Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-427/2025 17.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı X3 iştirakları ilə, xx xxx 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx ), ailəli, 2 uşaq atası, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1981-ci il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:45-də Naxçıvan şəhəri ərazisində saxlanılmış, saat 15:00 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
2. Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Əliyev Maqsud oğlu məhkəmə iclasında verdiyi izahatında protokolu müdafiə etmiş və bildirmişdir ki, dünən günorta radələrində məlumat daxil olmuşdur ki, Şəxs narkotik istifadə edir. X6 Nazirliyinə gətirilmiş, hal və hərəkətlərində şübhələr yaranmışdır. Daha sonra narko-testən keçrilmiş və nəticədə marixuana istifadə etməsi aşkar olunmuşdur. Daha sonra yenidən gətirilmiş və izahatı alınmış və izahatında bildirmişdir ki, yaxın zamanda qızının toyu olmuşdur. Marixuana istifadə etməsini inkar edir, lakin bir neçə sual soruşmuş və yadına gəlmədiyini bildirmişdir. Özünün namaz qıldığını, əvvəllər əsgərlik zamanında istifadə etdiyini, sonra isə istifadə etmədiyini bildirmişdir. Protokolun təmin edilməsini məhkəmədənn xahiş etdi.
3. Barəsində inzibati protokol tərtib olunan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qızının toyu ilə bağlı Bakıya getmiş, qayıdanda polis əməkdaşları tərəfindən saxlanılmış və müayinəyə aparılmışdır. Testə marixuana müsbət çıxmışdır. Lakin, istifadə etmədiyini bildirmişdir. Evdə yaşlı anasının, xəstə bibisinin və qızının olduğunu, imkanının zəif olduğunu buna görə də az miqdarda cərimə olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir.
5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir.
6. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir.
7. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.
8. Qeyd olunanlardan da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddəni istehlak edib etməməsinin müəyyən edilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Qeyd olunan tibbi müayinə isə həkim-narkoloq həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən keçirilməlidir.
9. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 Narkologiya şöbəsinin müdiri həkim-narkoloq Azad Şükürlü tərəfindən 17 sentyabr 2025-ci il tarixdə verilmiş 438 nömrəli rəyə əsasən, Şəxs Epizodik həşiş narkomaniyası müşahidə edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) aşkar olunmuşdur.
10. Həmçinin, iş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 17 sentyabr 2025-ci il tarixli məktubuna əsasən THC (tetrahidrokannabinol) müsbət aşkar olundu. MET( -), AMP ( -), OPÍ ( -), BZO (-), COC (-), MDMA (-), MTD (-), TCА (-), РСР (-), ВAR (-) aşkar olunmadı.
11. 16 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 16 sentyabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur.
12. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
14. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.
15. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
16. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır.
17. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını, himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır.
18. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır.
19. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir.
20. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir.
21. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
22. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
23. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır.
24. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz ) manat miqdarında cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Aslan Heydarov.