Məhkəmə qərarları › İş №3(078)-438/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-438/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-438/2023 19.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Babək rayon Şıxmahmud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işsiz, subay, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon Xəlilli kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, Z.Həmzəyev 3/16 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixdə Babək rayon, Şıxmahmud kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan X4 Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçmiş həyat yoldaşı Şəxs onu zorla kirayə yaşadığı evdə saxlayır. Onu döyür, xəyanət edir, onu pul tapmağa məcbur edir. X4 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 19 sentyabr 2023-cü il tarixdə 016213 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsdən üzr istədiyini, ona bir sillə vurduğunu bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X1 Ümid Elşən oğlu ilə 25 yanvar 2023-cü il tarixdə boşandığını və aralarındakı razılığa əsasən övladının atansının himayəsinə verdiyini, Ümidin zorla onu evdən götürüb kirayə apardığını, orada onu döydüyünü, borclarını ödəmək üçün pul tapmasına məcbur etdiyini, sonuncu dəfə təxminən 20 gün əvvəl onu vurduğunu, ayağında və kürəyində olan qançırların müxtəlif vaxtlarda Ümidin onu döyməsinin nəticəsi olduğunu, bir neçə vaxtdır ki, anası evinə getdiyini, övladına atasının baxdığını, Ümidin ona göstərdiyi şiddət nəticəsində özünü xəstə hiss etdiyini, onu bağışlamadığını, şikayətçi olduğunu və ağır cəza verilməsini xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən xx.xx.2023-cü il tarixli 1251 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər bədən səthi üzərində sol kürək nahiyyəsində və sağ bud nahiyyəsində qançırlar aşkar edilmişdir. Qançırlar küt əşyanın təsirindən törənmişdir, xəsarətin müddəti 20-25 gün əvvələ uyğun gəlir və sağlamlığa sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş 19 sentyabr 2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 19 sentyabr 2023-cü il tarixdə saat 14:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Babək Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli e-2(078)-41/2023 nömrəli qətnaməsindən məlum olur ki, həmin qətnamə ilə Şəxs ilə X4 arasında 30 iyul 2018-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış 181 nömrəli nikah qeydi pozulmuş və boşanmadan sonra tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü X7 atası Şəxs yanında saxlanılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü övladının Şəxs yanında saxlanılmasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmayan məbləğdə 350 manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar