Məhkəmə qərarları › İş №3(078)-438/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-438/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-438/2024 20.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Babək rayon, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 10 oktyabr 2024-cü il tarixdə Babək rayon, Cəhri qəsəbəsində yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində xx.xx.2024-cü il tarixdə təxminən saat 9-10 arası Cahan Ticarət Mərkəzində olarkən Şəxs adlı şəxslə bazarın şüşələrinə qanunsuz reklam vurduğuna görə və özünün də oranın təsərrüfat müdürünün köməkçisi olduğuna görə reklamları sökdüyünü, buna görə həmin şəxslə mübahisəsi düşdüyünü, ona qarşı nalayiq ifadələr işlədərək onu yumruqla vurduğunu, ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında mağazanın qarşısına plakat yapışdırdığını, rəhbərlikdən, müavindən və mühafizə rəisindən icazə aldığını, səhər gəldikdə plakatların söküldüyünü gördüyünü, dükana gəldiyini, Sərxanı sadəcə olaraq itələdiyini, bu zaman işçisinin də onların yanında olduğunu, icazə olmadan nəsə etmədiyini, Sərxanı vurmadığını bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında oktyabr ayının 2-də reklamların rəhbərlik tərəfindən sökülməsi tapşırıldığı üçün sökdüyünü, Xəyala da yapışdırmamasını, icazə almalı olduğunu dediyini, sonra Xəyalın yenə reklam yapışdırdığını, axşam yenə sökdüyünü, bu dəfə onun müdiriyyəti təhqir etdiyini, sonra Xəyalın onu mağazasına çağırdığını, özünün də getdiyini, bu zaman Xəyalın ona yumruq vurduğunu, bu zaman Xəyalın işçisinin onların yanında olduğunu, daha sonra polisə şikayət etdiyini, Xəyalı bağışlamadığını, ondan şikayətçi olduğunu qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 materialı istintaqın göndərdiyini, kamera görüntüsünün olmadığını, 1 ay tamam olduğunu, video görüntülərin artıq mövcud olmadığını, götürə bilmədiyini, görüntülərin əvvəl niyə götürülmədiyi barədə məlumatı olmadığını bildirdi. İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, 255 saylı canlı şəxsin ekspertizası ekspert rəyində qeyd edilmişdir ki, X3 bədən səthi üzərində aşağıdakı xəsarət: burnun ön səthində və üst dodaq nahiyyəsində şişkinlik və qızartı bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də yumruq zərbəsi nəticəsində əmələ gələ bilərdi, qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətləri olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş 20 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 20 noyabr 2024-cü il tarixdə saat 15:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal yoxdur. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı və iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar