Məhkəmə qərarları › İş №3(078)-43/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-43/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-43/2025 21.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Babək rayon, Xəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, Şıxmahmud kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı Məhərrəmov Fikrət Yaqub oğlunun cavabdeh Şəxs qarşı pul tələbinə dair Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatındaicra sənədindən məlumatı olduğu, ona tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyatakeçiriləcəyi barədə xəbərdarlıq edildiyini, maddi imkanın zəif olmasına, atasının ağır xəstəliyinə, aliment ödəyicisi olmasına, həmçinin himayəsində 2 azyaşlı uşaq olmasına görə icra edə bilmədiyini, 3000 manat pul vəsaitini xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verdiyini, tələbkarın pulu götürməkdən imtina etdiyini, tələbi təmin etmədiyinə görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, xx.xx.2023-cü il tarixdə barəsində inzibati protokol tərtib edilərək 08 gün müddətinə inzibati qaydada həbs dildiyini, işsiz olduğunu, əlliliyinin, xəstəliyinin olmadığını bildirmişdir. Tələbi təmin etməyə maddi imkanının çatmadığını və ay sonu 3000 manat, aylıq hissə-hissə hər ay 300 manat ödəniş edəcəyinə söz verdiyini bildirmişdir. Bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Şəxs borcu ödəməkdən yayınır. Artıq ikinci dəfədir ki, inzibati protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 84000 (səksən dörd min) manat məbləğində pul alınaraq iddiaçı Məhərrəmov Fikrət Yaqub oğluna verilməsi, Şəxs 342 (üç yüz qırx iki) manat miqdarında dövlət rüsumu tutularaq Məhərrəmov Fikrət Yaqub oğluna ödənilməsi qət edilmiş icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixdə məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə tələbin könüllü icrası haqqında bildiriş verilmiş və borcun ödənilməsi ilə bağlı Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Şəxs 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada da həbs edilmişdir. xx.xx.2024-cü ildə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 21 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar