Məhkəmə qərarları › İş №3(078)-43/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-43/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-43/2022 25.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işsiz, subay, üç uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Babək, ev 11 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan şəhəri, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs 25 aprel 2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, 23 aprel 2022-ci il tarixdə, saat 14 radələrində keçmiş həyat yoldaşı Şəxs onun yaşadığı Naxçıvan şəhəri, Xətai, döngə 1, ev 28 ünvanına gələrək ona qarşı fiziki güc tətbiq edib döydüyünü bildirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X3 tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 25 aprel 2022-ci il tarixdə 009935 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, birgə nikahdan 2 qız, 1 oğlan övladının olduğunu, 2020-ci ildə Zöhrə ilə yola getmədikləri üçün boşandıqlarını, övladlarının Zöhrə ilə birlikdə yaşadığını, aylıq 300 manat məbləğində alimenti övladlarına vaxtlı-vaxtında ödədiyini, 23 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Əliabad qəsəbəsində magistral yolundan kənarda Zöhrənin maşınını gördüyünü, anasının da maşında olduğunu, anasının ona “maşını saxla baxaq görək Zöhrənin nə problemi var” dediyini, maşını saxladığını, onu 1 nəfər tanımadığı oğlanla ağacın altında qucaqlaşmış vəziyyətdə gördüyünü, gördüklərini telefonu ilə çəkiliş edib ata anasına göstərmək istədiyini, sonra yerə düşüb özündən asılı olmayaraq ona “3 övladın var, bu nə hərəkətdir edirsən, uşaqlarından utan” dediyini, mübahisənin böyüdüyünü, anasına “gedək ata anasına etdiklərini deyək” deyib maşına anasını əyləşdirdiyini, onların yaşadıqları Xətai məhəlləsinə getdiklərini, Zöhrənin ata anasına gördüklərini bildirmək məqsədilə həyətə girdiklərini, həyətə girdikdə Zöhrənin, onunla olan oğlanın və anasının həyətdə olduğunu, səs-küy yarandığını, onlardan uşaqlarını tələb etdiyini, “uşaqlarımı bu tərbiyədə böyüdə bilməzsiz” dediyini, bu zaman Zöhrə və anasının ona tərəf bankaları çırpdığını və 1 bankanın başına dəydiyini, Zöhrənin anasının üstünə hücum çəkəndə onun qolundan tutub itələdiyini bildirdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs, 23 aprel 2022-ci il tarixdə, saat təxminən 14 radələrində şəxsi problemləri olduğu üçün Əliabad qəsəbəsində yol kənarında kölgəlikdə oturduğunu, problemləri olduğunu ailəvi dostları olan Sultan Haqverdiyevə bildirdiyini, Sultanın onun yanına gəldiyini, onu təsəlli etməyə çalışdığını, bu zaman yolda 1 maşın dayandığını gördüklərini, maşından keçmiş həyat yoldaşının və keçmiş qayınanasının ona hücum çəkdiyini, orada ona nalayiq ifadələr işlətdiklərini, Sultanın araya girdiyini, onu oradan uzaqlaşdırmağa çalışdığını, özünün Sultanla maşına əyləşdiklərini və yaşadığı ünvan 4 ünvanına getdiklərini, 1 neçə dəqiqə keçəndən sonra keçmiş həyat yoldaşı Vəli və anası Seyranın həyətə girib çığır-bağır etdiklərini, onu videoya çəkdiklərini bildirib şantaj etdiklərini, Sultanla aralarında nəsə olduğunu deyib təhqir etdiklərini, səs-küyə azyaşlı uşaqlarının, anasının, atasının və Sultanın həyətə çıxdığını, Vəlinin onu onların gözünün qarşısında vurduğunu, qolundan tutduğunu, sıxdığını və dartdığını, ağıza alına bilməyəcək şəkildə nalayiq ifadələrlə təhqir etdiyini, daha sonra onların sakitləşmədiyini görüb polisə müraciət etdiyini, polis əməkdaşlarının gəlib onları oradan uzaqlaşdırdığını, 25 aprel 2022-ci il tarixdə məsələnin araşdırılması ilə bağlı Şəxs şikayət etməyi qərara aldığını bildirdi. Мəhkəmə iclasında şahid X2, 23 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Zöhrə xanıma zəng edib harda olduğunu soruşduğunu, bəzi problemlərinin olduğunu və tək qalmaq istədiyini deyəndə təkidlə harda olduğunu öyrəndiyini, yanına getdiyini və Əliabad yolunun kənarında oturduğunu gördüyünü, yanına gedib yerdən qalxmadığını, ağladığını gördüyünü, bir də başını qaldırdığında bir qadına təhqir olunası sözlər sayaraq bizə tərəf gələrək “çək, tez çək, tutmuşam” dediyini gördüyünü, heç nə başa düşə bilmədiyini və bir kişinin maşından enib gəldiyini gördüyünü, oğlanın kameraya çəkdiyini və qadına nalayiq ifadələr işlədərək onunla Zöhrə xanımın üstünə gəldiyini, onların qarşısını almağa çalışdığını və araya girərək onların sakitləşmədiyini görüb Zöhrəni oradan uzaqlaşdırmaq qərarına gəldiyini, Zöhrənin maşınına mindiklərini, Zöhrə xanımgilin evlərinə tərəf yola düşdüklərini, yolda həmin şəxslərin kim olduğunu soruşduqda Zöhrə xanımın da ona həmin şəxslərin həyat yoldaşı olduğunu və qadının qayınanası olduğunu bildirdiyini, evə çatdıqdan bir neçə dəqiqə sonra qapının açıldığını və onların içəri girdiklərini, səs-küy salmağa başladıqlarını, Zöhrə xanımı yenə təhqir etməyə başladıqlarını, həyətdə əllərinə keçən əşyaları Zöhrə xanıma atmağa başladıqlarını, Zöhrə xanımın onları çıxarmağa çalışanda Vəlinin onu itələdiyini, qolundan tutaraq dartışdırdığını və divara çırpdığını, Zöhrənin onların həyətdən çıxmadıqlarını görüb polis əməkdaşlarına xəbər verdiyini, polis əməkdaşlarının gəlib hər iki tərəfi sakitləşdirdiyini bildirdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 52 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs sağ və sol bazusundakı, sol budundakı qançırlar və sol döş vəzi üzərindəki sıyrıq küt əşyanın təsirindən törənmişdir. Müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 25 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 25 aprel 2022-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 25 aprel 2022-ci il tarixdə verilmiş 1268 nömrəli icbari tibbi müayinə vərəqəsinə əsasən, Şəxs həmin tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “praktiki sağlam” diaqnozu müəyyən olunmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları və şahid ifadəsi ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. İşdə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 25 aprel 2022-ci il tarixdən, saat 13:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar