəli aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin kanalizasiya xəttinə baxış zamanı xəttə mərkəz tərəfindən bərk maddələrin və həddən artıq yağlı maddələrin axıdıldığı, bu səbəbdən xəttin tutulduğu müəyyənləşdirilmişdir. Xətdə olan yad maddələr oradan təmizlənmiş, müvafiq qaydada hadisə yerinin fota və video çəkilişi aparılmışdır. X14, Ələsgərov Vəkil, Nümayəndə3 və Şahgəldiyev Elməddin adlı şəxslər tərəfindən imzalanmışdır. 02 dekabr 2024-cü il tarixdə tərtib olunmuş aktda qeyd olunmuşdur ki, həmin tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X3 Nəzarət Xidmətinin nümayəndəsi Nümayəndə3 Sadiq oğlu, Naxçıvan şəhəri üzrə məsləhətçi X1, "xxxx" İdarəsinin mühəndisi Hüseynov Ələsgər xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində təkrar yoxlama və baxış keçirərkən müəyyən olunmuşdur ki, "xxxx" MMC-də yaranan tullantı və çirkab suları təmizlənmədən birbaşa Naxçıvançaya axıdılır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən 07 noyabr 2024-cü il tarixdə verilmiş 207 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə onlayn kargüzarhq sistemindən daxil olan məlumata cavab olaraq bildirir ki, ‘'X17” (VÖEN-**********) Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti zamanı yaranan tullantı sulan tərəflər arasında bağlanmış və 01 mart 2024-cü il tarixdə yenilənmiş müqaviləyə əsasən Naxçıvan şəhər mərkəzi kanalizasiya sisteminə ötürülür. Bununla əlaqədar istehlakçıdan qəbul edilmiş hər 1 m3 tullantı suyuna görə ƏDV daxil 1 manat vəsait alınır. “X17” Məhdud Məsuliyyətli cəmiyyətinin fəaliyyət göstərdiyi dövr ərzində yaranan tullantı sularının daimi olaraq Naxçıvan şəhər mərkəzi kanalizasiya sisteminə qəbul edilməsi təmin edilmişdir.Tullantı sularının ətraf mühitə axıdılması və ya zərəri barədə idarəyə hər hansı məlumat daxil olmamışdır. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə işlə bağlı araşdırılma aparılması zərurəti yarandığından "xxxx" MMC tərəfindən kanalizasyon sularının hara axıdılması (yəni hansı idarənin balansında olması) barədə məlumat verilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan Sukanalizasiya İdarəsinə və Babək Rayon Sukanalizasiya İdarəsinə sorğu verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən 02 dekabr 2024-cü il tarixdə verilmiş 225 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqdar olaraq tikintisi başa çatmış və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 105 s sayılı sərəncamı ilə təhvil verilmiş obyektlərin siyahısında "xxxx" MMC-nin su xəttinin Naxçıvan Sukanalizasiya İdarəsinin balmsına verilməsi qeyd olduğu halda, obyektin kanalizasiya xəttinin balansa verilməsinə dair sərəncamda, eləcə xəritədə heç bir məlumat göstərilməmişdir. Eyni zamanda 28 oktyabr 1999-cu il tarixli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, ümumi istifadədə olan kanalizasiya sistemlərinə qoşulmuş kanalizasiya sistemlərinin və qurğuların texniki vəziyyəti insanların sağlamlığı üçün təhlükə yaratdıqda və əhəmiyyətli dərəcədə narahatlığa səbəb olduqda, tullantı suları kanalizasiya sistemlərindən sızaraq qrunt sularını çirkləndirdikdə, qeyd olunan işlərlə əlaqədar bütün xərclər obyektin sahibləri tərəfindən ödənilir. 17 iyul 2014-cü il Azərbaycan Respublikasının Nazirlər Kabinentinin “Sudan istifadə Qaydaları” haqqınada Qərarına əsasən İstehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar. Kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə Su Təchizatı və Kanalizasiya Müəssisəsinin texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə Su Təchizatı və Kanalizasiya Müəssisəsi tərəfindən yerinə yetirilə bilər. Naxçıvan Sukanalizasiya İdarəsinin sələfi olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 Cəmiyyət arasında 15 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında" Qanununa və Azərbaycan Respublikası Nazirlə Kabinetinin “Sudan istifadə Qaydaları”na qərarına uyğun olaraq müqavilə bağlanılmışdır. Sadalanan tələblərinə əməl olunmadığından 01 noyabr 2024-cü il tarixdə "xxxx" MMC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən MN ******* nömrəi inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun "xxxx" MMC tərəfindən törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsinə görə -su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılmasıdır. -su obyektlərinin zibillənməsi — su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi zərərli maddələrin kanalizasiya xəttinə axıdıldığını həmin ərazidə üç restoranın fəaliyyət göstərdiyini bildirmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta törətmiş hüquqi şəxsin su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmamış, bunun nəticəsində tullantı və çirkli su axıdılaraq su obyektlərinin çirklənməsi ilə nəticələnmişdir. Bu hal iş materiallarında olan videogörüntülərlə, fotoşəkillərlə, aktlarla öz təsdiqini tapmışdır. Buna görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyası həddində barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: ünvan 1 ünvanında yerləşən VÖEN nömrəsi ********** olan "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar