Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-447/2025 26.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, Şikayət vermiş şəxs X1 Naxçıvan Muxtar Respublikası DİN-in X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:
1. Şikayət vermiş şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 327.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Şikayət vermiş şəxs X2 şikayətini əsaslandıraraq bildirmişdir ki, 09 sentyabr 2025ci il tarixdə Naxçıvan MR DİN-in X9 İdarəsi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmiş və 40(qırx) manat miqdarında cərimə etmişdir. Qərar ona rəsmi qaydada 04 oktyabr 2025-ci il tarixdə verilmişdir.Qərarda onun FORD D YÜK markalı 75BF902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi,əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi qeyd olunmuşdur.Qeyd edir ki,qərarda göstərilən inzibati xəta hadisəsi baş verməmişdir.Belə ki,taksi tərəfindən ona məxsus olan avtomobil vurulmuş və hadisə həmin şəxsin idarə etdiyi maşın tərəfindən törədilmişdir ki,bu da qərarda öz əksini tapmamışdır.Bunu fotoşəkillər bir daha təsdiq edir.
3. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X6 bildirmişdir ki, Adıgözəlov Xosrov döngədən çıxır və öz zolağı ilə gedir. Taksi isə onun sağ tərəfindədir. Taksi tam maşının qabağından keçən zaman, arxa sağ tərəfdən vurulur. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
Sübutların tədqiqi:
5. İş materiallarında olan 09 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətinə əsasən, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmiş və 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
6. Məhkəmənin sorğusu əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 İdarəsindən yol-nəqliyyat hadisəsinin sxemi və hadisə ilə bağlı video görüntülər təqdim edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi
7. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
8. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
9. Maddə 8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1); İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir(8.2); İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir(8.3).
10. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
11. Maddə 53.1.2. İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
12. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
13. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
14. Maddə 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
15. Maddə 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.
16. Maddə 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə şikayət verənin və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır.
18. Belə ki, qeyd edilən izibati xəta məhkəmə iclasında tədqiq edilərkən, təqdim edilmiş videoyazıya baxışdan müəyyən olundu ki, X2 idarə etdiyi FORD D YÜK markalı 75BF902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sağa dönmə əməliyyatını həyata keçirmiş, sağ zolaqda avtomobillər saxlandığı üçün hərəkətini orta zolaqla davam etdirmiş, Naz Lifan markalı, 75TA443 dövlət nömrə nişanlı avtomobil isə sol zolaqdan sağa doğru dönmə əməliyyatını həyata keçirdikdən sonra hərəkət zolağını düzgün seçməyərək FORD D YÜK markalı 75BF902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu zolağa keçmək istəmiş və nətciədə qəzanın baş verməsinə səbəb olmuşdur. Beləliklə də həmin halın baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilməmişdir.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli sayılmasına dair 09 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
20. Şərh olunanlara əsasən,
qəraraaldı:
X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli sayılmasına dair 09 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov