Məhkəmə qərarları › İş №3(078)-447/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-447/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-447/2024 17.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin nümayəndəsi Nümayəndə2 və Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs (VÖEN **********) “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-də aparılmış araşdırma nəticəsində Mərkəzin 31 nəfər işçisinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” edilmədiyi müəyyən olunmuşdur. Bununla da “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ barəsində İXM-in 469.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında icraat aparılan “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə müəssisənin rəhbəri təyin edilmişdir. 04 oktyabr 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 tərəfindən Mərkəzdə yoxlama aparılmışdır. Göstərilmiş nöqsanların 70%-i aradan qaldırılmış, digər nöqsanlar isə daha sonrakı müddətdə həll edib və məlumat göndərilib. Mövcud nöqsanların onunla əlaqəsi yoxdur. Onun şəxsi ilə bağlı protokol tərtib olunaraq 1500 manat cərimə olunub. Həmin qərar 6-7 dekabrda ona göndərilib. Nöqsanların hamısı aradan qaldırılıb. Təqsirli olan şəxs o deyil. O təyin edildiyindən 4 gün sonra yoxlama gəlib. Nöqsanlar ondan əvvəlki rəhbərliyə aiddir. Məhkəmə baxış iclasında Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə1 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-də 04 oktyabr 2024-cü il tarixdə araşdırılma aparılmışdır. 31 nəfər işçinin sığortalanması təmin edilməyib. Mərkəzin nümayəndəsi onun şəxsinə protokol tərtib edildiyini deyir. Əlbəttə ki, protokol həm hüquqi şəxsə həm də Mərkəzin rəhbərinə qarşı tərtib olunmalıdır. “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 3-2/3-29/2024 tarixli məktuba əsasən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Sağlamlıq Mərkəzi publik hüquqi şəxsində çalışan əməkdaşların əmək hüquqlarının təmin olunması ilə bağlı aparılan araşdırma zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 18.3 cü maddəsinə uyğun olaraq 10 ştat vahidi “Əmək və məşğulluq” altsistemində vakansiya bankına daxil edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 45-ci maddəsinə əsasən iş yeri daimi xarakter daşıdığından işəğötürənlə 10 nəfər işçi arasında bağlanılmış əmək müqavilələri müddətsiz olaraq bağlanılmalı olduğu halda işçilərlə əmək müqavilələri müddətli olaraq bağlanılmışdır. İşəgötürənlə qanunvericiliyin tələbləri ilə bağlı aparılan maarifləndirici söhbətdən sonra həmin işçilərin əmək müqavilələri müddətlidən müddətsizə keçirilmişdir. Məcəllənin 108-ci maddəsinə uyğun olaraq iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzün günü qabağı iş gününün müddəti bir saat qısaldılmadığı müəyyən edilmişdir. Zərərli sahələrdə çalışan işçilər pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsullarla təmin edilməmişdir. Mühafizəçilər növbəlik iş rejimində çalışmalarına baxmayaraq sənədlər və “ƏMAS” üzrə iş saatları düzgün müəyyən edilməmişdir. Yazılı əmək müqavilələri üzrə bəndlər qanunvericiliyin tələblərinə uyğun doldurulmamışdır, (iş saatları, vəzifə funksiyaları, vəzifələr, əməyin mühafizəsi üzrə təlimatlandırmalar və məzuniyyətlə bağlı iş illəri), İşçilərin əməyin mühafizəsi üzrə təlimatlarından sadəcə ilkin təlimat keçirilmişdir, digər təlimatlar və biliyin yoxlanılması həyata keçirilməmişdir. 31 nəfər işçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaları təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası X1 Xidmətinin 04 oktyabr 2024-cü il tarixdə “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində çalışan əməkdaşların əmək hüquqlarının təmin olunması ilə bağlı aparılan araşdırma nəticəsində 04 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş Aktla bağlı məlumatda qeyd olunmuşdur ki, 04 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş Aktın birinci abzası ilə əlaqədar olaraq bildirilir ki, 10 ştat vahidi “Əmək və məşğulluq” altsistemində vakansiya bankına daxil edilmişdir. Müvafiq Aktın ikinci abzası ilə əlaqədar olaraq bildirilir ki, 10 nəfər işçi arasında bağlanılmış müddətli əmək müqavilələri müddətsiz əmək müqaviləsinə dəyişdirilmişdir. Müvafiq aktın üçüncü abzası ilə əlaqədar olaraq bildirilir ki, Məcəllənin 108-ci maddəsinə uyğun olaraq iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzün günü qabağı iş gününün müddəti bir saat qısaldılmışdır. Müvafiq aktın dördüncü abzası ilə əlaqədar olaraq bildirilir ki, zərərli sahədə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsullarla təmin olunması üçün büdcədə pul ayrılmadığından təmin olunmamışdır. Təmin olunması üçün növbəti ildən baxılması nəzrdə tutulur. Müvafiq aktın beşinci abzası ilə əlaqdədar olaraq bildirilir ki, mühafizəçilərin “ƏMAS” üzrə iş saatları növbəli iş saatına keçirilmişdir. Müvafiq aktın altıncı abzası ilə əlaqdədar olaraq bildirilir ki, nöqsan tutulan əmək müqavilələri 2007-ci il tarixlərində tərtib edilmişdir. Lakin, 2014- cü il tarixdən Nazirlər Kabinetinin müvaqif qərarına əsasən “ƏMAS” yaradılmış, müqavilələr sistem üzərindən həyata keçirilmişdir. Bütün müqavilələr “ƏMAS” üzərində qanunvericiliyin tələbinə uyğun olaraq doldurulmuşdur. Müvafiq aktın yeddinci abzası ilə əlaqdədar olaraq bildirilir ki, işçilərin digər təlimatlar və biliyin yoxlanılması üçün müvafiq jurnallar alınmış, doldurulmuş, təlimatlar tərtib edilmişdir, növbəti dövrdən biliyin yoxlanılması həyata keçiriləcəkdir. Müvafiq aktın səkkizinci abzasında qeyd edilən məsələ ilə əlaqədar olaraq bildirilir ki, “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində yeni işə götürülən işçilərin “İstehsalatda bəxdbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” ilə əlaqədar ödənişlərin həyata keçirilməsi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən müəyyən edilmiş əməliyyat günü icra edilməkdədir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs (VÖEN **********) “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar